Advertisement

Azərbaycanın və Türkiyənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair birgə bəyanat imzalanıb

Bakı. Trend:

Ədliyyə naziri Fərid Əhmədov türkiyəli həmkarı Yılmaz Tunçun
dəvəti ilə Türkiyədə səfərdə olub.

Trend xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat
xidmətindən məlumat verilib.

Səfər zamanı Türkiyə Respublikasının banisi Mustafa Kamal
Atatürkün dəfn olunduğu məqbərə – Anıtqəbir və Ümummilli Lider
Heydər Əliyevin abidəsi ziyarət olunaraq xatirələri ehtiramla
anılıb.

Səfər çərçivəsində hər iki ölkənin ədliyyə nazirləri arasında
görüş keçirilib. Görüşdə Fərid Əhmədov iki ölkə arasındakı
münasibətlərin qardaşlıq və “bir millət, iki dövlət” prinsipinə
əsaslandığını, əməkdaşlığın bütün sahələrdə strateji müttəfiqlik
səviyyəsində yüksələn xətlə və uğurla davam etdirildiyini
vurğulayıb. O qeyd edib ki, iki ölkə prezidentləri səviyyəsində
dostluq münasibətləri Türkiyə və Azərbaycan arasındakı tarixi
əlaqələri daha da möhkəmləndirib. Yılmaz Tunç 2021-ci ildə
imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası
arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ilə
iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin və
ikitərəfli əməkdaşlığın daha yüksək səviyyəyə qalxdığını
bildirib.

Görüşdə ədliyyə sahəsində qarşılıqlı maraq doğuran məsələlər
müzakirə edilib, iki qardaş ölkə arasında müvafiq sahə üzrə
müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsinin
vacibliyi vurğulanıb. Qarşılıqlı səfərlərin və ikitərəfli
görüşlərin keçirilməsi, cəzaların icrası, penitensiar və probasiya
sistemləri üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi, İKT-nin
tətbiqi, eləcə də ədliyyə xidmətlərinin əlçatanlığının artırılması
üzrə təcrübələrin paylaşılması, ekstradisiya, məhkumların
verilməsi, qarşılıqlı hüquqi yardım sahəsində ikitərəfli
əməkdaşlığın inkişaf etdirilməsi, birgə təlimlərin təşkil edilməsi
üzrə konkret tədbirlərin görülməsi barədə razılıq əldə olunub.

Görüşün sonunda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə
Türkiyə Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlığa dair
birgə bəyanat imzalanıb.

Həmçinin Fərid Əhmədov səfər çərçivəsində Türkiyə Cəza və Həbs
Evləri Baş İdarəsini ziyarət edib, qurumun fəaliyyəti ilə, eləcə də
cəzaçəkmə müəssisələrində İKT-nın tətbiqi ilə yaradılan imkanlarla
tanış olub.

Bundan əlavə Türkiyə Ədliyyə Akademiyasında və Türkiyə Ədliyyə
Nazirliyinin İnformasiya Texnologiyaları Baş İdarəsində görüşlər
keçirilib. Fərid Əhmədov Ədliyyə Akademiyasının fəaliyyəti, eləcə
də tədris prosesi ilə yaxından tanış olub, orada təhsil alan
gələcəkdə məhkəmə və prokurorluq orqanlarında çalışacaq
namizədlərlə görüşüb. İnformasiya Texnologiyaları Baş İdarəsində
Türkiyənin elektron ədliyyə xidmətləri ilə bağlı təcrübəsi və
görülən işlər barədə təqdimat nümayiş etdirilib.

Səfər çərçivəsində açıqtipli cəzaçəkmə müəssisəsi də ziyarət
edilib, oranın fəaliyyəti ilə yaxından tanış olunub.