Advertisement

Sahibə Qafarova qırğızıstanlı həmkarı ilə görüşüb

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 4-də ölkəmizdə rəsmi
səfərdə olan Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek
Şakiyevin başçılıq etdiyi parlament nümayəndə heyəti ilə
görüşüb.

Parlamentdən Trend-ə verilən məlumata görə, əvvəlcə Joqorku
Keneşin sədri Milli Məclisin plenar iclas zalı ilə tanış olub.

Görüşdə xalqlarımızın ortaq tarixinin, mədəniyyətinin, dil və
dininin ölkələrimiz arasında əlaqələrin əsasını təşkil etdiyi qeyd
olunaraq, bildirilib ki, müstəqillik əldə etdikdən sonra
ölkələrimiz arasındakı əlaqələr məhz bu möhkəm təməl üzərində
qurulub. Vurğulanıb ki, ötən il ölkələrimiz arasında diplomatik
münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olub. Bu illər
ərzində dövlətlərimiz arasındakı əlaqələr dostluq və qarşılıqlı
anlaşma prinsipləri əsasında davamlı inkişaf edib və artıq strateji
tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında dövlət
başçıları səviyyəsində qarşılıqlı səfərlərin və görüşlərin müstəsna
rolu qeyd edilərək vurğulanıb ki, prezidentlərimiz arasında
qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər, fəal siyasi
dialoq iki ölkə arasında əlaqələrin dinamikasına çox mühüm təsir
edir.

Görüşdə Azərbaycan-Qırğızıstan münasibətlərində qarşılıqlı
etimadın yaradılması və inkişaf etdirilməsində Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin xidmətləri xüsusi qeyd olunub.

Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində
də fəal əməkdaşlıq etmələrindən razılıq ifadə olunub. O cümlədən,
qeyd edilib ki, Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında
çoxtərəfli əməkdaşlıqda xüsusi əhəmiyyətə malikdir. Milli Məclisin
sədri Sahibə Qafarova deyib ki, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev Milli Məclisdə keçirilmiş andiçmə
mərasimindəki proqram xarakterli çıxışında Azərbaycanın qarşısında
duran vəzifələrdən danışarkən, bizim Türk dünyasından başqa
ailəmizin olmadığını bildirib.

Görüşdə qeyd olunub ki, bu gün qanunvericilik orqanlarımız
arasında səmərəli əməkdaşlıq qurulub və bu əməkdaşlığı daha da
dərinləşdirmək üçün yaxşı imkanlar var. Parlament sədrlərinin və
üzvlərinin qarşılıqlı səfərləri, deputatlarımızın müxtəlif
beynəlxalq və regional təşkilatlar çərçivəsində daimi təmasları bu
əməkdaşlığın inkişafına mühüm təkan verir. Bu mənada parlament
komitələri, dostluq qrupları arasındakı əlaqələrin önəminə diqqət
çəkilib.

Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev 28
May – Müstəqillik Günü münasibətilə təbriklərini çatdıraraq,
Azərbaycan xalqına sülh və firavanlıq arzulayıb.

O, ötən il Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100
illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək
məqsədilə ölkəmizə səfər etdiyini xatırladaraq, Ulu Öndərin bütün
Türk dünyasının qüruru olduğunu və bu tədbirdə iştirak etməklə dahi
liderin xatirəsinə hörmət və ehtiramlarını ifadə etdiklərini
söyləyib. Nurlanbek Şakiyev bu kimi tədbirlərin yalnız parlamentlər
deyil, xalqlarımız arasında da münasibətlərin inkişafına töhfə
verdiyini bildirib.

O, qarşılıqlı səfərlərin, deputatlarımız arasında təmasların
ikitərəfli əlaqələrin, parlamentlərarası əməkdaşlığın
möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Nurlanbek
Şakiyev deyib ki, ölkələrimiz arasında çoxəsrlik tarixi kökləri
olan dostluq münasibətlərinin inkişaf etdirilməsi xalqlarımızın
maraqlarına uyğundur. Joqorku Keneşin sədri parlamentlərimizin
beynəlxalq platformalarda qarşılıqlı dəstəyinin davam etdirilməsi,
birgə təşəbbüslərin irəli sürülməsi ilə bağlı fikirlərini
bölüşüb.

Söhbət zamanı Milli Məclisin sədri qonağa regiondakı vəziyyət
haqqında məlumat verib. O, Azərbaycanın öz ərazilərini Ermənistanın
30 illik işğalından qurtarmasından, ərazi bütövlüyünü və
suverenliyini tam bərpa etməsindən söz açıb, ölkəmizin regionda
sülhün əldə olunması istiqamətində atdığı addımlar və irəli sürdüyü
təşəbbüslərdən, sülh sazişinin imzalanması istiqamətində görülən
işlərdən danışıb, bəzi üçüncü tərəflərin regionda sülhün bərqərar
olmasına törətdiyi əngəlləri diqqətə çatdırıb.

Sahibə Qafarova qonaqların sabah Azərbaycanın işğaldan azad
olunmuş ərazilərinə – Füzuli və Şuşa şəhərlərinə səfəri zamanı
işğal dövründə Ermənistan tərəfinin törətdiyi dağıntılarla və
Azərbaycanın azad edilmiş ərazilərdə apardığı genişmiqyaslı bərpa
və quruculuq işləri ilə yaxından tanış olacaqlarını deyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir
mübadiləsi aparılıb.