Advertisement

Beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərməlidir ki, mina xəritələrini üzə çıxarsın -ŞƏRH

Bakı. Trend:

Bu gün Azərbaycan minalardan ən çox əziyyət çəkən ölkədir. 30
illik işğal dövründə ermənilər ərazilərimizdə külli miqdarda mina
basdırıb. Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını
işğaldan azad etdikdən sonra da Ermənistanın ölkəmizə qarşı mina
terroru davam edirdi. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli
bəyanatından sonra da Ermənistan tərəfi bəyanatın müddəalarını
kobud şəkildə pozaraq Azərbaycan ərazilərində minaların
basdırılmasını davam etdirib.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc
Hüseynova
deyib.

O bildirib ki, hazırda Azərbaycan ərazisi minalarla ən çox
çirklənmiş ölkələr sırasındadır.

“İkinci Qarabağ müharibəsindən sonra 100-lərlə azərbaycanlı mina
partlayışı nəticəsində həlak olub və ya yaralanıb. Bununla bərabər
digər problem ondan ibarətdir ki, çoxsaylı minalar həmin ərazilərdə
bərpa və quruculuq işlərinə ən böyük maneədir.

İkinci Qarabağ müharibəsindən sonra Ermənistan mina
xəritələrinin olmadığını iddia edirdi, lakin bir müddət sonra bir
neçə xəritəni üzə çıxardı, ancaq o xəritələr də çox səmərəsiz oldu.
Ermənistanın bu davranışı beynəlxalq konvensiyalara ziddir və
cinayət əməlidir. Çünki həmin ərazilərdə insanlar minaların
qurbanlarına çevrilirlər, soydaşlarımızın öz doğma yurdlarına
dönməsinə ciddi maneə yaranır”, – deyə deputat bildirib.

O qeyd edib ki, beynəlxalq təşkilatlar buna münasibət bildirməli
və Ermənistana təzyiq göstərməlidir ki, mina xəritələrini üzə
çıxarsın və mina təmizləmə işləri sürətləndirilsin.

Politoloq İlyas Hüseynov isə Trend-in
suallarını cavablandırarkən bildirib ki, bütün regionda baş verən
proseslərlə bağlı müxtəlif konfransların, dəyərmi masaların
keçirilməsi mütləq xarakter daşıyır.

“Artıq Azərbaycanın təşəbbüsü ilə 3-cü dəfədir ki, Zəngilanda
minalarla bağlı beynəlxalq konfrans keçirilir. Azərbaycan dünyada
minalarla çirklənmiş ərazilər baxımından ən qabaqcıl yerlərdən
birini tutur. Qarabağ, Şərqi Zəngəzur ərazisində milyonlarla piyada
və tank əleyhinə minalar basdırılıb, bununla yanaşı olaraq
partlamamış silah sursatlar Birinci və ikinci Qarabağ
müharibəsindən qalır. Bu minalar, silah sursatlar can alır.
Xüsusilə vurğulamaq istədiyim məqam bundan ibarətdir ki, Azərbaycan
öz gücü hesabına, öz maliyyə imkanları hesabına minatəmizləmə
işlərini həyata keçirdir və beynəlxalq donor təşkilatlarının bu
istiqamətdə Azərbaycana yardımı ürəkaçan səviyyədə deyil. Dronlar,
xüsusi texniki vasitələr, mina axtaran itlər və digər dəstəyə
ehtiyac vardır.

Məhz ərazilərin minalardan təmizlənməsi ölkəmizin dayanıqlı
inkişafına xidmət edir. Eyni zamanda mina təhdidi bizim keçmiş
məcburi köçkünlərimizin tez bir zamanda öz doğma yurd-yuvalarına
qayıdışının da qarşısını alır”, – deyə o bildirib.