Advertisement

Prezident İlham Əliyev “Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev“Minaların ətraf mühitə
təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün
resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfransın
iştirakçılarına müraciət ünvanlayıb.

Trend xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli konfrans iştirakçıları!

Sizi “Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz
və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda
keçirilən beynəlxalq konfransın açılışı münasibətilə
salamlayıram.

Bu gün mina və partlamamış hərbi sursatlar hələ də dünyanın bir
çox ölkəsində insan təhlükəsizliyini təhdid edən kəskin
problemlərdən biridir. Müharibə bitdikdən on illər sonra belə
insanların həyatını təhlükəyə atmaqla yanaşı, minalar
sosial-iqtisadi inkişafa, ətraf mühitə, mədəni irsə, münaqişədən
sonrakı bərpa və inkişaf təşəbbüslərinə və nəticə etibarilə
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səylərinə ciddi şəkildə
mane olur.

Mina partlayışları insanların həyatına təhlükə yaratmaqla və
ümumiyyətlə yaşamaq hüququnu sual altına qoymaqla bərabər ətraf
mühitə də böyük ziyan vurur. Belə ki, partlayışlar zamanı yaranan
plastik tullantılar ekoloji fəsadlara səbəb olaraq torpaqların
strukturuna mənfi təsir göstərir. Uzun müddət torpağın içində qalan
minalar zərərli kimyəvi reaksiyalara gətirib çıxarır. Minalara görə
istifadə olunmayan torpaqlar təbii eroziyaya və aşınmaya məruz
qalır. Bu baxımdan, bugünkü konfransın Azərbaycanın ev sahibliyi
edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyası – COP29 öncəsi təşkil
edilməsi xüsusi önəm daşıyır.

Azərbaycan 30 ilə yaxın davam edən münaqişə və torpaqlarının
Ermənistan tərəfindən işğalı nəticəsində ərazilərinin minalarla
çirklənməsi problemindən əziyyət çəkir və dünyada minalarla ən çox
çirklənmiş ölkələr sırasındadır. Ölkə ərazisinin təxminən 12 faizi
ilkin qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayda
partlamamış hərbi sursatlarla çirkləndirilib.

Müharibənin 2020-ci ildə başa çatmasından bu günə qədər
əksəriyyəti mülki olan 361 vətəndaşımız mina qurbanı olmuş,
onlardan 68-i həlak olmuş, 293-ü isə ağır yaralanmışdır. Ümumilikdə
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən
indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkmişdir,
onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir. Mina
qurbanlarının sayının gündən-günə artmasının əsas səbəbləri
sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların
dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas
xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki
təyinatlı digər obyektlərə tələ xarakterli minalar
yerləşdirməsidir. 2020-ci ildən 2023-cü ilə qədər uzunluğu 500
kilometrədək olan yeni minalanmış zonalar yaradılmış, yenidən
Azərbaycanın ərazisinə minalar basdırılmışdır. Bunun məsuliyyəti
Ermənistanın üzərinə düşür.

Minaların təmizlənməsində üzləşdiyimiz çətinliklər, eyni
zamanda, yenidənqurma və bərpa işlərinə əngəl yaradır, 800 min
keçmiş məcburi köçkünün öz evlərinə qayıtmasına ciddi maneə
törədir.

Humanitar minatəmizləmə Azərbaycanın dövlət siyasətinin əsas
prioritetlərindən biridir və onun təməli Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə qoyulmuşdur. Hazırda
ölkəmizdə humanitar minatəmizləmə fəaliyyətini həyata keçirən əsas
qurum Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi –
ANAMA-dır.

Bu günə qədər aparılan minatəmizləmə prosesi nəticəsində 140 min
hektara yaxın sahə 119 min 946 mina və partlamamış hərbi
sursatlardan təmizlənib. Lakin minalanmış ərazilər bundan daha
genişdir. Minaları yerləşdirmək asan, onları təmizləmək isə qat-qat
çətin və mürəkkəb prosesdir. Azərbaycan bu məqsədlə qısa müddət
ərzində bütün gücünü səfərbər edərək dünyada tətbiq olunan ən
müasir və qabaqcıl texnologiyalardan istifadə edir. Minatəmizləmə
sahəsində səmərəliliyin artırılması üçün tərəfimizdən davamlı
şəkildə müvafiq işlər görülür və hazırda imkanlarımız əvvəlki
illərlə müqayisədə xeyli artmışdır. Azərbaycanda ötən ildən
başlayaraq qadın minatəmizləyən qrupları da fəaliyyətə
başlamışdır.

Ölkəmiz humanitar minatəmizləmə fəaliyyətini demək olar ki, tam
şəkildə öz resursları hesabına həyata keçirir. Minaların humanitar
fəsadlarının aradan qaldırılması, torpaqların minalardan
təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin adekvat siyasi və
praktiki dəstəyi mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan öz mina probleminə paralel olaraq, beynəlxalq
ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək üçün çoxsaylı
təşəbbüslərlə çıxış edib. Bildiyiniz kimi, keçən il ölkəmiz
humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi
olaraq rəsmən elan etmişdir və bu məsələnin BMT-nin qlobal 18-ci
Dayanıqlı İnkişaf Məqsədi kimi qəbul edilməsi istiqamətində
tərəfimizdən davamlı iş aparılır. Eyni zamanda, Azərbaycan
Qoşulmama Hərəkatı çərçivəsində humanitar minatəmizləmə üzrə xüsusi
əlaqə qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib. Qrup ötən ilin
sentyabr ayında fəaliyyətə başlayıb.

Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişə zamanı mədəni
sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa
Konvensiyasına Tərəf Ölkələrin 2013-cü ildə keçirilmiş 15-ci
görüşündə “Minaların mədəni irsə təsiri” ilə bağlı qətnamə qəbul
edilmişdir. Azərbaycan tərəfi bu mühüm qətnamənin davamı olaraq
cari ilin may ayında Ağdamda “Minaların və partlamamış hərbi
sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi konfrans
təşkil etmişdir.

Ölkəmiz son üç ildə BMT ilə birlikdə mina mövzusuna həsr edilmiş
bir sıra beynəlxalq konfranslar keçirmişdir. Bu tədbirlər minaya
qarşı fəaliyyət məsələlərinə dair əsas müzakirə platformaları
olmaqla yanaşı, müasir dövrdə bəşəriyyəti narahat edən bu vacib
problemə diqqətin artırılmasına xidmət edir. Hazırda Azərbaycan BMT
ilə birlikdə mina fəaliyyətinin tədrisi üçün “Mükəmməllik
Mərkəzi”nin yaradılması istiqamətində iş aparır. Konfrans
çərçivəsində ANAMA və BMT-nin İnkişaf Proqramı arasında niyyət
sənədi imzalanacaqdır. Bu əlamətdar hadisə Azərbaycanın bu sahədə
öz təcrübəsini oxşar problemlərlə üzləşən digər ölkələrlə
bölüşməyinə də kömək edəcəkdir.

Bugünkü tədbir Azərbaycanın müasir dövrün çağırışlarından olan
mina ilə mübarizə əzmini nümayiş etdirir. İnanıram ki, konfrans
mina probleminin, onun törətdiyi bütün, o cümlədən ekoloji
fəsadların aradan qaldırılması imkanlarının müzakirəsi, habelə mina
fəaliyyəti sahəsində qabaqcıl təcrübə mübadiləsinə töhfə
verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar
diləyirəm”.