Advertisement

Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması vəziyyətin normallaşması prosesinə müsbət töhfə verir – Ceyhun Bayramov

Bakı. Trend:

Qazaxın uzun müddət Ermənistan işğalı altında qalan 4 kəndinin
Azərbaycana qaytarılması vəziyyətin normallaşması prosesinə müsbət
töhfə verir.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun
Bayramov İslamabadda Pakistan baş nazirinin müavini və xarici işlər
naziri Məhəmməd İshaq Darla mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Pakistanın Ermənistan-Azərbaycan münaqişəsi,
44 günlük Vətən Müharibəsi zamanı və ondan sonra Azərbaycana
göstərdiyi qətiyyətli siyasi və mənəvi dəstəyi ölkəmiz daima yüksək
qiymətləndirib.

“Cammu və Kəşmir məsələsində də bizim mövqeyimiz daima müvafiq
şəkildə olub. Azərbaycan bu problemin beynəlxalq hüququn norma və
prinsipləri, həmçinin, BMT Təhlükəsizlik Şurasının müvafiq
qətnamələri əsasında, habelə beynəlxalq hüquqa tam hörmətlə
yanaşmaqla, sülh yolu ilə həllini dəstəkləyir. Bu gün həmkarıma
regionumuzda münaqişədən sonrakı vəziyyət, Azərbaycanın işğaldan
azad edilmiş ərazilərində bərpa və yenidənqurma işləri barədə
məlumat verdim.

Azərbaycan və Ermənistan arasında sərhədin müəyyən hissəsinin
delimitasiyası və uzun müddət Ermənistan işğalı altında qalan
kəndlərin Azərbaycana qaytarılması ilə bağlı son razılaşma
vəziyyətin normallaşması prosesinə müsbət töhfə verir. Azərbaycan
sülh prosesinə sadiqdir və ümid edirik ki, bu, bütün ölkələr üçün
firavan və təhlükəsiz regionun yaradılmasına müsbət nəticələr
verəcək”, – nazir deyib.

Qeyd edək ki, 15 may 2024-cü il tarixində Azərbaycan
Respublikası və Ermənistan Respublikası arasında sərhəddə
Komissiyaların növbəti 9-cu görüşü keçirilmiş, sözügedən Texniki
Protokol razılaşdırılmış və bu barədə Komissiyaların müvafiq
Protokolu imzalanıb.

Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti
müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax
rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və
Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması
təmin edilib.

Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs
Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin
əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən
nəzarətə götürülüb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun