Bakı. Trend:
Malta Respublikasının Prezidenti Miriam Spiteri Debono Prezident
İlham Əliyevi təbrik edib.
Trend xəbər verir ki, təbrikdə deyilir:
“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Malta
xalqı adından və şəxsən öz adımdan Sizi və xalqınızı səmimi-qəlbdən
təbrik edirəm.
Diplomatik əlaqələrin qurulduğu 1995-ci ildən bəri ölkələrimiz
arasında qarşılıqlı hörmət və anlaşmaya əsaslanan davamlı dostluq
münasibətləri daha da möhkəmlənib. Ölkələrimiz arasında çox böyük
coğrafi məsafənin olmasına baxmayaraq, əminəm ki, Malta
Respublikası və Azərbaycan Respublikası bundan sonra da ikitərəfli
əməkdaşlığın möhkəmlənməsini dəstəkləyəcək. Bu, ölkələrimiz
arasında münasibətlərin 30-cu ildönümünə doğru irəlilədiyimiz bir
zamanda daha böyük əhəmiyyət kəsb edir.
Malta Şərq Tərəfdaşlığı kimi regional dialoq çərçivələri
vasitəsilə Azərbaycanla əməkdaşlığı davam etməyi səbirsizliklə
gözləyir. Bu, Avropa İttifaqı və onun Şərq tərəfdaşları, o cümlədən
Azərbaycan Respublikası arasında daha sıx konstruktiv əməkdaşlıq
istiqamətində nadir struktur olaraq qalır.
Beynəlxalq ictimaiyyətin bütün dünyaya öz təsirini göstərən
mühüm çağırışlarla üzləşdiyi bir vaxtda Malta Respublikası
çoxtərəfli və qlobal həlləri qəti şəkildə dəstəkləyir. BMT
Təhlükəsizlik Şurasının 2023-2024-cü illər üçün seçilmiş üzvü kimi
Malta çoxtərəflilik dəyərlərini qoruyub saxlamaq məqsədilə
beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına sadiq qalır.
Buna görə də ortaq maraq doğuran məsələlərin həlli məqsədilə
ölkələr arasında siyasi etimadın və iradənin həyata keçirilməsi
üçün fəal şəkildə səylərimizi davam etdirməyimiz vacibdir. Belə bir
dönəmdə Malta qlobal çağırışların qlobal həllərə ehtiyacı olduğuna
inanır.
Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və
əmin-amanlıq, ölkənizə isə davamlı sülh, tərəqqi və firavanlıq
arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş
edirəm”.





























