
Bakı. Trend:
Azərbaycan son onillərin ən böyük tarixi nailiyyətlərindən biri
olan Qarabağ münaqişəsinin sona çatdığı 2020-ci ilin payızında
Qarabağın işğaldan azad edilməsi ilə dünyanın diqqətini üzərinə
cəlb etdi. Bu tarixi hadisə ilə eyni zamanda, Xocalı soyqırımının
qisası döyüş meydanında alınmış oldu. Ermənistanın 1992-ci ildə
Xocalıya törətdiyi soyqırım faciəsi, 613 dinc insanın vahşicəsinə
qətlə yetirilməsi ilə nəticələnmişdi. 32 il sonra Prezident İlham
Əliyevin rəhbərliyi altında Azərbaycan Xocalı sakinlərini öz doğma
torpaqlarına qaytarmağa və yaşayış məntəqələrini bərpa etməyə nail
oldu.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.
Politoloq deyib ki, Xocalı soyqırımının 32-ci ilində sakinlər öz
evlərinə və torpaqlarına qayıdaraq, yeni həyat qurmağa başladılar.
Bu proses Azərbaycan hökumətinin və Prezident İlham Əliyevin şəxsi
liderliyinin təşəbbüsü ilə cəmi 8 ay ərzində tamamlandı: “Qarabağın
işğaldan azad edilməsi ilə başlayan yenidənqurma prosesi bütün
dünyaya Azərbaycanın iradəsini, möhkəmliyini və dövlətin strateji
vəziyyətini nümayiş etdirdi. Azərbaycan hökuməti, bölgədə
yenidənqurma və bərpaya həsr edilən büdcə və səmərəli
investisiyalar ilə Xocalı və ətrafındakı ərazilərin bərpası ilə
bağlı bir sıra layihələri həyata keçirir”.
A.Qarayev onu da əlavə edib ki, yenidənqurma prosesinin bir
hissəsi olaraq, Xocalıda “Xocalı Soyqırımı”nın xatirəsini təqdim
edən bir memorial kompleksin tikintisinə də başlanıb.
“Bu kompleks Xocalı soyqırımı qurbanlarının əzab və
əziyyətlərini əbədiləşdirən bir abidə olaraq inşa edilir.
Azərbaycan hökumətinin xüsusi diqqəti və təşəbbüsü ilə Xocalıda
yenidənqurma prosesinin sürətlə həyata keçirilməsi, dünya
ictimaiyyətinin də nəzərindən qaçmamalıdır. Bu, Azərbaycanın möhkəm
və iradəli bir dövlət olduğunu və torpaqları ərazisində yaşayan
insanların hüquqlarını qorumaq üçün ciddi addımlar atmaqda
məsuliyyət daşıdığını nümayiş etdirir”, – o qeyd edib.
Politoloq onu da əlavə edib ki, bu gün erməni kilsəsi və
Ermənistanın daxilindəki revanşist qüvvələr, habelə xaricdəki
erməni diasporu Azərbaycanla Ermənistan arasında istənilən
razılaşmanın əldə olunmasına qarşıdır.
“Onlar Azərbaycanın tarixi torpaqlarının ölkəmizə qaytarılması
reallığı ilə barışmaq istəmirlər. Buna görə də rəsmi İrəvanın
ünvanına ciddi ittihamlar səsləndirirlər. Məhz bu amilləri nəzərə
alaraq Azərbaycan Ordusu daim güclənir, istənilən təxribatın
qarşısını almağa hazırdır”, – A. Qarayev vurğulayıb.





























