Advertisement

Cəbrayıl, Qubadlı və Zəngilanda 2026-cı ilin sonunadək bir sıra yaşayış məntəqəsinin inşa olunması planlaşdırılır – Vahid Hacıyev

Zəngilan. Trend:

Cəbrayıl, Qubadlı və Zəngilanda 2026-cı ilin sonunadək 3 şəhər,
5 qəsəbə və 24 kəndin inşa olunması planlaşdırılır.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl,
Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev
“Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl
gələcək üçün resursların səfərbər olunması” mövzusunda 3-cü
beynəlxalq humanitar minatəmizləmə konfransında çıxışında
deyib.

“Bu gün Şərqi Zəngəzur və Qarabağda tikinti gedir, bölgənin
müxtəlif hissələrində aktiv layihələr həyata keçirilir. Bizim əsas
vəzifəmiz Cəbrayıl, Qubadlı və Zəngilanda 3 şəhər, 5 qəsəbə və 24
kəndin yenidən qurulmasıdır. İşlərin 2026-cı ilin sonunadək
tamamlanması planlaşdırılır”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu təşəbbüslər dayanıqlılıq, inklüzivlik və
təhlükəsizliyə üstünlük verən müasir şəhərsalma prinsiplərinə
əsaslanır.

“Yenidənqurma zamanı əsas problemlərdən biri minatəmizləmə və
təhlükəsizliklə bağlıdır. Bu ərazilər təqribən 30 illik işğal
müddətində minalarla güclü şəkildə çirklənib ki, bu da onları ən
çox zərər çəkmiş bölgələrdən birinə çevirib”, – deyə o əlavə
edib.

Qeyd edək ki, Azərbaycanın ev sahibliyi etdiyi 3-cü beynəlxalq
humanitar minatəmizləmə konfransında, ümumilikdə 75 ölkədən 300-dən
çox nümayəndə iştirak edir. İştirakçılar arasında bir sıra
ölkələrin yüksək vəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər
heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif
ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərinin, habelə
ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli
şəxsləri təmsil olunur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun