
Bakı. Trend:
Fransa tərəfi əmin olmalıdır ki, Azərbaycana qarşı həyata
keçirdiyi kampaniya, səsləndirilən nalayiq ifadələr və təxribatlar
cavabsız qalmayacaq.
Trend xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat
katibi Ayxan Hacızadə Fransa tərəfinin Azərbaycanı “diktatura”
adlandırması məsələsi ilə bağlı yerli medianın sualını
cavablandırarkən deyib:
“Fransa tərəfi bu kimi məsuliyyətsiz və qəbuledilməz
açıqlamalara görə nəinki üzrxahlıq diləməyib, hətta Le Point və
digər bu kimi yerli Fransa mətbuatında Azərbaycana qarşı qarayaxma
kampaniyasını daha da genişləndirib. Bu ölkənin “demokratiya”
pərdəsinə bürünərək Azərbaycana qarşı həyata keçirdiyi kampaniya
Fransanın xarici siyasətinin uğursuzluğunun ört-basdır edilməsi
cəhdirir”, – A.Hacızadə bildirib.
O qeyd edib ki, bununla yanaşı, dünyaya “demokratiya dərsi”
keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları,
neo-kolonial siyasəti, irqçilik, diskriminasiya, islamofobia, insan
hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə
məlumdur.
“Buna görə də, Azərbaycanı “diktatura” adlandırmazdan əvvəl,
Fransanın bu fəaliyyətindən dərs çıxarması faydalı olardı. Fransa
tərəfi əmin olmalıdır ki, ölkəmizə qarşı həyata keçirdiyi
kampaniya, səsləndirilən nalayiq ifadələr və təxribatlar cavabsız
qalmayacaq”, – o deyib.





























