Advertisement

Qazaxıstanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin sədri Azərbaycana gəlib

Bakı. Trend:

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Qazaxıstan
Respublikasının Korrupsiyaya qarşı Mübarizə Agentliyinin sədri
Asxat Jumağalinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə
işgüzar səfərdədir.

Trend xəbər verir ki, bu
barədə Baş Prokurorluqdan bildirilib.

Fəxri Xiyabanı ziyarət edən qonaqlar xalqımızın Ümummilli
lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu
Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil
qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım
Əliyevanın məzarını ziyarət ediblər. Daha sonra qonaqlar Şəhidlər
Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda
mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının məzarları
üzərinə tər qərənfillər düzərək, “Əbədi məşəl” abidəsinin önünə
əklil qoyublar.

Baş Prokurorluqda keçirilən ikitərəfli görüşdə qonaqları
salamlayan Baş prokuror, tarixi, mədəni və dini ortaqlıqlar olan
ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən Türk Dövlətləri
Təşkilatı çərçivəsində əlaqələrin inkişafında Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev və Qazaxıstan
Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayevin birgə
siyasi səylərinin nəticəsi olduğunu vurğulayıb.

Kamran Əliyev dövlət başçısının siyasi iradəsi və rəhbərliyi ilə
demokratik və hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə
korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən ardıcıl və
sistemli qabaqlayıcı tədbirlər, aparılmış hüquqi və institusional
islahatlar, milli antikorrupsiya qanunverciliyinin
təkmilləşdirilməsi, prokurorluq orqanlarının fəaliyyətinin
hərtərəfli müasirləşdirilməsi, strukturunun daha da
təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən
formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, həmçinin
qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat
verib.

Baş prokuror Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında
Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğunu,
dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban
xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və
quruculuq işlərinin aparıldığını qeyd edərək, Füzuli şəhərində
Qazaxıstanın təşəbbüsü ilə inşa olunan və bu ilin 12 mart tarixində
hər iki dövlət başçısının iştirakı ilə istifadəyə verilən
Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin qardaş dövlətin
işğaldan azad edilmiş torpaqlarda fəaliyyətinin bariz nümunəsi
olduğunu bildirib.

Həmçinin, bu ilin noyabrında dünyanın ən mötəbər beynəlxalq
tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un
və 29 sentyabr- 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar
Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının
ölkəmizdə keçiriləcəyi barədə məlumat verilib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Asxat Jumağali rəhbərlik
etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm
verdiyini bildirməklə iki ölkə arasında mövcud iqtisadi, siyasi,
sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun
məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə
bir-birinə bundan sonra da dəstək verəcəklərinə əminliyini ifadə
edib. Ölkəmizin korrupsiya ilə mübarizə sahəsində təcrübəsindən
bəhs edən qonaq, bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin faydalı
olacağını vurğulayıb.

Görüşdə Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri Alim Bayel iştirak edib.

Baş prokuror Kamran Əliyev və Qazaxıstanın Korrupsiyaya qarşı
Mübarizə Agentliyinin sədri Asxat Jumağali ölkələrimiz arasında
korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi,
mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə
Anlaşma Memorandumu imzalayıblar.

Qonaqlar Baş Prokurorluğun Tarix muzeyində ulu öndər Heydər
Əliyevin həyat və yaradıcılığına həsr olunan, həmçinin Azərbaycan
Prokurorluğunun keçdiyi inkişaf yolunu özündə əks etdirən guşə və
eksponatlarla tanış olublar.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.