
Bakı. Trend:
Azərbaycan Respublikasının, Gürcüstan Respublikasını və Türkiyə
Respublikasının Xarici İşlər Nazirlərinin Doqquzuncu Üçtərəfli
Görüşünün Bakı Bəyannaməsinin mətni açıqlanıb.
Trend xəbər verir ki, Bakı Bəyannaməsində deyilir:
“Azərbaycan Respublikasının xarici işlər naziri, zati-aliləri
Ceyhun Bayramovun dəvəti və Türkiyə Respublikasının xarici işlər
naziri, zati-aliləri Hakan Fidan və Gürcüstanın xarici işlər
naziri, zati-aliləri İlya Darçiaşvilinin iştirakı ilə üç ölkənin
xarici işlər nazirlərinin Doqquzuncu Üçtərəfli Görüşü 15 mart
2024-cü il tarixində Bakıda keçirildi.
Nazirlər,
Ölkələri arasında dostluq və tarixi bağlar, qarşılıqlı hörmət və
etimada əsaslanan mövcud möhkəm əlaqələri vurğulayaraq;
Qarşılıqlı maraq doğuran bütün sahələrdə, o cümlədən siyasi,
iqtisadi, ticarət, sülh və təhlükəsizlik, elm və texnologiya və
mədəniyyət sahələrində strateji tərəfdaşlıq səviyyəsində
əməkdaşlığın daha da dərinləşdirilməsini arzulayaraq;
Regionda sülhün, sabitliyin və inkişafın təşviqinə dövlətlərinin
verdiyi əhəmiyyətli töhfələri və xalqlarının daha geniş regionda
müştərək rifah və təhlükəsizlik üçün bu idealları daha da irəli
aparmaq üçün qarşılıqlı istəyini nəzərə alaraq;
Yalnız bütün forma və təzahürlərdəki terrorizm təhdidləri, kiber
hücumlar və müharibənin hibrid formaları ilə məhdudlaşmayaraq,
ölkələrinin qarşılaşdığı çağırışların və yaranan təhdidlərin
fərqinə vararaq;
Regional iqtisadi profilin gücləndirilməsi üçün ticarət və
investisiya fəaliyyətlərinin sürətləndirilməsinin vacibliyini dərk
edərək;
Regionda dayanıqlı və güclü iqtisadi artım və inkişaf üçün təməl
daşı kimi regional bağlantının əhəmiyyətini qeyd edərək;
Münaqişədən zərər çəkmiş ərazilərinin yenidənqurulması və
bərpası səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəylik ifadə
edərək;
Sonuncu üçtərəfli toplantıdan sonra baş vermiş, 6 fevral 2023-cü
il tarixində Türkiyənin cənub-şərq bölgəsində minlərlə insanın
həyatına son qoyan və daha minlərlə insanın yaralanması ilə
nəticələnən və ağır dağıntılara səbəb olan iki dağıdıcı zəlzələ və
eləcə də son 6 ay ərzində Türkiyəyə qarşı törədilmiş silsilə terror
aktları ilə əlaqədar türk xalqı ilə bir daha həmrəylik ifadə
edərək;
Aşağıdakıları bəyan etdilər:
Dövlətlərinin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və
sərhədlərinin toxunulmazlığına güclü və birmənalı dəstəyini bir
daha təkrarladılar;
Dövlət sərhədləri daxilində Azərbaycan Respublikasının
suverenliyinin və ərazi bütövlüyünün tam bərpasını alqışladılar və
Azərbaycan Respublikası hökumətinin post-münaqişə dövründə bərpa və
yenidənqurma səylərinə dəstəklərini bir daha təsdiqlədilər;
Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyinin,
ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı
tanınması və onlara hörmət əsasında münasibətlərin normallaşmasına
öz dəstəklərini bir daha təsdiq etdilər, onların arasında
münasibətlərin tezliklə qurulmasının regional sabitliyə və
təhlükəsizliyə mühüm töhfə verəcəyindən və regionun əməkdaşlıq
potensialının tam reallaşmasına yol açacağından əmin olduqlarını
bildirdilər və bununla əlaqədar Gürcüstan və Türkiyənin region
ölkələri kimi müsbət rolunu qeyd etdilər;
Montrö Konvensiyasının və Qara dənizdə artan eskalasiyanın
uğurlu idarə edilməsində Türkiyənin bu konvensiyanı diqqətlə
tətbiqinin əhəmiyyətini bir daha qeyd etdilər;
Hərbi əməliyyatların dayandırılmasına gətirib çıxaracaq
təxirəsalınmaz atəşkəsin, Qəzzaya təcili, maneəsiz, dayanıqlı və
kifayət qədər humanitar yardım təchizatının və Yaxın Şərqdə daimi
sülhün bərqərar olmasına yönəlmiş həqiqi sülh prosesinin bərpasının
vacibliyi vurğulandı.
Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri
çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin bərpasının son
dərəcə vacib olduğunu bir daha qeyd etdilər;
Terrorizmin bütün forma və təzahürlərinə, transmilli mütəşəkkil
cinayətkarlığa, silahların, narkotiklərin və onların
prekursorlarının qanunsuz dövriyyəsinə, insan alverinə, miqrant
qaçaqmalçılığına, çirkli pulların yuyulmasına, mədəni və tarixi
irsə qarşı cinayətlərə və kibercinayətkarlığa qarşı mübarizə üçün
müvafiq beynəlxalq və regional sənədlərə uyğun olaraq əməkdaşlığı
gücləndirmək əzmlərini bir daha yenilədilər;
Transxəzər Şərq-Qərb Orta Dəhlizi, Azərbaycan, Gürcüstan və
Türkiyə ərazilərindən keçən dəmir yolu əsaslı multimodal nəqliyyat
dəhlizi də daxil olmaqla, ölkələrinin tranzit potensialının
gücləndirilməsi istiqamətində atılan mühüm addımları, habelə
beynəlxalq tranzit sisteminə inteqrasiya səylərini
vurğuladılar;
Dəmir İpək Yolunun bir hissəsi kimi Bakı-Tbilisi-Qars Dəmir
Yolunun (BTQ) və Marmaray layihəsinin Asiya və Avropa arasında
rəqabətli daşımaların asanlaşdırılmasındakı əsas rolunu
vurğuladılar;
BTQ-nin “Marabda-Kartsaxi” hissəsində bərpa, yenidənqurma və
genişləndirmə işlərinin erkən başa çatdırılmasının və dəmir yolu
xəttinin 2024-cü ildə yenidən tam istismara verilməsinin
vacibliyini vurğuladılar;
Nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafının
vacibliyini vurğuladılar;
Hava, dəmir yolu, yol əlaqələri və regional bağlantıların
təkmilləşdirilməsi və gücləndirilməsi vasitəsilə də olmaqla,
nəqliyyat, ticarət, yaşıl enerji və aşağı karbon texnologiyaları da
daxil, enerji və eləcə də insanlar arasında təmaslar, təhsil,
sosial və mədəni mübadilə, turizm və İKT sahələrində əməkdaşlığın
genişləndirilməsini qərara aldılar;
Enerji sahəsində strateji tərəfdaşlığı vurğuladılar və Cənub Qaz
Dəhlizinə (CQD), eləcə də təbii qazın həcminin artırılmasına
yönələn enerji layihələrinə olan tam dəstəklərini bir daha təsdiq
etdilər;
Bərpa olunan enerjidən səmərəli istifadə də daxil olmaqla,
dayanıqlı artım sahəsindəki tədbirlərinin koordinasiyasını
dəstəklədilər;
Təchizat təhlükəsizliyi, enerji sektorunun liberallaşdırılması,
bazarların yaradılması və/və ya idarə edilməsinə dair əməkdaşlığı
və bilik və təcrübə mübadiləsini təşviq etdilər;
Səmərəli və nəticə yönümlü layihələr vasitəsilə ümumi maraq kəsb
edən iqtisadi sahələrdə davamlı və gücləndirilmiş əməkdaşlığı
təsdiq etdilər;
Qarşılıqlı maraq doğuran sahələrə investisiyaları daha da təşviq
etməyə, habelə ixrac-idxal imkanlarının və iqtisadi əməkdaşlığın
təşviqi üçün yeni metodların araşdırılması daxil olmaqla, üç
dövlətin biznes dairələri, ticarət və sənaye palataları, eləcə də
sənaye və biznes assosiasiyaları vasitəsilə bu istiqamətdə birbaşa
əlaqələrin davam etdirilməsinə hazır olduqlarını bildirdilər;
Dövlətlərin, mümkün olduğu təqdirdə beynəlxalq təşkilatlarda
müvafiq namizədliklərini dəstəkləmək vasitəsilə də daxil olmaqla,
fəal əməkdaşlığını yüksək qiymətləndirdilər;
Üçtərəfli tədbirlər və layihələr vasitəsilə ölkələrin gəncləri
və idmançıları arasında dostluq, qardaşlıq və qohumluq bağlarını
möhkəmləndirmək istəklərini bəyan etdilər;
Azərbaycan Respublikasının 11-22 noyabr 2024-cü il tarixlərində
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu iclasına
(COP29) ev sahibliyinə seçilməsini alqışladılar.
Nazirlər görüşün uğurlu təşkilinə görə Azərbaycan
Respublikasının Xarici İşlər Naziri zati-aliləri Ceyhun Bayramova
dərin minnətdarlıqlarını ifadə etdilər.
Üçtərəfli görüşlərin mütəmadi keçirilməsinin vacibliyini
vurğuladılar və Onuncu Üçtərəfli Görüşün 2025-ci ildə qarşılıqlı
razılaşdırılacaq tarixlərdə Türkiyədə keçirilməsinə qərar
verdilər.
15 mart 2024-cü il tarixində, Bakıda, ingilis dilində
imzalandı
Azərbaycan Respublikasının
Xarici İşlər Naziri
Zati-aliləri Ceyhun Bayramov
Gürcüstanın
Xarici İşlər Naziri
Zati-aliləri İlya Darçiaşvili
Türkiyə Respublikasının
Xarici İşlər Naziri
Zati-aliləri Hakan Fidan”.





























