
Bakı. Trend:
İyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl
Nəhyana zəng edib.
Trend xəbər verir ki, dövlətimizin başçısı iyunun 4-də Birləşmiş
Ərəb Əmirliklərinin “Masdar” şirkətinin iştirakı ilə Neftçala,
Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək
Elektrik Stansiyasının təməlinin qoyulmasının əhəmiyyətinə
toxunaraq, bu sahədə ölkələrimiz arasında mövcud əməkdaşlıqdan
məmnunluğunu bildirib.
Telefon danışığı zamanı Azərbaycan ilə Birləşmiş Ərəb
Əmirlikləri arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq
münasibətlərinin bütün sahələrdə dinamik inkişaf etdiyi
vurğulanıb.
COP28-in sədri olaraq Birləşmiş Ərəb Əmirlikləri və COP29-un
sədri olaraq Azərbaycan arasında həyata keçirilən əməkdaşlıq və
təcrübə mübadiləsindən məmnunluq ifadə olunub. Prezident İlham
Əliyev Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı COP29 Zirvə toplantısında
iştirak etmək üçün Azərbaycana dəvət edib.
Dövlətimizin başçısı ölkəmizin üzləşdiyi mina probleminin aradan
qaldırılması istiqamətində verdiyi maliyyə töhfəsinə və
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionunda humanitar əsaslı
tikinti layihələrinə töhfə vermək niyyətinə görə Birləşmiş Ərəb
Əmirliklərinə minnətdarlığını bildirib.
Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ölkələrimiz arasında
münasibətlərin dostluq, qardaşlıq və strateji tərəfdaşlıq xarakteri
daşıdığını bir daha vurğulayıb.
Telefon danışığı əsnasında dövlət başçıları əlaqələrimizin
inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.





























