
Bakı. Trend:
Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva
mayın 28-də Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər. 28 May –
Azərbaycanın Müstəqillik Günü tarixində Xocalıya qayıdış,dövlət
başçısının da qeyd etdiyi kimi, təsadüfi deyil.
“Çünki bildiyiniz kimi, keçən il Müstəqillik Günündə
mən Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim
etmişdim. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində – mayın
27-də Ağalı sakinləri ilə görüşmüşdüm. Onlar da məhz o gündə
köçmüşdülər. Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi
hadisədir. Xocalı da gördüyünüz kimi, gözəlləşir, yenidən
qurulur”, – deyə Prezident İlham Əliyev
sakinlərlə söhbət əsnasında bildirib.
Trend xəbər verir ki, Türkiyə
mediasında Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva
və qızları Arzu Əliyevanın mayın 28-də Xocalı şəhərinə birgə səfəri
və köçən sakinlərlə görüşünə geniş yer verilib.
Türkiyənin nüfuzlu Milliyet.com.tr xəbər saytı dövlət başçısının
Xocalı səfərinə “Əliyev Xocalıya səfər etdi! “Azərbaycan bir daha
belə acı yaşamayacaq”” sərlövhəli məqalə həsr edib.
Məqalədə “Azərbaycanın erməni işğalından azad etdiyi
Xocalı şəhərinə səfər edən Azərbaycan prezidenti İlham Əliyev
“Ermənistan Xocalıda törətdiyi vəhşiliyi qəbul edib, bizdən üzr
istəməlidir” deyib”, – fikirlərinə xüsusi yer verilib.
Qardaş ölkənin digər xəbər portalı Star.com.tr də Prezidenti İlham Əliyev, Birinci
xanım Mehriban Əliyeva və qızları Arzu Əliyevanın Xocalı səfərinə
həssaslıqla yanaşıb.
Saytın dərc etdiyi məqalə “Əliyevdən XƏBƏRDARLIQ! Biz
son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi
iddiaları irəli sürmək cəhdləri var”, – sərlövhəsi ilə bu
səfərin əhəmiyyətini və mahiyyətini əks etdirməyə çalışıb.
“Ermənilərin qətliam törətdiyi Xocalıya azərbaycanlı
ailələr köçürülməyə başlayıb”, – başlıqlı yazı ilə
Prezident İlham Əliyevin Xocalı səfərinə diqqət ayıran nüfuzlu
Anadolu Ajansı Azərbaycanın 30 illik işğalından
sonra azad etdiyi, 1-ci Qarabağ müharibəsində erməni silahlı
birləşmələrinin kütləvi soyqırımı törətdiyi Xocalıda 20 ailənin
məskunlaşmasına dair məlumatlarla zəngin yazı dərc edib.
Məqalə “Prezident İlham Əliyevin “böyük qayıdış”
adlandırdığı Ermənistanın işğalından azad edilmiş rayonlarda
ailələrin məskunlaşdırılmasıprosesi davam edir”, –
fikirləri ilə başlayıb.
Yeni Şafak da dövlət başçısının Xocalı səfərinə
həssaslıq nümayiş etdirib. Nüfuzlu xəbər portalının bu tarixi
hadisəyə həsr etdiyi məqalə “Ermənilərin soyqırımı
törətdiyi Xocalıya qayıdış: Azərbaycan ailələri köçürülməyə
başlandı” , – sərlövhəsi ilə diqqət çəkir.
Məqalədə “Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva ilə
birlikdə Xocalıda dövlət tərəfindən tikilən ilk yaşayış
kompleksinin açılışında iştirak edib, şəhərə ilk köçən sakinlərlə
görüşüblər”, – fikirləri xüsusilə qeyd edilib.
Sözcü saytı da ötən gün – 28 Mayda Xocalıda
gerçəkləşən tarixi anlara xüsusi diqqət ayırıb.
“Azərbaycanlı ailələr Xocalıda məskunlaşmağa
başladı”, – başlıqlı məqalədə ana xətt kimi yenə də
“Azərbaycanın 30 illik işğaldan sonra azad etdiyi, 1-ci Qarabağ
müharibəsində erməni silahlı birləşmələrinin kütləvi qırğın
(soyqırım) törətdiyi Xocalıda 20 ailə məskunlaşıb”, – fikirləri
əsas götürülüb.
Türkiyənin TRHABER portalı da Prezident İlham Əliyevin
Xocalı səfərini geniş işıqlandırıb.
Dərc edilən məqalə “İşğaldan azad edilən Xocalıda yeni dövr:
Azərbaycan ailələri qayıdır”, – başlığı ilə diqqətləri üzərinə
çəkib.
Yazıda “Azərbaycanda ən dəhşətli soyqırımlardan birinin
baş verdiyi Xocalıda 30 illik erməni işğalından sonra geri dönüş
başlayıb. Azərbaycan prezidenti İlham Əliyev “böyük qayıdış” adı
altında erməni işğalından azad edilmiş rayonlarda ailələrin
köçürülməsi layihəsinin təşəbbüskarı olub. Bu layihə çərçivəsində
20 ailə Xocalıya qayıdıb”, – fikirləri məqalənin ana
xəttini təşkil edib.
Yirmidort.tv də “Əliyevdən XƏBƏRDARLIQ!
Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən
ərazi iddiaları irəli sürmək cəhdləri var” sərlövhəli
başlıqla Ermənistan tərəfindən revanşist qüvvələrin eskalasiya
riskini artıracaq addımlarına dövlət başçımızın Xocalıdan barmaq
silkələməsinə xüsusi diqqət ayırıb.
Yazıda qeyd edilir ki, “Xocalı sakinlərini öz ata-baba
yurdlarına qayıtmaları münasibətilə təbrik edən Əliyev bildirdi ki,
qayıdışın Azərbaycanın müstəqilliyinin 106-cı ildönümündə baş
verməsinin də rəmzi mənası var”.
Nüfuzlu Haberler.com dövlət başçısının Xocalıya tarixi
səfəri ilə bağlı dərc etdiyi geniş məqalə “Azərbaycan prezidenti
Xocalıda Ermənistana xəbərdarlıq edib”, – başlığı ilə oxuculara
təqdim edilib.
Məşhur xəbər portalı Prezident İlham Əliyevin Xocalı sakinləri
ilə görüşündə çıxışı zamanı “Azərbaycan prezidenti İlham Əliyev
Xocalıya səfər edərək bildirib ki, Ermənistan törətdiyi zülmü
etiraf etməli və üzr istəməlidir”, – fikirlərinə xüsusi yer
ayırıb.





























