Advertisement

Prezident İlham Əliyev keniyalı həmkarına təbrik məktubu göndərib

Bakı. Trend:

Prezident İlham Əliyev Keniya Respublikasının Prezidenti Uillyam
Samoei Rutoya təbrik məktubu göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Azərbaycan Respublikası ilə Keniya Respublikası arasında
diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü ilə əlaqədar
Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından
səmimiyyətlə təbrik edir, ən xoş arzularımı çatdırıram.

İyirmi illik dövr ərzində ölkələrimiz arasında formalaşmış
dostluq münasibətləri bir sıra sahələrdə əməkdaşlığımızın inkişaf
etdirilməsi üçün əlverişli imkanlar açmışdır. Eyni zamanda
beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımızı xüsusi
qeyd etmək istərdim. 2022-ci ildə Azərbaycanın Nayrobidə
səfirliyinin təsis edilməsi ikitərəfli əlaqələrimizin yeni
müstəviyə keçməsinin bariz nümunəsidir.

Biz Keniya ilə dövlətlərarası münasibətlərimizi genişləndirmək
və əməkdaşlığımızı yeni məzmunla zənginləşdirmək əzmindəyik.
İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq
Azərbaycan-Keniya əlaqələrinin möhkəmləndirilməsi, ikitərəfli
qaydada və çoxtərəfli müstəvilərdə, xüsusilə də COP29 çərçivəsində
əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə
səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza firavanlıq və tərəqqi
arzulayıram”.