Advertisement

Azərbaycan və İran arasında əldə olunan razılaşmaların icrası müzakirə edildi

Bakı. Trend:

Azərbaycan və İran arasında əldə olunan razılaşmaların icrasının
vacibliyi vurğulanıb.

Trend-in məlumatına görə, bu haqda İranın Azərbaycandakı
Səfirliyinin “Telegram” kanalında paylaşım edilib.

Bildirilib ki, ötən gün Azərbaycan baş nazirinin müavini Şahin
Mustafayev və İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş
arasında telefon danışığı baş tutub.

Telefon danışığında Azərbaycan baş nazirinin müavini İran
prezidenti və onunla birlikdə həlak olanlarla əlaqədar İran
tərəfinə başsağlığı verib.

Telefon söhbətində İranın yol və şəhərsalma naziri Mehrdad
Bəzrpaş İran prezidentinin ölümü ilə əlaqədar Azərbaycanın yüksək
rəsmilərinin İranın Azərbaycandakı səfirliyində, eləcə də, Tehranda
İran Prezidenti ilə vida mərasimində iştirak etdiyinə görə öz
təşəkkürünü bildirib.

İranlı rəsmi Azərbaycanı 28 May – Müstəqilli Günü münasibəti ilə
təbrik edib.

Qeyd edək ki, İran və Azərbaycan arasında “Xudafərin”
hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının
açılışı ilə bağlı tədbir keçirilib.

İran tərəfi bildirir ki, Qız Qalası hidroqovşağına 5,5 trilyon
rial (təxminən 131 milyon dollar) dəyərində vəsait xərclənib. Bu su
bəndi ildə 2 milyard kubmetr (1 milyard kubmetr Azərbaycan, 1
milyard kubmetr İran üçün) suyu tənzimləyəcək.

Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici
işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz
üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan
vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan
helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza
nəticəsində 9 nəfər həlak olub.