
Bakı. Trend:
Rusiyadan hələ də asılı vəziyyətdə olan Ermənistan indi Qərb
üçün Cənubi Qafqazda az qala “yeganə ümid yeri”dir. Gürcüstanla
yanaşı, Azərbaycan da ABŞ və Avropa İttifaqının “etibarsız” hesab
etdiyi ölkələr sırasına daxil edilib.
Daha da önəmlisi: ABŞ və Avropa İttifaqı bütün bravur
bəyanatlara rəğmən, Cənubi Qafqazda gərginliyin yaranmasında
maraqlıdır.
Ermənistanın baş naziri Nikol Paşinyan Qərbə meylli siyasət
yürütdüyünü deyir, bu barədə fasiləsiz bəyanatlar verir və həftədə
ən azı iki dəfə Rusiyaya ünvanlanmış aqressiv mesajlarla çıxış
edir.
Fransa prezidenti Emmanuel Makronun “tam və total
dəstəklədiyi”ni dediyi, ABŞ və Avropa İttifaqının isə Cənubi
Qafqazda az qala “ən etibarlı və dayanıqlı müttəfiq” elan etməyə
hazırlaşdıqları Ermənistanın xarici siyasəti isə hələ də normal
təsir bağışlamır.
Həmin siyasət batin və zahirdən ibarətdir. Zahirən rəsmi
İrəvanın diplomatiyası regional əməkdaşlığa, Qərbə meyilli siyasi
kursun diqtə etdiyi addımların reallaşdırılmasına, xarici siyasətin
diversifikasiyasına, ABŞ və Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığın
maksimum genişləndirilməsinə, əsas əsası isə Rusiyadan asılılıqdan
qurtulmağa yönəlib. Nikol Paşinyanın və onun komandasındakı
nazirlərin, siyasətçilərin, deputatların və hətta mass-media
mənsublarının izharlarına nəzər salsaq, Ermənistanın məqsədi Aİ və
NATO-ya üzv olmaq, Cənubi Qafqazda Qərbin plasdarmına və “Avropa
dəyərləri”nin bərqərar olacağı forposta çevrilməkdir.
Reallıq isə, yumşaq desək, bir qədər fərqlidir. Ermənistan
hazırda təbii qaza olan tələbatının 85 faizini Rusiyadan ucuz
qiymətə aldığı “mavi yanacaq” hesabına təmin edir. Ermənistanın
elektroenerji tələbatının 34 faizini təmin edən Metsamor AES-in
bütün yanacağını verən də Rusiyadır, Ermənistanın xarici
ticarətinin 70%-i də Rusiya ilə bağlıdır və s.
Belədə Ermənistanın yaxın perspektivdə MDB ölkələrinin Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) , Avrasiya İqtisadi
Birliyini və Avrasiya Gömrük İttifaqını tərk etməsi ağlabatan
ehtimal təsiri bağışlamır.
Ukraynada hərbi əməliyyatlara başlayandan sonra Qərbin çoxsaylı
və genişmiqyaslı sanksiyaları ilə üzləşmiş Rusiyanın paralel idxal
üçün aktiv yararlandığı ölkələr arasında Ermənistan xüsusi yer
tutur.
Məsələn, Ermənistan avtomobil istehsalçısı olmasa da, bu kiçik
ölkənin Rusiyaya avtomobil ixracı sürətlə artıb. Avtomobillər ən
bariz nümunə olsa da, Ermənistandan Rusiyaya digər məhsulların
ixracı da çoxalıb. Bu, iki ölkə arasında ticarət dövriyyəsinin
təxminən iki dəfə artmasına gətirib çıxarıb. Avtomobillər əsasən
ABŞ-dan Gürcüstanın Qara dəniz limanı olan Poti vasitəsilə tədarük
olunur. Onların bir çoxu daha sonra gömrük rəsmiləşdirilməsi üçün
Ermənistana göndərilir, çünki Rusiya ilə rüsumsuz rejimə malikdir.
Daha sonra nəqliyyat vasitələri Gümrü şəhərindən Gürcüstana,
buradan isə Rusiyaya tədarük edilir.
Son üç ilin göstəricilərinə nəzər salsaq görərik ki, 2021-ci
illə müqayisədə 2023-cü ildə Ermənistanın xarici ticarət dövriyyəsi
2,5 dəfə, idxal 2,3 dəfə, ixrac isə 2,8 dəfə artıb. Bu artımı
diqqətlə araşdırdıqda ikinci təsir, yəni süni təsirlərin əlamətini
görmək olar. Ermənistanın xarici ticarətinin ölkələr baxımından
strukturuna baxdıqda isə görərik ki, Rusiya ilə ticarət əlaqələri
2022-ci ildə 2 dəfə artıqdan sonra 2023-cü ildə Rusiya ilə
ticarətdə 43 %-lik artım qeydə alınıb. 2023-cü ildə də əvvəlki ildə
olduğu kimi Ermənistanın ticarət dövriyyəsinin üçdə birindən çoxu,
yəni 35 %-i məhz Rusiyanın payına düşüb. Ermənistanın digər ticarət
tərəfdaşları olan Avropa İttifaqı (Aİ), Çin və İranın isə ticarət
dövriyyəsində payı azalıb. Belə ki, 2023-cü ildə xarici ticarətdə
Aİ-nin payı 13 %, Çinin payı 10 %, İranın payı isə 3,3 %
səviyyəsində olub.
2023-cü ildə Ermənistanın ən çox ixrac etdiyi məhsul qrupuna
qiymətli və yarı qiymətli daşlar, qiymətli metallar və onlardan
düzəldilən məhsullar aid olub. Bu dövrdə qeyd edilən məhsulların
ixracı 3,211 milyard ABŞ dollarına çatıb və əvvəlki ilin eyni dövrü
ilə müqayisədə 3,2 dəfədən daha çox olub. Maraqlıdır ki, beynəlxalq
aləmdə Rusiyaya ixracda üçüncü rolu həvəslə oynayan Ermənistana
kəskin iradlar olsa da, təkcə ötən ilin dördüncü rübündə Ermənistan
xaricə 2,107 milyard ABŞ dollarlı dəyərində analoji məhsul satıb və
bu, cəmi ixracın 66 %-ni təşkil edib. Bununla da Ermənistan
beynəlxalq təzyiqlərə əhəmiyyət vermədiyini göstərir.
Rəsmi statistikaya görə, Ermənistanın ixrac əməliyyatları
2023-cü ildə 2022-ci illə müqayisədə 72, 8 faiz artaraq 5, 1
milyard dollara çatıb. Ümumi həcmin təxminən 43 faizi Rusiyanın
payına düşür ki, bu da Ermənistandan Rusiyaya ixracatın həcminin
təqribən 3 dəfə artdığına dəlalət edir.
Ermənistanın xarici ticarət tərəfdaşları arasında ilk üç yeri
Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Çin tuturlar. Özü də
Ermənistandan Rusiyaya ixracat BƏƏ və Çinə ixracatın toplam
həcmindən 2, 7 dəfə artıqdır.
Belə də ABŞ və Avropa İttifaqının Ermənistanı qətiyyətlə və
inadla dəstəkləmələri məntiqlə əlaqəli prosesi təsiri bağışlamır.
1990-cı ildə Azərbaycan ərazilərinin işğalına başlayan,
torpaqlarımızın 20 faizini ələ keçirərək istismar edən və viran
qoyan Ermənistan on minlərlə azərbaycanlının xüsusi amansızlıqla
qətlində, dəhşətli işgəncələrə məruz qalmasında bilavasitə
suçludur.
2020-ci ilin sentyabrın 27-də Ermənistanın işğalını təsdiqləyən,
Azərbaycanın ərazi bütünlüyünü, sərhəd toxunulmazlığını və
suverenliyini dəstəklədiklərini az qala permanent qaydada bəyan
edən dövlətlərlə beynəlxalq təşkilatlar indi az qala diametral əks
mövqe tutublar.
44 günlük İkinci Qarabağ Savaşı bitən kimi Azərbaycanı hədəfə
alan kollektiv Qərb Ermənistanı az qala postsovet məkanının ən
demokratik, tolerant, inkişafa meyilli və transparent cəmiyyətə
malik ölkəsi kimi təqdim etməyə başladı.
Qərb mediasında yer alan xəbərlərlə şərhlərə baxanda belə rəy
yarana bilər ki, qəddar, aqressiv, insan haqlarını və beynəlxalq
hüququ heçə sayan Azərbaycan sən demə, Ermənistanı işğal etmək,
ermənilərin torpaqlarını ələ keçirmək niyyətindədir. 30 il ərzində
Qarabağdakı xuntanı separatçılar, beynəlxalq hüququn prinsiplərini
pozanlar adlandıran; qarabağlı ermənilərin “dövlət strukturları”nı
və onların keçirdikləri müxtəlif “seçkilər”i tanımadıqlarını deyən
kollektiv Qərbin indi Cənubi Qafqazdakı strategiyası
«maraqlı»dır.
Elə həmin qarabağlı erməniləri Azərbaycanı könüllü tərk edərək
Ermənistana yollandıqları üçün zərərdidə və hüquqları pozulan
adlandıran Qərb dövlətləri, siyasətçiləri və təşkilatları qayıdışın
təminatını istəyirlər.
Azərbaycan qarabağlı ermənilərin qayıdışına etiraz etmir –
buyursunlar, gəlsinlər. Amma bir kiçik şərtlə – qayıtmaq niyyətində
olan qarabağlı ermənilər beynəlxalq hüququn norma və prinsiplərinə
uyğun olaraq Azərbaycan vətəndaşlığını qəbul etməlidir.
Əks təqdirdə ölkəmiz Qarabağda vətəndaşlığı olmayan və ya başqa
ölkənin vətəndaşlığını daşıyan minlərlə insanın kompakt yaşayaraq
belə hüquqi absurdu gerçəkləşdirmələrinə imkan verməyəcək.
Qarabağlı ermənilərsə Azərbaycan vətəndaşlığını qəbul etmir,
Xankəndindəki separatçı-terrorçu xuntanı bərpa etmək arzularını
dilə gətirirlər.
Bütün bunlarla yanaşı, Azərbaycan 32 il Ermənistanın vəhşicəsinə
pozduğu dövlət sərhədini perimetri boyunca bərpa edir, hətta rəsmi
İrəvanın özü belə, bu pozuntuları və ərazi qəsbini qismən də olsa,
etiraf edir – Qərbin bir para siyasətçiləri və ekspertləri isə
Azərbaycanı az qala Cənubi Qafqazda təhlükə mənbəyi sayırlar.
Nə baş verir, Qərbin mövqelərindəki diametral dəyişikliyin
səbəbi nədir?
Suallar yalnız ilk baxışdan ritorik və ya mürəkkəb təsir
bağışlaya bilər.
Əslində kollektiv Qərbin bölgəmizlə bağlı geosiyasəti bəsit
oxunandır. Qərbə bölgəmizdə sülh, stabillik, regional
kommunikasiyaların bərpası, bölgənin üç dövlət arasında normal
münasibətlər gərək deyil. Gürcüstanda “Xarici təsiri şəffaflığı
haqqında” qanunun qəbulundan sonra rəsmi Tbilisiyə ABŞ və Avropa
İttifaqının münasibətinin kökündən dəyişməsi artıq faktdır. Səbəb
məlumdur: Qərbin maliyyələşdirdiyi QHT-lərin fəaliyyətinin maliyyə
yönlərini dövlət nəzarətinə almaq və çox böyük məbləğdə pulları
vergilərə cəlb etmək istəyən Gürcüstan hakimiyyəti Qərbin
ssenarilərini poza bilər. Çünki məhz qanundankənar maliyyələşən
QHT-lər postsovet məkanında iqtidarlara təzyiq göstərmək, Qərbin
maraqları tələb edəndə hakimiyyət dəyişikliyini reallaşdırmaq üçün
az qala ideal mexanizmlər sayılır.
Qərbi narahat edən digər məqam isə Gürcüstanın da Azərbaycan
təki separatçı rejimlərin nəzarətindəki ərazilərini azad etməyə
başlaması, Cənubi Osetiya və Abxaziya ilə bağlı problemi həll
etməyə can atmasıdır.
Gürcüstandakı hakimiyyətin 1938-ci ildə ABŞ-da qəbul edilmiş
qanunun dəfələrlə yumşaq variantını ölkədə reallaşdırmağa
çalışmasını az qala diktaturaya meyl kimi qələmə verən Qərbə
deyəsən, gürcülərin ərazi bütünlüyü, suverenliyi və sərhəd
toxunulmazlığı da gərək deyil.
Aydındır ki, Abxaziya və Cənubi Osetiya problematikası Qərb üçün
Gürcüstanı daim asılı, zəif, üzüyola dövlət funksionallığında
saxlamaq üçün vasitə qismində qəbul edilir.
Qərbi təlaşa salan üçüncü məqam budur ki, Azərbaycan kimi,
Gürcüstan da Rusiya ilə normal, adekvat və məntiqli əlaqələr
quraraq aşkar təsir-təzyiq mexanizmlərini işə salmağa çalışan
subregional qüvvələrin cəhdlərinin qarşısını ala bilər.
Əsas məqam Azərbaycan və Gürcüstan ərazisindən keçən
marşrutlara, tranzit-loqistika xətlərinə geosiyasi nəzarətdir.
Qərb məhz bu məqsədlə Ermənistana dəstək verir, İrəvandan Bakıya
və Tbilisiyə qarşı istifadə etməyə çalışır.
Məqsəd sülh, inkişaf, əməkdaşlıq, stabillik yox – Cənubi Qafqaza
yerləşmək, təsir mexanizmlərinə yiyələnməkdir.





























