Advertisement

Əsl erməni məsələsi: Vazgen Nikola qarşı

Dünən Ermənistanda müxtəlif yaşayış məntəqələrindən
190 nəfər təxliyə edilib, xilasedicilər tərəfindən 73 nəfər xilas
edilib. Xilasedicilər 3 nəfər naməlum vətəndaşın cəsədini Sənahin
körpüsünün yaxınlığından çıxarıblar. 2 nəfər isə itkin
düşüb.

Lakin təbii fəlakət keşiş Baqrat Qalstanyana İrəvanda aksiyalara
yenidən başlamağa əsla mane olmayıb.

“Vətən uğrunda Tavuş” adlı hərəkatın “lider”i, Ermənistan
Həvariyun (Apostol) Kilsəsinin (EAK) Tavuş (Tovuzqala)
yeparxiyasının arxiyepiskopu Baqrat, yəni Vazgen Qalstanyan əslində
ölkə əslən Qarabağda olan ermənilərdən ibarət “qarabağlılar klanı”,
xarici ölkələrdəki erməni diaspor təşkilatları, habelə Rusiya və
İranın maliyyələşdirərək idarə etdikləri qruplardan ibarət
“koalisiya”nın rəhbəri kimi qələmə verilir.

Aprelin 19-da, Azərbaycanla Ermənistan arasında şərti dövlət
sərhədinin demarkasiyası və delimitasiyası prosesinə başlandığı gün
aksiyalara başlayan keşiş Baqrat konkret məqsədlərini
səsləndirmişdi.

O, Ermənistan parlamentində baş nazir Nikol Paşinyana impiçment
elan edilməsini, baş nazirin dərhal istefa verərək hakimiyyətdən
kənarlaşdırılmasını, növbədənkənar parlament seçkilərinin
keçirilərək yeni hökumətin formalaşmasını və yeni baş nazirin
seçilməsini tələb edirdi.

Vazgen Qalstanyan son ayyarım ərzində guya ölkə müxalifətinin
bütün düşərgələrinin və qüvvələrinin rəhbərləri ilə görüşlərlə
müzakirələr keçirdiyini, yeni baş nazir postuna namizədin
müəyyənləşdirilməsi üçün diskussiyaların aparıldığını bəyan
edirdi.

Vaxt ötdükcə bəlli oldu ki, keşiş Baqratın önə çıxaran
qüvvələrin əsas məqsədi sabiq prezident Robert Köçəryanın
hakimiyyətə qayıdışının təminatıdır.

Məhz bu məqsədlə Robert Köçəryanın tərəfdarları ilə daşnaklardan
ibarət “Ermənistan” franksiyası və sabiq prezident Serj Sarqsyanın
“Şərəfim var” fraksiyası Qalstanyana “tam dəstək” verdilər.

İlkin müəyyənləşdirilmiş ssenariyə görə, müxalifətin dağınıq və
zəif olduğu Ermənistanda kütlənin kilsəyə olan etibarından
sui-istifadə etməklə arxiyepiskop Baqrat kütləni ələ almalı, sonra
isə ermənilərə baş nazir postuna “ən layiqli namizəd”inq məhz
Robert Köçəryan olmasını təlqin etməliydi.

Anti-Paşinyan koalisiyasının təşkilatçıları və rəhbərləri kiçik,
amma real məqamı nəzərə almadılar: Ermənistanda Nikol Paşinyana
arşı qıcıq və antipatiya varsa, Robert Köçəryana ermənilərin
əksəriyyəti sadəcə, nifrət edir.

Məhzu bu səbəbdən “Vətən uğrunda Tavuş” hərəkatının ssenari
müəllifləri dünən taktikanı dəyişdilər.

Vazgen Qalstanyan dünən İrəvanın mərkəzindəki Respublika
Meydanındakı mitinqdə bəyan etdi ki, baş nazir olmaq
niyyətindədir.

Bununla da müvəqqəti fiqur, daha doğrusu, marionet olduğunu
təsdiqlədi. Zatən Qalstanyanı önə atanlar, Ermənistanda Paşinyana
qarşı sərt müxalifətdə duran bütün qüvvələri birləşdirmək,
yaranacaq kvazikoalisiyaya kilsəni, daşnakları və diasporu da cəlb
etmək, sonucda mütəhərrik və bitkin alyans formalaşdırmaq
istəyənlər məramlarını açıqladılar.

Plana görə, Vazgen Qalstanyan baş nazir postuna yiyələnməli,
sonra növbədənkənar parlament seçkiləri keçirilərək Robert
Köçəryanı dəstəkləyən “koalisiya” qalib gəlməli və baş nazir
səlahiyyətlərinə Köçəryan yiyələnməlidir.

Amma bu ssenari baş tutmayacaq və səbəblər sadədir:

1. Yolların bağlanması. Arxiyepiskop Baqratın başçılıq etdiyi
hərəkat paytaxt İrəvanda yolları bağlamaqla məqsədlərinə çatmağa
çalışır. Aksiya iştirakçıları şəhərin mərkəzi küçələrinndə
avtombilləri saxlayıb getməklə, zibil qutuları ilə “sədd”lər
yaratmaqla, hətta elektrik skuterlərini yola düzməklə hərəkəti
dayandırmağa çalışırlar. Halbuki belə aksiyalar zamanı yolu zibil
qutuları və ya atılıb gedilmiş avtomobillər yox, hakimiyyətdən
narazı insanlar kəsirlər.

2. Baş nazir postu arzusu. Arxiyepiskop Baqratın dediyinə görə,
siyasi fəaliyyətlə “azad və qanuni şəkildə məşğul olmaq üçün” din
xadimi statusunu dondurub, Kanada vətəndaşlığından da imtina edib.
Halbuki Eçmiədzinin bu gün yaydığı rəsmi bəyanatda deyilir: “Baqrat
Qalstanyanın kilsə-inzibati xidmətinə son qoyulub, amma onun
arxierey rütbəsi saxlanılıb”. Yəni Baqrat hələ də keşişdir və
Ermənistanın mövcud qanunvericiliyinə görə, dünyəvi hakimiyyətə
başçılıq edə bilməz.

Üstəlik, o, hələ də Kanada vətəndaşıdır. Kanada vətəndaşlığından
imtinası rəsmiləşsə belə, Ermənistan Konstitusiyasına görə, baş
nazir postuna namizəd ola bilməz. Bunun üçün o, ölkədə keçirilən
parlament seçkilərində deputat mandatına yiyələnməli, daha sonra
parlament üzvlərinin riyazi çoxluğu tərəfindən baş nazir postuna
namizəd irəli sürülməlidir.

Arxiyepiskop Baqrat və ya Vazgen Qalstanyan son 5 il ərzində
Ermənistanda yaşamadığından, Konstitusiyanın tələblərinə uyğun
olaraq, deputat seçilmək üçün 4 il gözləməlidir.

… Əgər kimsə klerikal şüuru ilə düşünürsə ki, qanunları
pozaraq və kilsə ilə “qarabağlılar klanı”nın təşkilati, erməni
diasporununsa maliyyə dəstyi ilə Ermənistanda hakimiyyəti qəsb edə
bilər – dərin yanlışolığa yol verir.

Nikol Paşinyan hazırda malik olduğu səlahiyyətlərdən asanlıqla
əl çəkən və hakimiyyəti də bəsit formatda təhvil verən deyil. Tam
əksinə, Ermənistanda iqtidarda olan qüvvə bütün imkanlarını
səfərbər edərək, potensialından və inzibati rıçaqlarından maksimum
yararlanaraq özünümüdafiə ilə məşğuldur.

Arxiyepiskop Baqrat, yəni Vazgen Qalstanyan bu gün bəyan edib
ki, Nikol Paşinyanın hakimiyyətdən kənarlaşdırılması uğrunlda
aksiyalar üçüncü, son mərhələyə qədəm qoyub.

Onun sözlərinə görə, son mərhələ Ermənistan sakinlərinin kütləvi
vətəndaş itaətsizliyindən ibarət olmalıdır.

Bu çağırış da irreal və emosionaldır, çünki sel və daşqınların
yaşandığı Ermənistanda əyalətlərdə əsas problem təbii fəlakətin
fəsadlarının aradan qaldırılmasıdır.

Delimitasiya və demarkasiya prosesinin, yekun sülh
danışıqlarının dayandırılması ilə bağlı tələblər isə ümumiyyətlə,
absurddur. Belə olarsa, Ermənistanın perspektivləri ermənilər üçün
olduqca təhlükəli hal ala bilər.

Subregional geosiyasi oyunçulara gəldikdə isə, Ermənistanda
hazırda yaşanan proseslər Qərbi dərindən narahat edirsə, İranı da
qayğılandırmağa başlayıb.

Radikal, aqressiv və revanşist qüvvələrin Ermənistanda
aktivləşməsi Cənubi Qafqaz bölgəsində maraqları olan dövlətlərin
heç birinin mənafeyinə cavab vermir.

Keşiş Baqrat, yəni Vazgen Qalstanyanla onun sahibləri bu
məqamları bilməmiş deyillər.

Bilib belə davranırlarsa, onların hansısa siyasi fəhmindən,
strateji düşüncəsindən danışmaq yersizdir.

Tamamən mənasız və yersiz.