
Bakı. Trend:
1991-ci ildən bugünədək Azərbaycanda ümumilikdə 3440 nəfər mina
qurbanı qeydiyyatdan keçib.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə
Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov
“Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl
gələcək üçün resursların səfərbər olunması” mövzusunda 3-cü
beynəlxalq humanitar minatəmizləmə konfransında çıxışında
deyib.
“2020-ci ilin noyabrından 2024-cü il mayın 30-dək 361 Azərbaycan
vətəndaşı minalardan zərər çəkib. Bunlardan 128-i mülki, 165-ü isə
hərbçi olmaqla, 293 nəfər yaralanıb. 53-ü mülki, 15-i hərbçi
olmaqla, 68 nəfər isə həlak olub”, – deyə o bildirib.
V.Süleymanov əlavə edib ki, hazırda işğaldan azad edilmiş
ərazilərimizin 10 285 kvadrat kilometri mina və partlamamış hərbi
sursatlarla müxtəlif səviyyələrdə çirklənib, üstəlik,
qiymətləndirmələrə görə, işğal dövründə 1,5 milyona qədər yerüstü
mina quraşdırılıb.
Onun sözlərinə görə, bugünədək Azərbaycanın 1 385 kvadrat
kilometr ərazisi minalardan təmizlənib.
Qeyd edək ki, Azərbaycanın ev sahibliyi etdiyi 3-cü beynəlxalq
humanitar minatəmizləmə konfransında, ümumilikdə 75 ölkədən 300-dən
çox nümayəndə iştirak edir. İştirakçılar arasında bir sıra
ölkələrin yüksək vəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər
heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif
ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərinin, habelə
ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli
şəxsləri təmsil olunur.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























