Advertisement

Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərginin açılışında iştirak edib (FOTO)

Bakı. Trend:

Martın 17-də Heydər Əliyev Mərkəzində “İlmələrdə yaşayan irs:
Özbəkistan tikmələrinə səyahət” adlı sərgi açılıb.

Trend xəbər verir
ki, sərginin açılışında Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Respublikası
Prezidentinin köməkçisi Saida Mirziyoyeva iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev
Mərkəzinin direktoru Anar Ələkbərov sərginin açılış mərasimində
çıxış edərək Azərbaycan və Özbəkistan arasında əsrlərə söykənən
dostluq və qardaşlıq münasibətlərinin xüsusilə son illər Prezident
İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri
əsasında uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycan-Özbəkistan
münasibətlərində mədəni əlaqələrin xüsusi yer tutduğunu qeyd edən
Prezidentin köməkçisi ölkələrimizin mədəniyyət günlərinin uğurla
təşkil olunduğunu xatırladıb.

Bu sərginin ölkələrimiz arasında dostluq və qardaşlıq
münasibətlərinin daha bir göstəricisi olduğunu qeyd edən Anar
Ələkbərov deyib: “Heydər Əliyev Mərkəzi hazırda beynəlxalq
konfransların, sərgilərin keçirilməsi üçün platformaya çevrilib. Bu
tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevaya təşəkkürümüzü bildirmək istərdik. Bu gün biz Özbəkistan
Respublikası Prezidentinin köməkçisi Saida Mirziyoyevanın və
Özbəkistan Mədəniyyətinin və İncəsənətinin İnkişafı Fondunun
sayəsində Heydər Əliyev Mərkəzində Özbəkistana həsr olunan birinci
tədbiri keçiririk. Dünən “Lazgi. Qəlb və sevginin rəqsi” adlı balet
tamaşasının təqdimatı oldu. Bu, UNESCO-nun Qeyri-maddi mədəni irs
siyahısına daxil olan rəqsdir. Bildiyiniz kimi, gələn həftə Novruz
bayramıdır. Bu bayram günlərində ziyarətçilərimiz həm bu gün açılan
sərgi, həm də bu sərgi ərəfəsində Mərkəzdə Daniel Vürtzelin nümayiş
etdirilən “Hava fontanı” instalyasiyası ilə tanış ola
biləcəklər”.

Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva tədbirdə
çıxış edərək Azərbaycanda olmaqdan və bu sərginin təşkilindən
məmnunluğunu ifadə edib: “Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində
“İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı böyük
sərgi açılır. Bu sərgi təkcə dekorativ-tətbiqi sənət kolleksiyasını
nümayiş etdirmir, həm də Özbəkistanın mədəni irsinin zəngin
müxtəlifliyinin canlı şahidi, onun tarixi dərinliyinin və mədəni
təkamülünün təcəssümüdür”.

Özbəkistan ilə Azərbaycan arasında bənzərsiz tarixi əlaqələrin
mövcudluğunu qeyd edən Saida Mirziyoyeva vurğulayıb: “Hər iki
dövlət çoxəsrlik tarixə və zəngin mədəni ənənələrə malikdir.
Özbəkistanı və Azərbaycanı tarixdə, mədəniyyətdə və ənənələrdə
çoxsaylı ortaq məqamlar birləşdirir. Hər iki xalq qonaqpərvərliyi,
zəngin milli mətbəxi və tikmə, ağac üzərində oyma, keramika kimi
nadir xalq sənəti irsinə sahibdir. Qoy bu böyük tədbir xalqlarımız
arasında daha bir körpüyə, gözəllik və harmoniya ilə bağlı ortaq
səylərimizin sübutuna çevrilsin”.

Çıxışlardan sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan “Azərbaycan
xalçası-ilmələrin rəqsi” və “Kukla incəsənətdə” sərgiləri ilə tanış
olublar.

Qeyd edək ki, xalça kolleksiyası səkkiz il ərzində ərsəyə gəlib.
Qədim sənətə yeni nəfəs verən sərginin kolleksiyasındakı “Yaranış”,
“Şikargah”, “Xan ovu”, “Cəng və barış”, “Bəndi-rumi”, “Şəbəkəli”,
“Adəm və Həvva”, “Ağaclı”, “Narlı“, “Göllü”, “Ləçək-turunc”, “Dörd
fəsil”, “Tağlı”, “Cəmadət” xalçaları, “Cənnət quşları” və “Cənnət
bağı” dəstxalı – gəbələri bənzərsiz sənət nümunələri böyük maraqla
qarşılanıb. Kolleksiyadakı xalçaların hər biri naxışları,
ornamentləri vasitəsilə ziyarətçilərə öz mesajlarını çatdırır.

“Kukla incəsənətdə” sərgisində isə 200-dən çox kukla nümayiş
etdirilir. Ekspozisiyada nümayiş etdirilən sənət nümunələrinin
əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir.
Həmin əsərlərin çoxu beynəlxalq kukla festivalları və
biennalelərində qalib olub.

Daha sonra Mehriban xanım Əliyeva və Saida Mirziyoyeva
“İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” sərgisinin
rəmzi açılışını bildirən lenti kəsdilər və ekspozisiya ilə tanış
oldular.

Məlumat verildi ki, Özbəkistan Mədəniyyətinin və İncəsənətinin
İnkişafı Fondu ilə birgə keçirilən sərgidə bu ölkənin muzey
toplusundan olan 140-dan çox dekorativ-tətbiqi sənət nümunəsi
nümayiş etdirilir. Dost ölkənin mədəni-tarixi irsinə və milli
geyimlərinə həsr olunan ekspozisiya XIX-XX əsrlərdə Özbəkistana xas
sənətkarlığın dirçəlişini əks etdirir. Buxaranın qızıl tikmələri
hər zaman Özbəkistanda digər sənət növləri arasında xüsusi yer
tutub.

“İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” sərgisi
bir neçə bölmədən ibarətdir: kişilərin milli geyiminin əsas
elementi olan qızıl naxışlı çapanlar (uzun üst geyimi) bölməsi,
Daşkənd, Cizax, Səmərqənd, Şəhrisəbz, Nurata və Buxara kimi
şəhərlərdə əl ilə işlənmiş, əsasən gül və ulduz motivlərinin
üstünlük təşkil etdiyi dekorativ tekstil – suzani nümunələrinin
nümayiş olunduğu tikmə bölməsi, Səmərqənd, Buxara və
Qaraqalpaqstandan olan qədim ustaların gümüşdən, firuzə və digər
qiymətli daşlardan hazırladıqları zərgərlik nümunələri bölməsi.

Tədbirdə Özbəkistanın milli musiqisi səsləndirilib.

Bakı sakinləri və paytaxtımızın qonaqları Heydər Əliyev
Mərkəzində sərgi ilə iyulun 1-dək tanış ola bilərlər.