Advertisement

KOBİA nümayəndələrinin Vyetnama səfəri çərçivəsində iş adamlarımız əməkdaşlığa dair bir sıra sənədlər imzalayıblar

Bakı. Trend:

Azərbaycan və Vyetnam iş adamları arasında imzalanmış
əməkdaşlıq haqqında niyyət protokolları kənd təsərrüfatı, qida və
kosmetik məhsulların idxal və ixracını, birgə istehsalını nəzərdə
tutur.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
nümayəndələri və bir qrup iş adamı KOB-lar arasında əməkdaşlıq
imkanlarının araşdırılması və əlaqəli təşkilatlarla institusional
əməkdaşlığın qurulması məqsədilə Vyetnamın paytaxtı Hanoy şəhərində
səfərdə olublar. Azərbaycan Respublikasının Vyetnam Sosialist
Respublikasındakı Səfirliyinin dəstəyi ilə baş tutan səfər
çərçivəsində Vyetnamın biznesə dəstək göstərən müxtəlif
qurumlarında görüşlər keçirilib, sənədlər imzalanıb.

KOBİA nümayəndələri ilə Beynəlxalq Biznes Əlaqələri Klubunun
prezidenti Le Trunq Kien, Milli Sahibkarlıq Assosiasiyasının
(VINEN) prezidenti Dinh Viet Ho, Vyetnamın Ticarətin Təşviqi
Agentliyi, Sahibkarlığın İnkişafı Agentliyi, Texnoloji Sahibkarlıq
və Kommersiyalaşdırmanın İnkişafı üzrə Milli Agentlik ilə
görüşlərdə Azərbaycanda KOB-lara göstərilən dəstək və xidmətlər
barədə məlumat verilib, sahibkarlıq sahəsində təcrübə, hər iki
ölkənin işgüzar dairələri arasında əlaqələrin qurulması, ticarət
əlaqələrinin inkişafı və mümkün əməkdaşlıq imkanlarına dair fikir
mübadiləsi aparılıb.

Səfər çərçivəsində KOBİA və Vyetnamın Beynəlxalq Biznes
Əlaqələri Klubu arasında əməkdaşlığa dair sənəd imzalanıb. Sənəddə
hər iki ölkənin işgüzar dairələri arasında birgə əməkdaşlığın
inkişafına və əlaqələrin təşviqinə dair müxtəlif tədbirlər nəzərdə
tutulur.

KOBİA nümayəndələri və iş adamlarımız səfər zamanı Hanoyda
Vyetnamın Milli Sahibkarlıq Assosiasiyasının (VINEN) təşkilatçılığı
ilə keçirilən Qlobal Biznes və İnvestisiya Forumunda iştirak
ediblər. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tədbirdəki
çıxışında Azərbaycanda sahibkarlıq imkanları, biznesə dəstək
alətləri, o cümlədən Agentliyin fəaliyyəti barədə məlumat verib.
Qeyd edilib ki, Vyetnamla qida, turizm kimi sektorlarda əməkdaşlıq
imkanları genişdir. Ticarət əlaqələrinin müsbət dinamikası bu
sahədə də əlaqələrin genişləndirilməsi potensialından xəbər verir.
KOBİA kiçik və orta sahibkarlığa dəstək infrastrukturu və digər
dəstək mexanizmlərinə dair təcrübəsini Vyetnamla bölüşməyə
hazırdır.

Forum çərçivəsində KOBİA və VINEN arasında əməkdaşlığa dair
Anlaşma Memorandumu imzalanıb. Sənəddə KOB-lar arasında iqtisadi,
ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, KOB-larla
iş və onlara göstərilən dəstəklər üzrə məlumat və təcrübə
mübadiləsi, qarşılıqlı işgüzar səfərlərin təşkili, KOB-lar və
əlaqədar qurumlar üçün təlim və təhsil proqramlarının təşkilinin
dəstəklənməsi kimi istiqamətlərdə əməkdaşlıq öz əksini tapıb.
Həmçinin, forumda Azərbaycan və Vyetnam iş adamları arasında kənd
təsərrüfatı, ət, qənnadı məmulatları və s. qida, kosmetik
məhsulların idxal və ixracına, birgə istehsalına dair əməkdaşlıq
haqqında niyyət protokolları imzalanıb.