Advertisement

Prezident İlham Əliyev: Müharibənin 2020-ci ildə başa çatmasından bu günədək 361 vətəndaşımız mina qurbanı olub

Bakı. Trend:

Azərbaycan 30 ilə yaxın davam edən münaqişə və torpaqlarının
Ermənistan tərəfindən işğalı nəticəsində ərazilərinin minalarla
çirklənməsi problemindən əziyyət çəkir və dünyada minalarla ən çox
çirklənmiş ölkələr sırasındadır. Ölkə ərazisinin təxminən 12 faizi
ilkin qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayda
partlamamış hərbi sursatlarla çirkləndirilib.

Trend xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin
Zəngilan şəhərində keçirilən “Minaların ətraf mühitə təsirinin
azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər
olunması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına
müraciətində yer alıb.

“Müharibənin 2020-ci ildə başa çatmasından bu günə qədər
əksəriyyəti mülki olan 361 vətəndaşımız mina qurbanı olmuş,
onlardan 68-i həlak olmuş, 293-ü isə ağır yaralanmışdır. Ümumilikdə
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən
indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkmişdir,
onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir. Mina
qurbanlarının sayının gündən-günə artmasının əsas səbəbləri
sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların
dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas
xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki
təyinatlı digər obyektlərə tələ xarakterli minalar
yerləşdirməsidir”, – deyə müraciətdə qeyd olunub.