Bakı. Trend:
Bu gün Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində
keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian
Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji –
“Caspian Power” sərgilərinin açılış mərasimində “Caspian Energy
Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev
Azərbaycan Prezidenti İlham Əliyevə “Caspian Energy” jurnalının
yubiley nüsxəsini təqdim edib.
“Caspian Energy Club”dan Trend-ə verilən məlumata görə, ölkə
başçısına şirkətin və “Caspian Energy International Media Group”un
fəaliyyəti və gələcək planları barədə məlumat verilib.
“Eyni zamanda, sentyabr ayında işıq üzü görəcək “Əsrin
müqaviləsi”nə həsr edilmiş növbəti buraxılış haqda məlumat
çatdırılıb. Bu il “Caspian Energy International Media Group” üçün
xüsusi önəm daşıyan tarixdir. “Caspian Energy” brendinin 25-ci
ildönümüdür. Məhz 25 il öncə 1999-cu ildə “Caspian Energy”
jurnalının ilk buraxılışı işıq üzü görüb. İldönümümüz ərəfəsində
Prezident İlham Əliyevə “Caspian Energy” jurnalının yeni nüsxəsini
təqdim etmək bizim üçün çox önəmlidir. Ümidvarıq ki, juranlda dərc
edilmiş məqalə və müsahibələr Prezidentin diqqətini cəlb edərək
marağına səbəb olacaq”, – deyə “Caspian Energy Club”ın sədri və
qrupun baş icraçı direktoru Telman Əliyev vurğulayıb.
O həmçinin əlavə edib ki, “Caspian Energy” jurnalının 120-ci
buraxılışında OPEC-in Baş katibi Haysam Əl-Qaysın, İrlandiyanın
ətraf mühit, iqlim, rabitə və nəqliyyat naziri İmon Rayanın,
Avstriyanın iqlim fəaliyyəti, ətraf mühit, enerji, mobillik,
innovasiya və texnologiyalar üzrə federal naziri Leonora
Gevesslerin, Latviyanın iqlim və enerji naziri Kaspars Melnisin
müsahibələri və İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının məqaləsi dərc
olunub.
“Caspian Energy” jurnalı dünyanın 70 ölkəsində oxunur. Jurnalın
hər nömrəsində MDB və Aİ ölkələrinin prezidentləri və baş
nazirləri, habelə iri transmilli şirkətlərin başçıları ilə
müsahibələri, aparıcı ekspertlərin şərhləri və analitik
materialları dərc olunur.
Müxtəlif hesablamalara görə, “Caspian Energy” jurnalı Xəzər-Qara
dəniz və Baltik regionlarının beş aparıcı nəşri sırasındadır.
Jurnal həmin regionlarda öz fəaliyyətini müəyyənləşdirmək istəyən
bir çox sərmayədarlar üçün oriyentirdir.





























