Advertisement

Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Bakı. Trend:

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə təbrik məktubu
ünvanlayıb.

Trend xəbər verir ki,
təbrikdə deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Əziz Qardaşım.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və
Sizin şəxsinizdə qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik
etməkdən məmnunluq duyuram.

Sizin kimi müdrik, vətənpərvər və fədakar liderin, görkəmli
siyasətçi və dövlət xadiminin rəhbərliyi ilə Azərbaycanın ərazi
bütövlüyü tam bərpa olunmuş, tarixi ədalət bərqərar edilmişdir.

Ölkənizdə həyata keçirilən genişmiqyaslı daxili və xarici
siyasət, iqtisadi və sosial islahatlar bu gün öz bəhrəsini verir,
Azərbaycanın beynəlxalq aləmdə etibarı və nüfuzu durmadan
yüksəlir.

Xüsusilə vurğulamaq istərdim ki, biz Azərbaycan və Özbəkistan
arasında yaranmış, qardaş xalqlarımızın ümumi məqsəd və istəklərinə
tam uyğun gələn sıx əlaqələri xüsusi qiymətləndiririk.

Sizinlə fəallaşan açıq və səmərəli dialoqlarımız, eləcə də
danışıqlarımız zamanı əldə edilmiş mühüm sazişlər və irimiqyaslı
layihələr, təsdiq edilmiş “yol xəritələri”nın tam həyata
keçirilməsi, şübhəsiz ki, strateji tərəfdaşlığımızı tamamilə yeni
səviyyəyə qaldıracaqdır.

Hörmətli İlham Heydər oğlu, əminəm ki, yaxın gələcəkdə
çoxtərəfli formatlar çərçivəsində bənzərsiz Azərbaycan torpağına
yüksək səviyyəli səfərlərimiz hərtərəfli tərəfdaşlığımızın daha da
dərinləşməsinə xidmət edəcəkdir.

Daha əvvəl Sizinlə razılaşdığımız kimi, kimya, neft-qaz,
mədənçilik, energetika, elektrotexnika, zərgərlik, maşınqayırma,
əczaçılıq, tikinti materialları və bank-maliyyə sahələri daxil
olmaqla 10 yeni istiqamətdə tərəfdaşlığın gücləndirilməsinə yönələn
böyük planlarımızın tam şəkildə reallaşacağına əminəm.

Bizim möhkəm siyasi iradəmiz və birgə səylərimiz sayəsində
qarşılıqlı faydalı və uzunmüddətli tərəfdaşlığımız qardaş
xalqlarımızın ümumi inkişafı naminə bundan sonra da davamlı şəkildə
inkişaf edəcəkdir.

Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı, ailə
səadəti, Vətəninizin inkişafı naminə fəaliyyətinizdə böyük
müvəffəqiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq,
davamlı tərəqqi və firavanlıq arzulayıram”.