
Bakı. Trend:
Azərbaycan həmişə İnkişaf etməkdə olan kiçik ada dövlətləri ilə
həmrəy olub, onların legitim maraqlarını və narahatlıqlarını
müdafiə edib.
Trend xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham
Əliyevin Kiçik Adalar üzrə İnkişaf etməkdə olan Dövlətlərin
“Dayanıqlı inkişaf üçün istiqamətin müəyyən olunması” mövzusunda
Antiqua və Barbudada keçirilən 4-cü Beynəlxalq Konfransının
iştirakçılarına müraciətində yer alıb.
Azərbaycanın Qoşulmama Hərəkatına dörd illik sədrliyi dövründə
Hərəkatın gündəliyinin irəli aparılması üçün səy göstərdiyini
vurğulayan dövlətimizin başçısı qeyd edib: “Qoşulmama Hərəkatına
sədrlik Azərbaycana təşkilatın bütün üzv dövlətlərinin, o cümlədən
İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarını və
narahatlıqlarını daha yaxşı anlamaq üçün imkan yaratdı”.





























