
Bakı. Trend:
May ayının 23-də Tacikistan Respublikasının Prezidenti Emoməli
Rəhmonun Azərbaycana etdiyi dövlət səfəri iki ölkə arasında
əlaqələrin inkişafı baxımından tarixi əhəmiyyət kəsb edən
hadisədir. Səfər çərçivəsində iki ölkənin dövlət başçıları arasında
nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə,
həmçinin təkbətək görüş əsnasında qarşılıqlı fəaliyyətlə bağlı
məsələlər geniş müzakirə edilib, sənaye kooperasiyası, humanitar
sahədə əməkdaşlıq üzrə iqtisadi xarakterli bir çox layihənin
reallaşdırılmasına dair hökumət üzvlərinə konkret tapşırıqlar
verilib. Ən önəmli məqamlardan biri də budur ki, Azərbaycan ilə
Tacikistan arasında Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalanıb.
Sənədlərin imzalanmasından sonra mətbuata bəyanatla çıxış edən
Prezident İlham Əliyev bildirdi ki, Bəyannamə qarşılıqlı
fəaliyyətin demək olar bütün sahələrini əhatə edir. Bu sənəddə
qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı
Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev tərəfindən
Azərbaycan-Tacikistan münasibətlərinin yüksək qiymətləndirilməsi
ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və
əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir: “Öz
çıxışında Prezident İlham Əliyev vurğuladı ki, bu gün Azərbaycan
ilə Tacikistan arasında mövcud olan qarşılıqlı əlaqələrin əsasında
çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə
qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Məhz bu zəmin
əsasında formalaşan dövlətlərarası münasibətlər hazırda ən yüksək
səviyyəyə çatıb. Dövlət başçımız bu günlərdə keçirilən Azərbaycanda
Tacikistanın Mədəniyyət Günlərinin ikitərəfli münasibətlərin
inkişafı və möhkəmlənməsi baxımından kəsb etdiyi əhəmiyyəti də qeyd
edib. Aparılan müzakirələrdə nəqliyyat sektoru xüsusi diqqət
mərkəzimizdə olub. Azərbaycan və Tacikistan Prezidentləri Orta
Dəhlizi və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizini
Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə
logistika əlaqələrinə dair məsələləri ətraflı nəzərdən keçiriblər.
Birmənalı olaraq demək olar ki, bu gün Azərbaycan-Tacikistan
münasibətləri öz inkişafının yeni, daha yüksək mərhələsindədir və
bu əlaqələr hər iki ölkənin milli maraqlarına xidmət edir”.





























