Bakı. Trend:
2024-cü ilin daimi seçicilər siyahısının tərtib edilməsi və
dəqiqləşdirilməsi başa çatıb.
Trend-in məlumatına görə, bu gün Mərkəzi Seçki Komissiyasının
(MSK) üzvləri media təmsilçilərinin də iştirakı ilə MSK-nın
inzibati binasında vahid seçicilər siyahısının yenidən tərtib
edilmiş variantına baxış keçirib və siyahıların saxlanma şəraiti
ilə tanış olublar.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə əsasən
hər il yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə vahid
seçicilər siyahısının tərtib edilərək dəqiqləşdirilməsinə
başlanılır. Seçici siyahıları qanunvericiliklə müəyyənləşdirilmiş
qaydada ilk növbədə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə
qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki
hüququna malik olan seçicilər barədə təqdim etdikləri məlumatlar
əsasında məntəqə və dairə seçki komissiyaları tərəfindən tərtib
olunur və Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilir.
Bu istiqamətdə lazımi addımlar atıldıqdan və zəruri işlər
görüldükdən sonra seçici siyahıları aidiyyəti üzrə aşağı seçki
komissiyaları tərəfindən təsdiqlənir və dövlət avtomatlaşdırılmış
informasiya sistemindən də istifadə olunmaqla ictimailəşdirilir.
Sözügedən prosesə bütövlükdə may ayının 30-dək yekun vurulur.
Cari il seçicilər siyahısının dəqiqləşdirilməsinə başlanılması
2024-cü il fevralın 7- də keçirilən növbədənkənar Azərbaycan
Respublikası Prezidenti seçkiləri ərəfəsinə təsadüf etdiyindən, MSK
vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasında
mühüm əhəmiyyət daşıyan seçici siyahılarının dəqiqləşdirilməsini
əsas prioritetlərdən biri kimi diqqətdə saxlayaraq prosesləri daha
da intensivləşdirdi və qanunvericiliyin tələblərinə uyğun qaydada
ardıcıl, sistemli tədbirlər həyata keçirdi.
Belə ki, seçici siyahılarının dəqiqləşdirilməsi müddətində
fərqli üsullarla silsilə təşviqat kampaniyası gerçəkləşdirildi,
MSK-nın hazırladığı video və audio çarxlar televiziya və radio
yayımçıları, Komissiyanın rəsmi internet səhifəsi, onlayn media
portalları və sosial media platformaları vasitəsilə müntəzəm
nümayiş etdirilərək geniş miqyasda ictimailəşdirildi. O cümlədən
birgə layihə çərçivəsində ilk dəfə “ASAN xidmət” mərkəzlərində
yerləşən smart monitorlara seçici siyahılarına dair xidmət əlavə
olundu ki, bu effektiv vasitə seçicilərə öz məlumatlarını yoxlamaq,
düzəlişlərə ehtiyac yarandıqda yerindəcə sadə üsulla operativ
şəkildə MSK-ya müraciət ünvanlamaq, habelə səs verəcəkləri
məntəqəyə dair informasiya əldə etməyə imkan yaratdı.
Sadalanan məqsədyönlü layihələrlə yanaşı, dəqiqləşdirmə
prosesində seçicilərin fəallığı, informasiya-kommunikasiya
texnologiyalarının və media qurumlarının imkanlarından geniş
istifadə olunması da görülən işlərin səmərəliliyinin
yüksəldilməsində və siyahıların daha təkmil hazırlanmasında
əhəmiyyətli rol oynadı. Onu da qeyd etmək lazımdır ki, aşağı seçki
komissiyalarının otuz səkkiz mindən artıq üzvünün cəlb olunduğu
dəqiqləşdirmə prosesi Daxili İşlər Nazirliyi və Ədliyyə
Nazirliyinin müvafiq orqanları, yerli icra strukturları və
bələdiyyə qurumları ilə sıx əməkdaşlıq şəraitində
reallaşdırılırdı.





























