Advertisement

TÜRK PA-nın beynəlxalq əlaqələrinin genişlənməsi təqdirəlayiqdir – Spiker

Bakı. Trend:

Bu gün beynəlxalq miqyasda parlament diplomatiyasının böyük rolu
var. Bu mənada TÜRK PA xüsusi əhəmiyyət daşıyır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə
Qafarova TÜRK PA-nın Bakıda keçirilən 13-cü Plenar iclasında çıxışı
zaman deyib.

O qeyd edib ki, TÜRK PA yalnız qanunvericilik çərçivəsində
fəaliyyət göstərmir, eyni zamanda, beynəlxalq aləmdə mövqeyimizin
nümayş etdirilməsi və qorunması baxımından vacibdir.

“Bir sıra beynəlxalq təşkilatlarda qərəzli yanaşmalar fonunda bu
məsələ daha da aktual əhəmiyyət kəsb edir. Sevindirici haldır ki,
təşkilat dövrün tələbinə uyğun olaraq öz fəaliyyətini
zənginləşdirir. TÜRK PA-nın beynəlxalq əlaqələrinin genişlənməsi də
təqdirəlayiqdir”, – deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda Türk Dövlətləri Parlament Assambleyasının
(TÜRKPA) 13-cü iclası keçirilir. İclasda Milli Məclisin sədri
Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan
Kurtulmuş, Qazaxıstan Respublikasının Parlamenti Məclisinin sədri
Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin sədri
Nurlanbek Şakiyev, Özbəkistan Respublikası Ali Məclisi Senatının
sədri Tənzilə Narbayeva, Şimali Kipr Türk Respublikası (ŞKTR)
Məclisinin sədri Zorlu Töre, Macarıstan Milli Assemblyası sədrinin
müavini Marta Matrai, müşahidəçi təşkilatların, türk əməkdaşlıq
təşkilatlarının nümayəndələri iştirak edir.