
“Ermənistanda hakimiyyətə qarşı çevriliş cəhdi və ya
ölkəyə kənardan hücum olarsa, Fransa Ermənistana qoşun
yollamayacaq. Bunu birdəfəlik bilmək gərəkdir. Fikrimcə,
Ermənistanın hakimiyyəti Rusiya ilə prioritet strateji əhəmiyyət
daşıyan əlaqələri bərpa etməlidir”.
Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun Büro üzvü, Fransa
Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad
Papazyan belə deyib.
Onun fikrincə, baş nazir Nikol Paşinyan istefa verməli,
hakimiyyəti tərk etməlidir və xarici ölkələrlə münasibətlərə
yenidən baxılmalıdır.
“Ermənistanda anti-Rusiya mövqeli və düşüncəli hakimiyyət
olmamalıdır. Bu gün xəritəyə baxsanız, görərsiniz ki, Ermənistan
düşmənlərlə əhatə olunub. Biz isə malik olduğumuz dostumuzu və
tərəfdaşımızı düşmənimizə çevirdik.
Bir daha deyirəm: böyük təhlükə yaranarsa, Fransa Ermənistana
sadəcə hərbi yardımlar edəcək, amma qoşun yollamayacaq. Bu səbəbdən
indi düşmənə çevirdiyimiz əvvəlki tərəfdaşlarımızla əldaqələri
bərpa etməli, Qərblə əlaqələri möhkəmləndirməli, Hindistan və Çinlə
münasibətləri genişləndirməli, ağıllı və müdrik siyasət
yürütməliyik”, – Murad Papazyan söyləyib.
M.Papazyan Fransadakı erməni icması ilə yanaşı, Qərb
ölkələrindəki erməni diaspor strukturlarının ən önəmli
mənsublarından biridir.
2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gətiriləndən sonra
Fransadakı erməni icması ilə onun münasibətləri normal idi. Hətta
sıx əlaqələrin yaranması işartıları da vardı: xüsusilə də
N.Paşinyanın Frankofoniya Sammitindəki çıxışından sonra Fransadakı
erməni təşkilatları ona az qala mədhiyyələr ünvanlayırdılar.
Lakin sonradan N.Paşinyan erməni diaspor təşkilatlarının
Ermənistanın daxili işlərinə sürəkli müdaxilə etməyə
çalışdıqlarını, hətta siyasi və diplomatik qərarların qəbuluna
təsir etməyə cəhd göstərdiklərini görəndə Parisdəki erməni
strukturları ilə əlaqələri sərinləşdirdi, təmasların intensivliyini
azaltdı.
44 günlük İkinci Qarabağ Müharibəsinin ermənilərin
kapitulyasiyası ilə başa çatmasından sonra Fransadakı erməni icması
N.Paşinyanı “xəyanətkar və satqın” elan etdi.
İş o yerə çatdı ki, Cənubi Qafqazda geosiyasi planlarını
reallaşdırmaq məqsədilə Ermənistandan vasitə qismində istifadə
etməyi regional geostrategiyasına daxil etmiş Fransa prezidenti
Emmanuel Makron işə qarışdı.
Nikol Paşinyanın Fransaya rəsmi səfəri zamanı məhz E.Makronun
vasitəçiliyi ilə onun Murad Papazyanla görüşü baş tutmuşdu.
E.Makronun məqsədi N.Paşinyanla M.Papazyanı barışdırmaq, rəsmi
İrəvanla Fransadakı erməni diasporu arasındakı sərinliyi və
qarşıdurmanı aradan qaldırmaqdı.
Bəlkə də, baş tuta bilərdi, amma ötən ilin sentyabrın 19-da
Azərbaycan ordusunun lokal antiterror tədbirlərindən sonra
Fransadakı ermənilər birmənalı olaraq Nikol Paşinyanı “xəyanətkar”
adlandırdılar. Səbəb – Xankəndindəki separatçı-terrorçu xunta artıq
tarixə qovuşurdu.
Baş verənlər Murad Papazyanı, daşnakları və Fransadakı erməni
icmasını məyus etməklə yanaşı, həddən ziyadə qəzəbləndirmişdi,
çünki Xankəndindəki xunta onların onillər boyu siyasi məqsədlər
üçün istifadə etdikləri struktur idi. Eyni zamanda, “qarabağlı
ermənilərə yardım” adı ilə hər il on milyonlarla dollar toplanır,
həmin pulların çox kiçik qismi Xankəndində və Ermənistana
göndərilir, yerdə qalan hissəsi Fransadakı erməni diaspor
təşkilatlarının rəhbərləri tərəfindən mənimsənilirdi.
Qarabağlı erməni separatizmi Fransadakı erməni diasporuna “Böyük
Ermənistan” xülyası müstəvisində Erməni Həvariyun (Apostol) Kilsəsi
(EAK) ilə birlikdə, konsolidə edilmiş şəkildə fəaliyyət göstərmək
və erməni keşişlərdən siyasi məqsədlər üçün yararlanmaq baxımından
da olduqca “rahat” mexanizm sayılırdı.
Xankəndindəki xunta tarixə qovuşandan sonra Fransanın Cənubi
Qafqazda təsir vasitələrinə, Azərbaycan-Türkiyə tandeminə qarşı
“müqavimət” nəsnələrinə yiyələnmək istəyi Ermənistana Avropa
İttifaqının Müşahidə Missiyasının (EUMA) göndərilməsi təklifinin
məhz rəsmi Paris tərəfindən az qala panaseya kimi təqdimatına səbəb
oldu.
Emmanuel Makron regionumuzla bağlı planlarında Ermənistana
əlahiddə yer ayırıb və bu səbəbdən də aprelin 5-də Brüsseldə ABŞ-ın
dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula
fon der Lyayen və Nikol Paşinyan arasındakı görüş rəsmi Parisin
ümidlərini daha da artırmışdı. Konkret olsaq, Paris Ermənistana
təsir və idarəetmə baxımından inhisarçı mövqe tutmaq, hami və
havadar rolunda Rusiyanı bütünlüklə əvəzləmək, İrəvanın əsas
strateji, geosiyasi və hərbi tərəfdaşı olmaq fikrində idi.
Vaşinqtonla Brüssel təbii ki, Makronun planlarını arzuolunmaz
hesab etdilər, Cənubi Qafqazdakı proseslərə təsir rıçaqları əldə
etmək üçün ermənilərdən istifadə məsələsində Fransanın tək oyunçu
olmasını məqbul saymadılar.
Nikol Paşinyan Qərbdəki güclər arasında seçim etmək
məcburiyyətində qalanda isə Vaşinqtonla Brüssel istiqamətlərinə
üstünlük verdi və bu, Fransanın çox qəzəbləndirdi.
Aprelin 19-da Ermənistanın Tavuş (Tovuzqala) rayonunda 32 ildən
bəri erməni işğalında olan 4 kəndin azad edilərək Azərbaycana
qaytarılması, delimitasiya və demarkasiya prosesinə başlanması,
yekun sülh sazişinin imzalanması və regional kommunikasiyaların
açılması istiqamətində addımlar atılmağa başlayanda start götürən
etiraz aksiyalarının kölgədə duran hərəkətverici qüvvələri arasında
Fransa məhz bu səbəbdən ön yerlərdən birini tutdu.
Murad Papazyanın İrəvana yollanması, orada Paşinyan
hakimiyyətinin istefasını dəstəkləməsi və Ermənistanın Rusiya ilə
münasibətlərini normallaşdırmasını gərəkli sayması barədə
bəyanatları da Parisin ilk əvvəl İrəvana, sonra da Vaşinqtonla
Brüsselə ünvanladığı messiclər də sayıla bilər.
Bu açıqlamaları verən şəxs yalnız Fransadakı erməni icmasının
ünlü simalarından və faktiki rəhbərlərindən biri yox, həm də
Emmanuel Makronun idarə etdiyi fiqurlardan biridir.
Eyni zamanda, Murad Papazyanın bəyanatları aşkar şəkildə
göstərdi ki, erməni diasporu merkantil maliyyə, siyasi və s.
məqsədlərinə çatmaq üçün hər şeyi qurban verməyə hazırdır.
Konkret halda Fransadakı erməni diasporu Nikol Paşinyanı
hakimiyyətdən kənarlaşdırmaq istəyir.
Ən nəhayət, yaşananlar Fransadakı erməni diasporuna Rusiyanın
təsirinin çox ciddi olduğunu göstərir.
Fransa prezidenti Emmanuel Makron da seçkilərdə yerli erməni
icmasının səslərini qazanmaq üçün Ermənistanı tam dəstəklədi,
Azərbaycanla münasibətləri kəskinləşdirdi, əlaqələri 25 il əvvəlki
səviyyəyə atdı.
Halbuki Parislə Bakı arasında əlaqələrin inkişafı hər iki
ölkəninn maraqlarına və mənafelərinə tam cavab verirdi.
Fransa Azərbaycanda onlarla, yüzlərlə layihələrdə iştirak edərək
on milyardlarla avro xalis mənfəət əldə edə bilərdi.
Amma Emmanuel Makron bütün bunları ermənilərin səslərini
qazanmaq üçün qurban verdi.
Fəqət, kim deyə bilər ki, müvafiq əmr alınandan sonra Fransadakı
erməni diasporu indi Paşinyanı qurban verdiyi kimi, Makronla
münasibətləri də heçə saymayacaq?





























