Advertisement

Qazaxın 4 kəndinin qaytarılması Azərbaycan Prezidentinin qətiyyətinin məntiqi nəticəsidir – Vüqar Rəhimzadə

Bakı. Trend:

Prezident İlham Əliyev daim çıxışlarında bu mühüm məqamı xüsusi
qeyd edir ki, dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər yeri
gəldi-gəlmədi yalnız zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər
üçün sanki qanun, beynəlxalq hüquq mövcud deyil. Belə olan halda
təbii ki, beynəlxalq hüququn normaları əsasında ədaləti bərpa
etməyə çalışan ölkələr haqlı olaraq bunu özləri təmin etməlidirlər.
Azərbaycan dövləti və onun nəyi, nə zaman, necə etməyi hamıdan
yaxşı bilən qətiyyətli lideri İlham Əliyev məhz bu prinsipi rəhbər
tutaraq son illər ərzində fəal işləyib və ədaləti öz gücümüz
hesabına bərpa etməyə nail olub.

Azərbaycan 30 ilə yaxın müddətdə dünya güclərindən artıq tarixin
arxivinə atılmış keçmiş Qarabağ münaqişəsinin həllinə ədalətli
yanaşma gözlədi. Bəs, əvəzində dünya gücləri nə etdilər? BMT
Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə erməni silahlı
birləşmələrinin işğal etdiyi ərazilərimizdən qeyd-şərtsiz
çıxarılması, həmçinin Qarabağın Azərbaycanın tarixi ərazisi olması
faktı öz əksini tapdığı halda münaqişənin həllində vasitəçilik
missiyasını yerinə yetirmək məqsədilə yaradılan, artıq dəfn edilmiş
amorf qurum olan Minsk qrupunun həmsədr dövlətləri əsassız, yalnız
özlərinin maraqlarına xidmət edən belə cəfəng fikir
səsləndirirdilər ki, işğalçının adı ilə çağırılması məsələnin
həllinə mane ola bilər. Guya bu addım birtərəflilik kimi qəbul
edilə bilər. Halbuki, həmin dövlətlər BMT Təhlükəsizlik Şurasının
daimi üzvləri kimi sözügedən qətnamələrin hazırlanmasında və
qəbulunda iştirak etmişdilər. Son nəticədə onların atdıqları hər
bir addımın üzərilərinə götürdükləri vasitəçilik missiyasına zidd
olması, fəaliyyətlərində neytrallıq prinsipinin qorunmaması,
problemə ermənilərin maraqları prizmasından baxmaları diqqətdən
kənarda qalmadı. Bu faktlar həmsədr dövlətlərin münaqişənin
həllində maraqlı olmamalarını təsdiqlədi. Artıq geridə qalmış 30
illik işğal dövrünə bu günümüzün reallıqları fonunda bir daha nəzər
salaraq belə bir həqiqəti təsdiqləmiş oluruq ki, keçmiş Qarabağ
münaqişəsinin beynəlxalq problemə çevrilməsi onun həlli prosesinin
uzanmasına səbəb oldu. Tərəflərin özünə qalsaydı münaqişə çoxdan
həllini tapmışdı. Necə ki, bu gün Qazaxın 4 kəndi heç bir vasitəçi
olmadan Azərbaycana qaytarıldı.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar
Rəhimzadə Trend-ə açıqlamasında bildirib.

O qeyd edib ki, keçmiş münaqişəni Azərbaycanın özü təkbaşına
həll etməsindən ötən üç ildən artıq dövr çağdaş tariximizin Zəfər
səhifələri ilə zənginləşdiyi dövrdür. Dövlətimizin başçısı,
Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında tarixi
Zəfərimizdən bəhs edərkən bu mühüm məqamı xüsusi qeyd edir ki,
müharibə olmaya da bilərdi. Möhtərəm Prezidentimizin bu çağırışı
Azərbaycanın hər zaman sülh tərəfdarı olduğunu təsdiqləyir. Qarabağ
münaqişəsinin həlli prosesinin 30 ilə yaxın uzanması da bunun bariz
nümunəsidir. Siyasətində hər zaman beynəlxalq hüquq normalarına,
haqq, ədalət prinsiplərinə söykənən Azərbaycan dövləti bu illər
ərzində sülh danışıqlarına önəm verərək məsələnin dinc yolla
nizamlanmasına çalışdı. Hətta 44 günlük İkinci Qarabağ
müharibəsinin getdiyi günlərdə belə Müzəffər Ali Baş Komandan İlham
Əliyev müharibənin hansı şərt daxilində dayandırıla biləcəyini
açıqladı. Təbii ki, burada söhbət işğalçı Ermənistanın
torpaqlarımızı konkret olaraq geri qaytarılması vaxtını
açıqlamasından gedirdi. Lakin havadarlarına arxalanan Ermənistan
həmişə olduğu kimi, yenə də sülhə gəlmədi. Nəticədə müstəqillik
tariximizin Zəfər səhifəsini yazan 44 günlük İkinci Qarabağ
müharibəsi Azərbaycanın hansı imkanlara malik olduğunu sübut etdi.
10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycanın
hərbi-siyasi Qələbəsinin, işğalçı Ermənistanın kapitulyasiyasının
təqdimatı oldu. Ağdam, Kəlbəcər, Laçın müharibəsiz Azərbaycana
qaytarıldı. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu, işin sonu
deyildi.

YAP Xətai rayon təşkilatının sədri ötən il aprelin 23-də Laçın
sərhəd-buraxılış məntəqəsinin yaradılmasını, sentyabrın 19-da
Silahlı Qüvvələrimizin birgünlük lokal antiterror tədbirlərini
həyata keçirməsini tarixi Zəfərimizdən sonra görülən işlərin,
qələbələrimizin davamı, bir sözlə, Prezident İlham Əliyevin
yuxarıda qeyd etdiyimiz fikrinin təsdiqi oldu. Bu tarixi
zəfərlərimizdən sonra da Azərbaycan hər bir məsələnin həllinə ilahi
ədalətə və beynəlxalq hüquqa söykənərək sülh yolu ilə nail olmağa
çalışsa da Ermənistanın havadarlarının göstərişləri əsasında
hərəkət etməsi vəziyyətin daha da gərginləşməsinə gətirib çıxarır.
Yuxarıda qeyd etdiyimiz mühüm məqamlar da bunun bariz nümunəsidir.
Bütün bunları aydın şəkildə görmək üçün Azərbaycan Ordusunun həyata
keçirdiyi bir günlük antiterror tədbirlərinə qədər gedilən yola
nəzər salmaq kifayətdir. Ermənistan törətdiyi təxribatlarla belə
bir addımın atılmasını zərurətə çevirdi. Lokal antiterror
tədbirləri nəticəsində separatçılar ərazilərimizdən tamamilə
çıxarıldı və suverenliyimiz tam bərpa edildi, ölkəmizin həyatında
yeni dövr başladı.

Vüqar Rəhimzadə vurğulayıb: “Atılan hər bir addım Prezident
İlham Əliyevin “Nəyi, necə və nə zaman etmək lazımdır, mən bilirəm”
çağırışının təsdiqidir. Dövlətimizin başçısının hər ilin əvvəlində
yerli televiziya kanallarına artıq ənənə halını alan müsahibələri
görülən işlərin, qazanılan uğurların əsasında qarşıdakı dövrün
hədəflərinin təqdimatı kimi dəyərləndirilir. Bu baxımdan Prezident
İlham Əliyevin bu ilin yanvarında yerli televiziya kanallarına
müsahibəsini xüsusi qeyd etməliyəm. Dövlətimizin başçısı sözügedən
müsahibəsində tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və
suverenliyimizin tam bərpasındən geniş bəhs edərək “Bu gün işğal
altında qalan səkkiz kəndin məsələsi daim gündəlikdədir” bəyan
etdi. Məhz bu çağırış hədəfə doğru atılan addımların aydın
təsəvvürünü yaratdı. Qısa zamanda bu hədəfə də nail olduq.
Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası
üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında
dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi
məsələləri üzrə Komissiyanın bu il aprelin 19-da keçirilən
səkkizinci görüşündə Qazaxın dörd kəndinin – Bağanıs Ayrım, Aşağı
Əskipara, Xeyrımlı və Qızılhacılının Azərbaycana geri qaytarılması
barədə razılıq əldə edildi. Mayın 24-də isə bu proses uğurla başa
çatdırıldı. Bu, qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan,
yenilməz Sərkərdə cənab İlham Əliyevin növbəti qələbəsidir.
Dövlətimizin başçısının qətiyyəti, tarixi ədalətə və beynəlxalq
hüquqa söykənən siyasəti zəfərlərimizin davamlılığını təmin edir.
Otuz ilə yaxın düşmən tapdağı altında qalan müqəddəs Azərbaycan
torpaqlarını addım-addım, qarış-qarış geri qaytaran Müzəffər Ali
Baş Komandan İlham Əliyevin zəfər müjdələri hər bir azərbaycanlını
qürurlandırır, xalqımızın yenilməzliyini, məğrurluğunu dünyaya
nümayiş etdirir. Prezident İlham Əliyev qeyri-anklav kəndlərin
qaytarılması məsələsini 2020-ci ildən qaldırmışdı. Məsələ daim
gündəlikdə saxlanıldı və ötən müddətdə bu istiqamətdə ardıcıl iş
aparıldı. Dövlətimizin başçısının qeyd etdiyi kimi, delimitasiya,
demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu,
növbəti zəfərimizdir”.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, bu uğura hər
hansı bir vasitəçi olmadan nail olduq. Bu, bir daha onu göstərir
ki, tərəflərin vasitəçiyə ehtiyacı yoxdur. Tarixi ədalət,
beynəlxalq hüquq hər bir məsələnin həllində əsas vasitəçidir.
Azərbaycanın tarixi Zəfərini, ərazi bütövlüyünün və suverenliyinin
tam bərpa edilməsini şərtləndirən amil məhz tarixi ədalət və
beynəlxalq hüquqdur. Biz heç kimin torpağına göz dikmirik. Eyni
zamanda, bir qarış torpağımızı belə heç kimə vermərik. Dövlət
başçısı “Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı
vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman
olacaqlar” bəyanatının davamı olaraq bu çağırışı da edir ki, sülhə
doğru gedirik, sərhədlərin delimitasiyası başlayıb. Nəinki
delimitasiyası, hətta demarkasiyası başlayıb. Buna iki ölkə
tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha
onu göstərir ki, bizə vasitəçi lazım deyil: “Xüsusən də o insanlar
ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar
bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə
müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq
istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan
verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın
şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu
bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma
vasitəsilə həll oluna bilər”.