Advertisement

Milli Məclisin sədri Sahibə Qafarova Antiqua və Barbudada bir sıra görüşlər keçirib

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Antiqua və Barbudaya
işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

Parlamentdən Trend-ə bildirilib ki, Seynt Vinsent və Qrenadinin
Baş naziri Ralf Qonzalves, Kuba Respublikasının Vitse-prezidenti
Salvador Antonio Valdes Mesa, Antiqua və Barbudanın Nümayəndələr
Palatasının sədri ser Cerald Uott və Senatın sədri Alinsia Vilyams
Qrant ilə görüşlərdə Azərbaycanın bu ölkələrlə münasibətlərinə dair
fikir mübadiləsi aparılıb.

Tərəflər beynəlxalq təşkilatlarda əməkdaşlıq və qarşılıqlı
dəstəyin əhəmiyyətini vurğulayıblar.

Söhbətlər zamanı Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik
sədrliyi dövründə təşkilatın institusional inkişafı, Hərəkata üzv
ölkələr arasında əlaqələrin və həmrəyliyin gücləndirilməsi,
təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun daha da
artırılması istiqamətində gördüyü işlər təqdir olunub. Ölkəmizin
sədrliyi dövründə İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin
ehtiyaclarına xüsusi diqqət yetirilməsindən məmnunluq
bildirilib.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidentinin
təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin
fəaliyyəti barədə də məlumat verərək, Şəbəkənin Hərəkata üzv
ölkələrin qanunverici orqanları arasında əməkdaşlığın daha da
genişləndirilməsi üçün əhəmiyyətli platforma olduğunu diqqətə
çatdırıb.

Görüşlər zamanı bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin
İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası – COP29 haqqında da söhbət açılıb və
ölkəmizin təşkilatçılığı ilə bu tədbirin yüksək səviyyədə
keçiriləcəyinə inam ifadə olunub. Sbu tədbirin ölkəmizdə
keçirilməsi beynəlxalq ictimaiyyətin Azərbaycana olan hörmət və
etimadını əks etdirir.

O, COP29 çərçivəsində Milli Məclisin Parlamentlərarası İttifaq
ilə birlikdə Parlament konfransı keçirəcəyini, bu tədbirin
parlamentarilərə geniş fikir mübadiləsi aparmaq və iqlim
dəyişikliyi ilə mübarizədə hansı addımları ata biləcəklərini
müəyyən etmək imkanı yaradacağını vurğulayıb.

Görüşlərdə COP29 çərçivəsində keçirilən tədbirlərdə İnkişaf
etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həlli
ilə bağlı məsələlərin də diqqətdə saxlanılacağı qeyd edilib.

Seynt Vinsent və Qrenadinin Baş naziri Ralf Qonzalveslə görüşdə
ölkəmizin bu dövlətlə beynəlxalq əməkdaşlığının səviyyəsindən, bu
ölkənin BMT Təhlükəsizlik Şurasında Azərbaycana verdiyi dəstəkdən
məmnunluq ifadə edilib.

Antiqua və Barbudanın Nümayəndələr Palatasının sədri Cerald Uott
Azərbaycanın “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən
olunması” mövzusunda 4-cü Beynəlxalq Konfransda iştirakını və
Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini yüksək
qiymətləndirib.

Milli Məclisin sədri Sahibə Qafarovanın Millətlər Birliyinin Baş
katibi Patrisiya Skotlendlə görüşündə isə Azərbaycanın Birlik
üzvləri ilə münasibətlərinə dair fikir mübadiləsi aparılıb.
Millətlər Birliyinə üzv olan ölkələrin əksəriyyətinin Qoşulmama
Hərəkatına da üzv olduqları vurğulanaraq, Azərbaycanın sədrliyinin
kiçik dövlətlərin səslərinin eşidilməsi üçün yaxşı imkanlar
yaratdığı qeyd olunub.

Görüşlərdə parlamentlərarası əməkdaşlıq məsələləri, həmçinin
qarşılıqlı maraq doğuran digər mövzular barədə fikir mübadiləsi
aparılıb.