
Bakı. Trend:
Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Araz
Novruzov 31 ünvanı üzrə ərazi partiya təşkilatında növbəti görüş
keçirilib.
Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar
Rəhimzadə ölkədə gedən bütün proseslərin mərkəzində dayanan Yeni
Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan ətraflı söhbət açıb.
Bildirib ki, Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan
Partiyasının öz rolu, payı vardır. 32 ilə yaxın inkişaf yolu keçən
YAP dövrün, zamanın sınaqlarından şərəflə çıxaraq biri-birindən
möhtəşəm uğurlara imza atır. Buna əsas verən partiyanın yarandığı
gündən tutduğu yola sadiqliyi, sözü ilə əməlinin birliyidir. Müasir
müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin
yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası son 20 ildən artıq
dövrdə YAP-ın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha
da inkişaf edir, qəbul etdiyi qərarlar, irəli sürdüyu təşəbbüslərlə
Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın rifah halının
yaxşılaşdırılmasına öz töhfələrini verir. 2021-ci ildə tarixi
Zəfərimizin reallıqları fonunda VII qurultayını keçirən Yeni
Azərbaycan Partiyasının həmin ilin sonunda “Biz birlikdə güclüyük!”
devizi altında təsdiqlənən yeni Proqramında qarşıdakı dövrün əsas
hədəfləri öz əksini tapıb. Hazırda günümüzün əsas çağırışı işğaldan
azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin
aparılması, soydaşlarımızın Böyük Qayıdışının tam tərkibdə başa
çatdırılmasıdır ki, bu mühüm müddəa partiyanın yeni Proqramında
xüsusi qeyd edilib.
Vüqar Rəhimzadə vurğulayıb ki, Ümummilli Liderin partiyanın
yarandığı gündən gələcəyinə böyük inam bəsləyərək irəli sürdüyü
“YAP dünənin, bu günün və gələcyin partiyasıdır” tezisi bütün
dövrlər üçün aktuallığını qoruyur, YAP-ın keçdiyi inkişaf yoluna
bələdçilik edir. Ulu Öndər Heydər Əliyev, eyni zamanda, bu çağırışı
etmişdir ki, YAP-a xidmət etmək dövlətə, xalqa xidmət etmək
deməkdir.
YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın hazırda yeni
dövrə qədəm qoyduğunu və bu dövrün başlanğıcının məhz bu ilin
fevral ayında keçirilən növbədənkənar prezident seçkiləri olduğunu
önə çəkib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının Prezidentliyə
namizədi cənab İlham Əliyevin inamlı qələbəsi Azərbaycanın,
partiyanın həyatında yeni dövrün əsası kimi dəyərləndirilir.
Dövlətimizin başçısı andiçmə mərasimində bu əminliyi ifadə etdi ki,
biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq,
Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq,
Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Yeni dövr
uğurla başlayır. Uğurla da davam edəcək.
“Təbii ki, hər yeni dövrün öz hədəfləri vardır” söyləyən Vüqar
Rəhimzadə qeyd edib ki, bu gün Azərbaycan ən islahatçı ölkə kimi
dünyanın diqətindədir. Dövrün tələblərinə uyğun olaraq həyata
keçirilən islahatlar prosesi ölkəmizin daha da qüdrətlənməsinə
xidmət edir. Yeni Azərbaycan Partiyası bu islahatlar prosesinə daim
öz töhfəsini verməyə səy göstərir.
YAP Xətai rayon təşkilatının sədri partiya sıralarının
genişlənməsindən, yeni üzvlərin qəbul olunmasından geniş bəhs edib.
Bildirib ki, bu, Heydər Əliyev ideyalarına sadiqliyin, Prezident
İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəyin aydın ifadəsidir.
Heydər Əliyev ideyaları Azərbaycanın dünəninin, bugününün və
sabahının əsasıdır. Bu ideyalar daim Azərbaycanı zirvələrə doğru
aparır.
Tədbirdə çıxış edən YAP üzvləri Ulduzxan Abdullayev və Aytən
Əliyeva qalib ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol
oynayan Yeni Azərbaycan Partiyasının uğurlarından, yeni-yeni
hədəflərə doğru inamla addımlamasından bəhs ediblər. Diqqətə
çatdırıblar ki, yarandığı gündən ümumxalq partiyası kimi nüfuz
qazanan YAP-a milyonların sevgisi şəksizdir.
Sonda YAP sıralarına yeni qəbul olunanlara partiyanın üzvlük
vəsiqəsi təqdim edilib.





























