
Bakı. Trend:
Dünyanın diqqəti yenidən Azərbaycana yönəlib. İyunun 4-də öz
işinə başlayan və üç gün davam edəcək Bakı Enerji Həftəsi üç
mötəbər tədbiri özündə birləşdirir: 29-cu Beynəlxalq Xəzər Neft və
Qaz sərgisi, 12-ci Xəzər beynəlxalq Energetika və Yaşıl Enerji
Sərgisi və 29-cu Bakı Enerji forumu. İyunun 4-də keçirilən 29-cu
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ötənilki tədbirdən keçən
müddət ərzində Azərbaycanın enerji sektorunda qazandığı uğurların
təqdimatı oldu. Bu mühüm məqamı da nəzərə alsaq ki, builki Bakı
Enerji Həftəsi Azərbaycanın bugünkü iqtisadi uğurlarının əsası olan
“Əsrin müqaviləsi”nini imzalanmasının 30 illiyi ərəfəsinə təsadüf
edir bu halda ölkəmizin ötən illər ərzində hansı nailiyyətlərə imza
atdığını, ümumilikdə keçdiyi yolun təqdimatı bir zərurət kimi
qarşımızda dayanır. Dövlət başçısı İlham Əliyev sözügedən
tədbirdəki çıxışında diqqəti ilk Xəzər Neft və Qaz sərgisinin
keçirildiyi vaxta yönəldərək bildirdi ki, otuz il bundan əvvəl
Azərbaycan başqa bir ölkə idi. Ölkəmiz müstəqillik yolunda ilk
addımlarını atırdı. Bu, çətinliklər, çağırışlar və faciəvi
hadisələrlə dolu olan bir dövr idi. 1993-cü il dönüş nöqtəsi oldu.
Ulu Öndər Heydər Əliyevin həmin ilin iyun ayında xalqın təkidli
tələbi ilə hakimiyyət qayıdışından sonra ölkənin tarixində yeni
səhifə açıldı. Ümummilli Liderin hakimiyyətə qayıdışı Azərbaycanın
bugünkü uğurlarının başlanğıcı oldu. Sonrakı uğurlarımızın təməl
daşı olan 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin
imzalanması Azərbaycanın qarşısında geniş imkanlar açdı.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar
Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə diqqəti Böyük Britaniyanın “ICA Group”
şirkətinin İdarə Heyətinin məsləhətçisi Stiven Murtayın ilk Xəzər
Neft və Qaz Sərgisinin keçirildiyi vaxtı xarakterizə etməsinə
yönəldib. Britaniyalı mütəxəssis bildirib ki, otuz il öncə Bakı
Enerji Həftəsi Xəzər Neft və Qaz Sərgisi kimi işə başladı və müasir
müstəqil Azərbaycanın enerji sektoruna səyahətinin ilk günləri kimi
xatirələrdə qaldı. Bu il 30 illiyi qeyd olunan məşhur “Əsrin
müqaviləsi”nin imzalanmasından bir qədər əvvəl buna ilkin olaraq
təşəbbüs göstərildi. O vaxtdan indiyədək həmin beynəlxalq tədbir
dünyanın hər bir guşəsindən enerji ekspertləri üçün əsas toplantı
mərkəzinə çevrilib, geniş silsilə mövzuları və yenilikləri əks
etdirməklə əhatə dairəsini daha da genişləndirib.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Bakı Enerji
Həftəsində 37 ölkədən 300-dək şirkətin iştirakı bu mötəbər
beynəlxalq tədbirin aktuallığını təsdiqləməklə yanaşı, Azərbaycanın
möhkəmlənən mövqeyinin göstəricisidir. Bu ölkələr arasında İsveç,
Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir tədbirə
qatılırlar. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15
faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların
əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq
göstərən iştirakçılardır. Sərgi sahəsinin 40 faizi isə tanınmış
şirkətlərə, bu mühüm tədbirin daimi iştirakçılarına məxsusdur.
Azərbaycanın iqtisadi imkanlarının təqdimatına, investorların
ölkəmizə gəlişinə yol açan sərgi bu gün Bakı Enerji Həftəsi adı ilə
özündə mühüm tədbirləri ehtiva edir. Ən əsası hazırkı dövrün əsas
çağırışı olan bərpaolunan enerji mənbələrinə investisiyaların
yatırılması məsələsinin Bakı Enerji Həftəsində müzakirə olunan
mövzular sırasına daxil edilməsi Azərbaycanın digər sahələrdə
olduğu kimi, enerji sektorunda da dövrün çağırışlarını yüksək
səviyyədə cavablandırdığını nümayiş etdirir. ABŞ Dövlət
Departamentinin Enerji Ehtiyatları Bürosunun çoxtərəfli enerji
diplomatiyası üzrə baş müşaviri Harri Kemianın Azərbaycanı regionda
və Avropada enerji təhlükəsizliyinin irəlilədilməsində etibarlı
tərəfdaş adlandırması bunu bir daha sübut edir. Amerikalı diplomat,
həmçinin belə bir əminlik ifadə edib ki, COP29-a ev sahibliyi edən
ölkə olaraq Azərbaycan etibarlı enerji təchizatçısı kimi iqlim
hədəflərinə nail olunması və qlobal enerjiyə keçidin
sürətləndirilməsi üçün öz mövqeyindən istifadə edə bilər.
Vüqar Rəhimzadə Azərbaycanın bərpaolunan enerji potensialından,
yeni əməkdaşlıq imkanlarının yaradılmasından geniş bəhs edərək
diqqəti 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində
Prezident İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ)
sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin
iştirakı ilə Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və
Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulmasına
yönəldib. Dövlət başçısı İlham Əliyev məhz bu təməlqoyma mərasimini
önə çəkərək bildirdi ki, bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il
bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin
imzalanması ilə yadda qalmayacaq. Bu gün, həmçinin qardaş BƏƏ-dən
olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək
enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin
keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun
beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji
resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı
yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də
tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyinin anonsunu
verir.
YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın möhkəm təmələ
əsaslanan enerji siyasətinin bundan sonra da ölkəmizə davamlı
uğurlar qazandıracağını, əməkdaşlığın coğrafiyasının daha da
genişləndirilməsinə yol açacağını bildirib. Bakı Enerji Həftəsi
çərçivəsində keçirilən tədbirlər zamanı bir sıra ikitərəfli işgüzar
görüşlər də baş tutdu, sənədlər imzalandı. Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyənin BOTAŞ şirkəti arasında
təbii qaz təchizatı, nəqli və tranziti sahəsində bir sıra
müqavilələr imzalandı. İmzalanan müqavilələr iki ölkə hökumətləri
arasında bu ilin mayın 14-də imzalanmış “Təbii qaz sahəsində
Əməkdaşlıq haqqında” Sazişdən irəli gəlməklə, SOCAR tərəfindən
Türkiyəyə təbii qaz təchizatı, Azərbaycan qazının Türkiyə
vasitəsilə Bolqarıstan bazarına çatdırılması, Naxçıvana qaz
təchizatı sahəsində əməkdaşlıq və Türkmən qazının Azərbaycan və
üçüncü ölkələr vasitəsilə Türkiyəyə nəqli ilə bağlı müddəaları
əhatə edir. SOCAR ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”
şirkəti arasında üç bərpaolunan enerji layihəsi üzrə imzalanan
Səhmdarlar Sazişləri Azərbaycanın 2030-cu ilə qədər elektrik
enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə
çatdırılması hədəfinə nail olmasında önəmli rol oynayacaq. Dünyada
tanınmış və regionun ən böyük neft şirkətlərindən olan SOCAR
sərgidə geniş təmsil olunur.
Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, “Əsrin müqaviləsi”nin
imzalanmasından ötən 30 ilə yaxın dövrdə Azərbaycan regional
inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin
təminatçısı kimi nüfuz qazanıb. “Əsrin müqaviləsi”nin 23 illiyində
“Yeni əsrin müqaviləsi” imzalandı. 2014-cü ildə çoxtərəfli
əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizinin təməli qoyuldu və
dörd ildən sonra, 2018-ci ildə rəsmi açılışı oldu. Bu layihənin
əsas tərkib hissəsi olan TANAP və TAP istifadəyə verildi. Bütün
bunlar bir daha onu təsdiqləyir ki, Azərbaycan qarşıya hansı hədəfi
qoyursa, ona zamanında nail olur. Hazırkı dövrdə əsas çağırışlardan
biri məhz TAP-ın və TANAP-ın tərkibinin genişləndirilməsidir.
Dövlət başçısı İlham Əliyev uğurlarımıza söykənərək böyük əminliklə
qeyd etdi ki, bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il
ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub.
Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun
şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar
onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, bu gün
bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın
şahidiyik.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, hər zaman yeni
ideyalar, yeni təmaslar, yeni müqavilələr ilə nəticələnən Bakı
Enerji Həftəsində bu il də mühüm nəticələr əldə ediləcək. Builki
Bakı Enerji Həftəsi, eyni zamanda, daha bir əhəmiyyətli hadisəyə
təsadüf edir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29
kimi mötəbər tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi
ölkəmizin dünyada beynəlxalq və genişmiqyaslı təbirlərin uğurlu
təşkilatçısı statusunu bir daha təsdiqləyir.





























