Advertisement

İran XİN-dən Tehrandakı səfirliyimizin yenidən fəaliyyətə başlamasına dair AÇIQLAMA

Bakı. Trend:

İran və Azərbaycan münasibətləri düzgün istiqamətdə
irəliləyəcək.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin
mətbuat katibi Nasir Kənani bu gün (27 may) Tehranda keçirilən
mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İran və Azərbaycan münasibətləri düzgün
istiqamətdədir.

Kənani bildirib ki, təbii olaraq Azərbaycanın Tehrandakı
səfirliyinin yenidən fəaliyyətə başlaması da ikitərəfli
münasibətlərin inkişaf etməsi çərçivəsində əldə olunan
razılaşmalardan biridir.

“İran tərəfi ümid edir ki, bu razılaşma da iki ölkə arasında
əldə olunan müştərək razılaşmalar çərçivəsində icra olunacaq”, –
deyə o bildirib.

Qeyd edək ki, ötən il yanvarın 27-də Azərbaycanın İrandakı
səfirliyinə silahlı hücum olub. Hadisə nəticəsində səfirliyin 1
əməkdaşı şəhid olub, iki əməkdaşı yaralanıb. Bundan sonra
Azərbaycanın Tehrandakı diplomatik missiyasının təhlükəsizliyinin
təmin edilməsi məqsədilə səfir və səfirlik əməkdaşları ölkəyə geri
dönüb. bu ilin mayın 17-də Azərbaycan XİN Azərbaycanın İrandakı
səfirliyinin yerinin dəyişdirildiyini açıqlayıb.

Bildirilib ki, ötən ilin yanvar ayında Azərbaycan səfərliyinə
qarşı törədilmiş terror hücumundan sonra İran tərəfi ilə
danışıqların əsas istiqamətlərindən biri səfirliyin
təhlükəsizliyinə tam təminatın verilməsi məsələsi ətrafında
olub:

“Son bir neçə ay ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti
qurumları arasında təmaslar və danışıqlar çərçivəsində ölkəmizin
gözləntiləri qarşı tərəfə çatdırılıb, səfirliyimizin daha
təhlükəsiz və səfirlik üçün zəruri olan bütün tələblərə cavab verən
yeni məkana köçürülməsi istiqamətində İran tərəfi ilə müvafiq iş
aparılıb. Aparılmış iş nəticəsində səfirliyin yeni məkanı artıq
müəyyən edilib”.

Qeyd edilib ki, hazırda qeyd edilən məkan və binada səfirlik
üçün zəruri şəraitin yaradılması məqsədilə müvafiq tədbirlər
görülür:

“Qeyd edilən işlər yekunlaşandan sonra səfirliyin yeni məkanda
fəaliyyətinin bərpa edilməsi planlaşdırılır”.