Advertisement

Avropa Parlamenti korrupsiya girdabından qurtula bilmir

Bakı. Trend:

Silsilə korrupsiya qalmaqalları Avropa Parlamentini sarsıdır.
Burada bir-birinin ardınca xoşagəlməz hadisələr baş verir,
avropalıların qanunverici orqanının çürümüş mahiyyəti daha da aşkar
şəkildə üzə çıxır.

Xatırladaq ki, təqribən il yarım əvvəl uzaq Qətərdə keçirilən
futbol üzrə dünya çempionatı zamanı dünyanın aparıcı qəzetlərinin
redaksiyaları, televiziya ekranları və smartfonlar qəflətən
Brüsseldə Avropa Parlamentinin vitse-prezidenti, yunan siyasətçi
Eva Kaylinin və daha üç şəxsin, o cümlədən onun sevgilisi, üstəlik,
başqa bir avropalı deputatın köməkçisi olan italyan Françesko
Giorginin, habelə sabiq Avropa deputatı, italiyalı Pyer Antonio
Panzerinin saxlanılması ilə bağlı sensasion xəbərlərlə
çalxalanmışdı. Saxlanılan dördüncü şəxs isə adı açıqlanmayan
lobbiçidir və təbii ki, o, həm də Avropa Parlamentinə sanki öz evi
kimi gedib-gəlirmiş.

Trend xəbər verir ki, dünyanı şoka salan həbslər karbohidrogen
ehtiyatları ilə çox zəngin Körfəz yarımadası dövlətinin Avropa
Parlamentində nüfuzu “satın almaq” cəhdi ilə bağlı korrupsiya
araşdırması çərçivəsində polis tərəfindən həyata keçirilib.

Bundan sonra istintaqın keçmiş avropalı deputat Pyer Antonio
Panzerinin həmyerlisi və Avropa Parlamentinin “cəngavəri” Françesko
Giorgi vasitəsilə varlı şeyxlərin bu gəncin istəkli xanımı, Avropa
Parlamentinin vitse-prezidenti ilə əlaqə qura biləcəyindən
şübhələnmək üçün hər cür əsası olub. Polis Eva Kaylinin özünün
ofisin ilə yanaşı, daha iki avropalı deputatın – belçikalı Mark
Tarabella və Mariya Arenanın ofislərini də möhürləyib. Adı
açıqlanmayan həmin “neft-qaz futbolu” ölkəsinin maraqlarını bu
Avropa qurumunda təbliğ etmək üçün Avropa Parlamentində nüfuzlu
vəzifə tutan siyasətçilərə rüşvət verildiyi barədə məlumatlar əldə
edilib.

Siyasi karyerasını şərəfsiz şəkildə başa vuran Kayli son illərdə
erməni lobbiçiləri, xüsusən də vaxtilə “Ədalət və Demokratiya
uğrunda Avropa Erməni Federasiyası”nın (“ədalət” kəlməsi gülüncdür
və əlbəttə, erməni anlayışındadır-müəllif) təsisçisi Kaspar
Karampetyanla sıx əməkdaşlıq edib. Bu personaj da Afinada doğulub
və onun Yunanıstan, Lüksemburq və Ermənistan vətəndaşlığı var.
Afrikanın münaqişə bölgələrindən qaçaqmalçılıq yolu ilə Belçikaya
müxtəlif rəngli brilyantlar daşımaqla böyük kapital qazanan
Karampetyan, həm də qurduğu şübhəli federasiya vasitəsilə və
Ermənistan xüsusi xidmət orqanlarının yaxından iştirakı ilə
avropalı deputatları o vaxt işğal altında olan Qarabağa aparıb,
fırıldaqçı və indi məhkəməsini gözləyən Bako Saakyanın Strasburqa
səfərini təşkil edib, Avropa Parlamentinin dostluq qrupundan
Ermənistanın xeyrinə bəyanatları satın alıb (yeri gəlmişkən, imza
atanlar arasında həmişə eyni pul hərisinin – Kaylinin adı
çəkilirdi) və həmçinin Koçaryan, Sarkisyan, Tsarukyan kimi siyasi
möhtəkirlərin Ermənistanda oğurladığı sərvətləri Yunanıstan və
Kiprdə “yumağa” köməklik göstərib. Ümumiyyətlə, “mafiya-lobbi”
sxeminin erməni qəhrəmanının klassik almanaxı göz qabağındadır.

İnternetdəki açıq mənbələr Avropa Parlamentinin korrupsiyaya
bataqlığına batmış mahiyyətini və bu məsələdə erməni lobbiçilərinin
rolunu üzə çıxaran yazılar dərc edib. Bu qalmaqallarda Avropa
Parlamentinin üzvlərinin adları üzə çıxıb. Hekayənin baş qəhrəmanı
isə “Mövcud Siyasət üzrə Beynəlxalq Agentlik” adlanan başqa bir
fırıldaq ofisinin təsisçisi Sarqis Mirzəxanyan adlı şəxs olub… Bu
ofisin adı da artıq oxucuya məlum olan və bir növ “erməni
ədaləti”nin rəmzinə çevrilmiş Karampetyanın federasiyası kimi gözəl
səslənir. 2014-cü ildən Dövlət Dumasının deputatı İqor Zotovun
köməkçisi olan Mirzəxanyan Avropa siyasətçiləri və media qurumları
ilə işi koordinasiya edib. Daha sadə dillə desək, onları axtarıb
tapır və satın alırdı. Eynilə, “Ölü canları”ın Çiçikovu kimi.

O, satın alınmış avropalı siyasətçiləri Krıma dəvət edir,
qonorarlar barədə razılaşır, Avropa mediasında məqalələr sifariş
edir, qətnamələrin və bəyanatların qəbulu üzrə lobbiçilik
fəaliyyəti göstərir, Avropa şəhərlərində tətbiq olunan anti-Rusiya
sanksiyalarına qarşı mitinqlərin təşkilatçısı rolunu oynayırdı.

Mirzəxanyanın yaratdığı avropalı siyasətçilərdən və
lobbiçilərdən ibarət korrupsiya şəbəkəsi vasitəsilə Avropa
Parlamentinin deputatlarına bu sanksiyalara qarşı çıxış etmək üçün
külli miqdarda pul ödənilib. Əslində, Kipr parlamentindəki AKEL
fraksiyasının üzvlərinin imzaları bu ölkənin Qərbin sanksiya
koalisiyasından çıxması ilə bağlı qətnamə layihəsi üçün məhz bu
yolla satın alınıb. Mirzəxanyanın yazışmalarında Kipr tərəfindən
sanksiyaların ləğvi ilə bağlı qətnamənin mətni tapılıb ki, bu da
bir neçə ay sonra həmin fraksiya tərəfindən imzalanmış son
variantla demək olar ki, eynidir. Rusiya Diplomatik Akademiyasının
məzunu Sarqis Mirzəxanyana isə pula ehtiyacı olan AKEL partiyasına
qoşulmaqda eyni Alma Materin bənzər rəngarəng ad və soyadlı başqa
bir məzunu – Areq Aqasaryan kömək edib.

Mirzəxanyanın qrupu Kiprlə yanaşı, İtaliya, Yunanıstan, Latviya,
Avstriya və hətta AŞPA-da da sanksiya əleyhinə təşəbbüsləri
hazırlayıb. Ayrı-ayrı Avropa ölkələrinin parlamentlərinin
deputatları müəyyən ödəniş müqabilində və məbləği Mirzəxanyan
tərəfindən ayrıca razılaşdırmaq şərti ilə, sanksiyaların ləğvi ilə
bağlı qərar layihələri hazırlayıb qanunverici orqanlara təqdim
etməli idilər. Ən maraqlısı odur ki, onların demək olar ki,
hamısını türkofobiya, islamofobiya və ermənifiliya ilə tanınan
sağçı radikal partiyalara mənsubiyyət amili birləşdirirdi.
Mirzəxanyanın elektron poçtundan “sındırılaraq” götürülən
yazışmalarda bu sxemlərin büdcəsi üzə çıxıb; belə bir layihənin
təqdimatı üçün 20 min avro, səsvermə və sənədin qəbulu uğurlu
olarsa, daha 15 min avro ödənilirdi. Məktubların birində
Mirzəxanyan bildirir ki, o, adı açıqlanmayan avropalı siyasətçidən
“səsvermənin qiymət tarifi” ilə bağlı məlumat alıb.

Sağçı partiyaların nümayəndələrinin – İtaliyanın Şimal
Liqasından Paolo Tosato və Avstriya Azadlıq Partiyasından Yohannes
Hübnerin yazışmalardan göründüyü kimi, onlar qətnamələr üçün
təkliflər verməli idilər və həqiqətən də belə təkliflər təqdim
edilib.

2016-cı ildə Mirzəxanyanın təşkilatı Veneto regional
parlamentindən italiyalı deputat Stefano Valdeqamberi ilə
əməkdaşlıq edib: bu, Avropa İttifaqında Rusiyaya qarşı
sanksiyaların ləğvi ilə bağlı qətnamə qəbul edən ilk regiondur.

Mirzəxanyan elektron məktublarının birində yazırdı: “Bomba
partlayışı effekti baş verdi! Media nöqteyi-nəzərindən bu, çox
güman ki, bizim ən səs-küylü press-relizimiz olacaq!” Sonra
Liquriya və Lombardiyadakı regional şuralar Venetonun yolu ilə
getdilər və Krımı Rusiyanın bir hissəsi kimi “tanımaq” üçün öz
qətnamələrini qəbul etdilər. Düzdür, yerli səviyyədə qəbul olunan
bu qətnamələr heç bir nəticəyə gətirib çıxarmadı, çünki real,
təsirli qərarlar ölkə səviyyəsində deyil, əyalət səviyyəsində
deyil, qanunvericilikdə deyil, icra hakimiyyəti qanadında
verilir.

Yəni, bu hekayədə bir tərəf ödəyib, digəri pulu alıb və sadəcə
olaraq, layihələr təqdim etməklə, mənasız məktublar yazmaqla
müştərini “aldadıb”. Amma buna baxmayaraq, bu, məsələn, “erməni
soyqırımı”nın və ya “Artsaxın blokadasının pislənməsi”nin tanınması
ilə bağlı bəyanatların və qətnamələrin nə qədər mənasız və
nəticəsiz olduğunu açıq şəkildə göstərir. Bunun adı özünü
aldatmadır! Pulu havaya sovurublar! Bu, məsələlərdən xəbəri olmayan
adi insanın “boşanmasına” və sosial şəbəkələrdə “böyük” işlər
gördüyü görüntüsü yaratmaqla ümumi sevinc hissi yaratmasına
bənzəyir.

Artıq neçə dəfədir ki, hər qəbul edilən qətnamədən sonra sevinən
sadəlövh ermənilərə başa salmağa çalışırıq ki, dünyanın bütün
parlamentlərindən bu mənasız “JEK müdiri vəsiqəsi”ni yığsalar belə,
bütün bu kağız yığını heç bir dəyişikliyə səbəb olmayacaq. Xəritədə
torpaqlar, sərhədlər dəyişməyəcək. Dünya xəritəsində qətnamə qəbul
etmiş ölkələrin bayraqlarını yerləşdirməklə özünüzü aldatmayın.

Bununla belə, bir klassikin də yazdığı kimi, “Ah, məni aldatmaq
çətin deyil!.. Özümü aldatdığım üçün sevinirəm!”

Mirzəxanyanın yazışmalarında Avstriya, Almaniya, İtaliya, Çexiya
və Polşadan Yalta Beynəlxalq İqtisadi Forumuna dəvət olunmuş doqquz
avropalı siyasətçinin adı və onların 7600 avroluq aviabiletlərini
nəzərə almasaq, 21500 avro məbləğində qonorarın doqquza bölünmüş
siyahısı da var. Bura 300 milyon dollar dəyərində dəbdəbəli “Mriya”
otelində qonaqlama da daxildir. Bu məqsədlə Mirzəxanyan 2017-ci
ildə “HemingwayPartners PR” şirkətini anası Satenik Markaryanın
adına rəsmiləşdirib. Böyük yazıçı sağlığında belə şübhəli
şəriklərinin ola biləcəyindən xəbərsiz idi.

Yazışmalarda o da göstərilir ki, 2018-ci ildə vəfat etmiş
avstriyalı siyasətçi Robert Ştayzl, Almaniyanın sağçı “Almaniya
üçün Alternativ” – AfD partiyasının üzvü Manuel Oxsenrayter və
polşalı ər-arvad Mateuş Piskorski və Marina Klebanoviç
Mirzəxanyanla xüsusilə sıx əməkdaşlıq ediblər. Yeri gəlmişkən,
Mateuş 2016-cı ildə casusluq ittihamı ilə həbs edilib.

Robert Ştayzl ilə yazışmalar poçtunda 90-a yaxın məktub var. O,
şəxsi əlaqələrdən istifadə edərək İsveçrənin “Zeit Fragen”
jurnalında Marina Klebanoviçin göndərdiyi məqalələri öz adı ilə
dərc etdirirdi. Ştayzl 23 sentyabr 2016-cı il tarixli məktubların
birində ona göndərilən yazıların keyfiyyətindən şikayət edib və ona
belə cavab verilib: “Sarqis məqalələrin pulunu ödədiyi üçün
izahatla maraqlanmır, əsas odur ki, onlar dərc olunur”.

Ştayzl qarşı tərəfə cavab yazıb: “Əgər dərc etdirmək istəyirsə,
üslub və məzmunun məqbul olması ilə razılaşmalıdır. Mən robot
deyiləm”. Lakin dörd gündən sonra sifarişli məqalə uğurla çap
olunub.

Həmin Ştayzl Avropa Parlamentinin üzvü Evald Ştadler ilə sıx
əməkdaşlıq edib, onun da Mirzəxanyanla yaxın münasibətləri
olub.

AfD-dən olan alman sağçı radikal Manuel Oxsenrayterə gəlincə,
yazışmalardan aydın olur ki, o, rəhbərlik etdiyi aylıq “ZUERST!”
jurnalında məqalə dərc etmək üçün Mirzəxanyandan 12 min avro
istəyib və eyni partiyadan olan Avropa Parlamentinin deputatı
Markus Pretzel ilə müsahibə təşkil etməsi barədə ona məlumat verib.
Sonuncu sanksiyalara qarşı çıxış edirdi. Müsahibə 2016-cı ilin iyul
ayında götürülüb və dərc edilib. Əlbəttə, ödəniş edildikdən
sonra.

Biz isə sadəlövhcəsinə düşünürdük ki, niyə Avropa nəşrləri
Azərbaycanın ədalətli mövqeyini əks etdirən, ən əsası isə
beynəlxalq hüquqdan və onların öyündükləri Avropa dəyərlərindən
irəli gələn yazılarımızı dərc etmir. Ancaq mücrü tədricən açıldı və
məlum oldu ki, siz bunun üçün pul ödəməli idiniz! Yəni, Avropa
“dəyərlərinə” görə. Həm də Avropa qiymətləri ilə!

İndi, demək olar ki, il yarımdan sonra “Politico.eu” yeni
sensasiyalı xəbərlər dərc edir. Məlum olur ki, Avropa Parlamentinin
bir sıra deputatları “Avropanın Səsi” internet saytı vasitəsilə
əvvəlki kimi, “sadəcə quru sağ ol” olmadan sanksiyaların ləğvi
lehinə lobbiçilik etməyə davam edirlər. Həm Brüsseldə, həm də
Strasburqda siyasətçilərin mənzillərində və ofislərində reydlər
keçirilib, elektron və fiziki yaddaş daşıyıcıları ələ keçirilib.
Müttəhimlər arasında eyni sağ radikal partiyaların üzvlərinin də
adları var. Onlardan biri də hollandiyalı siyasətçi Marsel de
Qraafdır. Onun köməkçisi aprel ayında Çin kəşfiyyatında xidmət
etdiyinə görə həbs edilən başqa bir ifrat sağçı alman deputat
Maksimilian Kraç ilə sıx əlaqədə idi. Drezden prokurorluğu artıq
Kraçın bir sıra xarici ölkələrin siyasi dairələri ilə əlaqəsini və
onlardan müqavilə fəaliyyəti üçün ödəniş almasını araşdırır. Bundan
əlavə, alman siyasətçi nasizmə rəğbəti və nasist salamları ilə
tanınır.

Bundan əlavə, Almaniyanın “Thueringer Allgemeine” qəzeti
etibarlı mənbələrə istinadla bu yaxınlarda yazıb ki, Belçika polisi
və alman müstəntiqlər sağ mərkəzçi Avropa Xalq Partiyasının (EPP)
Brüsseldəki qərargahına basqın ediblər. Reyd mərkəzi Türingiya
əyalətində (Almaniya) Xristian Demokratlar Partiyasının lideri
Mario Voigta qarşı EPP-nin 2019-cu il Avropa seçkiləri üçün
rəqəmsal təşviqat kampaniyasındakı rolu ilə bağlı davam edən
korrupsiya araşdırması ilə əlaqədar olub. İstintaq Voigtin
kampaniya zamanı müqavilə bağladığı internet şirkətindən təzminat
alması ilə bağlı iddialara əsaslanır. EPP üzvləri arasında Avropa
Parlamentinin sədri Robert Metsola, Yunanıstanın Baş naziri
Kiriakos Mitsotakis və İsveçin Baş naziri Ulf Kristersson kimi
məşhur siyasətçilər də var.

Bu, Avropa Parlamentində birinci və güman edirik ki, sonuncu
korrupsiya qalmaqalı deyil. Həm də bu təşkilat hələ başqalarına da
“ağıl verməklə” məşğuldur. Burada məşhur bir aforizm yada düşür; öz
gözündə tiri görmür, başqasının gözündə tük axtarır.