
Bakı. Trend:
Rusiya mediası Prezident İlham Əliyevin iyunun 4-də Bakı Enerji
Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian
Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji –
“Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışını geniş
işıqlandırıb.
Trend xəbər verir ki, Rusiya mediasının materiallarında
Azərbaycanın dövlət başçısının qaz ixracının coğrafiyasının
genişləndirilməsi ilə bağlı bəyanatına xüsusi diqqət yetirilib.
Azərbaycan lideri vurğulayıb ki, bu gün bizim təbii qazı alan
səkkiz ölkədən altısı Avropa ölkəsidir. “Hazırda öz enerji
təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı
olan daha bir neçə ölkə ilə danışıqların aktiv fazası gedir”, –
TASS Agentliyi Prezident İlham Əliyevin çıxışından sitat
gətirib.
“PRIME” İqtisadi İnformasiya agentliyi dövlət başçısının bu il
Azərbaycandan qaz ixracının həcminin 24 milyard kubmetrdən çox
olacağı barədə dediklərinə istinad edib.
“Neft i kapital” nəşri yazıb ki, Azərbaycan 5 ildən sonra bərpa
olunan enerji gücünün 2 qiqavatını təqdim edəcək. Nəşrin Azərbaycan
Prezidentinin çıxışına həsr olunmuş materialında, həmçinin
bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur regionları böyük
hidroenergetika potensialına malikdir.
“Vestnik Kavkaza” agentliyi Azərbaycan Prezidentinin çıxışından
çıxarışlar dərc edərək Azərbaycanın son 30 ildə imzaladığı bütün
razılaşmaların tam şəkildə yerinə yetirildiyini xüsusi vurğulayıb.
Bunun sayəsində respublika yaşıl enerji və bərpa olunan resursların
istehsalını inkişaf etdirməyə müvəffəq olub. “Şahdəniz” layihəsi
Azərbaycanda qaz qıtlığına son qoydu”, – agentlik əlavə edib.





























