
Fransanın, Yunanıstanın, Kiprin, habelə Qərbdəki bir
sıra beynəlxalq və transdövlət təşkilatlarının Azərbaycana qarşı
nümayiş olunan sərt münasibətin nəticələrini ehtimal etməzdən əvvəl
səbəbləri anlamağımız gərəkdir.
Səbəb göründüyündən və təxminləndiyindən də sadədir: Qərb
birqütblü dünya düzəninin dağılmağa başladığını görsə də,
proseslərin qarşısını almağa çalışır.
Var gücü ilə, bütün imkanları səfərbər edərək, ən kiçik
vasitədən yararlanaraq.
Çoxqütblü dünya ilk əvvəl siyasi fəlsəfədir və onun əsasını da
kollektiv Qərbin universalizminə müqavimət durur.
Qərbin inkişaf etmiş dövlətləri öz maraqlarını bütün
bəşəriyyətin mənafeyi kimi qələmə verir. Necə ki, əsrlər əvvəl
Avropanın müstəmləkəçi dövlətləri dünyanı “biz və onlar” prinsipi
ilə görürdülər, Qərb sivilizasiyası o dönəmlərdən bəri bütün
bəşəriyyəti, ilk əvvəl insanların şüurunu öz mülkiyyəti hesab
edir.
“Soyuq savaş”ın başa çatmasından və sabiq Sovetlər Birliyinin
çökməsindən sonra birqütblü dünya belə formalaşdı, inkişaf etmiş
ölkələr hegemon mövqelərə yiyələndilər, inkişaf etməkdə olan
dövlətlərin istismarı və resurslarının qarət edilməsi yeni formalar
aldı.
Azərbaycana təzyiq edən, siyasətimizi, yaşamımızı, həyat
prinsiplərimizi və mövqeyimizi dəyişdirməyə çalışanların tək bir
dəyəri var – Qərb.
Yalnız bir siyasi sistemləri var – libertarianlıq kimi qələmə
verilən liberal-neoimperialist demokratiya.
Yalnız bir iqtisadi modeli var – neoliberal, zəiflərin
istismarına hesablanmış oliqopolik kapitalizm.
Yalnız bir mədəniyyət formatı var – postmodernin illüzor
variantı.
Cinslərlə ailə barədə bir mövqeyi var – gender bərabərliyi,
cinsi azadlıq, LGBT və transgenderlərin tam bərabərhüquqlu
sayılmaları və s.
Yalnız bir inkişaf vektoru var – kiberpank formasını almağa
başlamış texnosivilizasiya, posthumanizm, bəşəriyyətin süni
intellekt və kiborqlar qarşısında geri çəkilməsi.
Avropa İttifaqının geosiyasi liderinə çevrilməyə can ataraq
aşkar antiamerikanist mövqe tutduğunu gizlətməyən Fransanın
prezidenti Emmanuel Makronun bəyanatlarına və çıxışlarına fikir
versək, o, “dünya tarixinin triumfu”ndan, “yeni dövrün Qərbi”nin
total qələbəsindən bəhs edir, liberalizmi bütün bəşəriyyətin yeganə
və danılmaz ideologiyası kimi qələmə verir.
Azərbaycanın xarici siyasəti isə suveren diplomatiya və
çoxqütblü dünya düzəninə istiqamətlənmiş prinsiplər əsasında
qurulub. Çünki çoxqütblülük alternativ siyasi fəlsəfə olaraq Qərbin
bütün bəşəriyyət yox, sadəcə onun bir hissəsi olması aksiomuna
əsaslanır.
Kollektiv Qərb vahid və tək sivilizasiya yox, bəşər övladının
sivilizasiyalarından yalnız biridir.
Hazırda mövcud olan sivilizasiyaların tamamilə fərqli dini
əsasları, ənənəvi dəyər sistemləri, müxtəlif yaşam və inkişaf
vektorları, fərqli mədəni identiklikləri var.
Qərb sivilizasiyasının bütün dünya üçün işlər universalizmi
barədə iddiaları əsassızdır və onun amiranə hakimiyyət istəkləri
isə bütünlüklə ikili standartlar siyasətinə, ikiüzlü yanaşma
sisteminə, yalnız maraqların təminatı və mənafelərin reallaşması
istəklərinə hesablanmış niyyətlərə əsaslanır.
Çoxqütblü dünya düzəni Qərbə qarşı yoxz, onun universallıq və
neokolonialist təfəkkürünə qarşıdır. Məqsədə çatmaq üçün kollektiv
Qərb bütün vasitələrə əl atır, ideoloji hücumları həyata keçirir,
hədəf seçdiyi ölkələrin cəmiyyətlərin informativ və media
kontroluna almağa çalışır, ən aqressiv propaqandanı işə salır,
həmin cəmiyyəti ənənəvi dəyərlərindən və inanclarından
uzaqlaşdırmağa çalışır.
Fəqət kollektiv Qərbin sarsılmaz hegemoniyası dövrü başa çatıb.
İnkişaf etməkdə sayılan dövlətlər seçim azadlıqlarını,
suverenliklərini, müstəqilliklərini qurban vermək istəməyərək çox
güclü, qüdrətli rəqibə müqavimət göstərirlər.
Qərbin hakimiyyətin absolyut olmadığı, onun yürütdüyü
neokolonialist siyasətin və ölkələrin suverenliklərinin kağız
üzərində saxlanaraq əslində idarə olunan ərazilərə çevrilməyə
yönəlmiş strategiyasının qarşısının alınmasının vaxtı çatıb.
Dünya artıq köhnə ikiqütblü modelə qayıtmayacaq, qlobal
geosiyasətdə tamamilə yeni konstruksiyalar formalaşacaq və bu
proses “yumşaq güc” anlamına əsaslanmayacaq.
Ümumiyyətlə, son 20 ildə siyasi şərhçilər, ekspertlər və
analitiklər arasında “yumşaq güc” ifadəsi çox populyar idi. Hazırda
Azərbaycanın da xarici siyasətində “yumşaq güc” amilinin olması və
bundan Cənubi Qafqazdakı vəziyyəti süni şəkildə gərginləşdirərək
pik həddə çatdırmağa çalışan Fransaya qarşı istifadə olunmasını
təklif edənlər var.
Söz yox, müəllifi Cozef Nay olan “yumşaq güc” ifadəsi
cazibədardır. Amma C.Nay yumşaq güclə bahəm, sərt gücdən, ağıllı
gücdən və kiber gücdən də dəbs etmişdi.
Üstəlik, müəllifi Kristofer Uoker olan “iti güc” və ya Uolter
Rassel Midin siyasət elminə gətirdiyi “yapışqan güc” ifadələri də
mövcuddur.
Məhz hansı gücün harada və necə tətbiq olunması ilə bağlı bəhs
etdiyimiz metodologiyaların müəllifləri arasında sürəkli
mübahisələr də olub.
Fəqət, sadalanan “güc”lər arasında məhz “yumşaq güc” ifadəsi
postsovet məkanında və o cümlədən Azərbaycanda populyarlaşıb.
Halbuki Fransa ölkəmizə qarşı sərt gücü tətbiq etməyə çalışır,
müxtəlif konsepsiyalar, strategiyalar və doktrinaları sınaqdan
çıxarır. Belədirsə, Bakıya təzyiq etməyə çalışaraq Azərbaycanı
hansısa ölkənin və ya təşkilatların diqtəsi altındakı məkana
çevirməyə can atanlara qarşı bütün modellərdən istifadə
olunmalıdır.
Xarici siyasətin suverenliyinin və autentikliyinin mühümlüyünü
anlamaq üçün dərin təhlil aparmağa lüzum yoxdur.
Unutmayaq ki, hələ də siyasi lüğətimizdə olan “bipolyar dünya”,
“Üçüncü dünya”, “geosiyasi və geostrateji böhran” ifadələri məhz
Avropanın siyasi analitikləri ilə siyasətçilərinin kəşfidir.
Ona görə də təxəyyüldə başqa ölkələrə hansısa formada təsir edə
biləcək illüzor “yumşaq güc”ün modeloii quraraq onun tətbiqi
yollarını nəzərdən keçirmək mənasız ihdir, çünki “yumşaq güc”
normativ ifadə olunmuş konsepsiya yox, məcaz və təhkiyə
formasındakı ümumiləşdirmədir.
Əvvəla, “yumşaq güc” taktikasını həyata keçirmək üçün
genişmiqyaslı psixoloji əməliyyatlar, mədəni və ideoloji təsir
aksiyaları, elm və təhsil proqramlarının reallaşdırılmasına, habelə
dünyanın bir çox ölkələrində təsir dairələrinin yaradılmasına
zərurət var.
Bunu hazırda yalnız bir neçə ölkə edə bilər.
Digər tərəfdən, “yumşaq güc” tək olmur – onu həmişə sərt güc
müşakiət edir.
Azərbaycan tam fərqli mövqe tutub.
“Yumşaq güc” əvəzinə mədəni və siyasi idealların cazibə qüvvəsi
artırılır, ölkənin yürütdüyü siyasət barədə fasiləsiz olaraq ən
geniş auditoriyaya qlobal səviyyədə məlumat verilir.
Bu prosesi ölkənin hərbi və iqtisadi gücünün formalaşdırdığı
vəziyyət müşayiət edir ki, nəticədə rəsmi Bakı tamamilə yeni milli
təhlükəsizlik strategiyasını gerçəkləşdirir.
Həmin strategiyanın əsasını sadə anlam təşkil edir: Azərğbaycan
əvvəlcə edir, sonra deyir…





























