
Bakı. Trend:
Bildiyiniz kimi, mənim təşəbbüsümlə bir aydan sonra Şuşada Türk
Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək.
Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev
TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət
Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin
sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri
Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə
Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu
Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta
Matraini qəbul edərkən deyib.
“Mən hesab etdim ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi
kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac
var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin
gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Çox şadam və
həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və
düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü
keçiriləcək. O görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı
olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin
qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx
bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və
yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada
Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət
göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin
potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə
bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi
aparmalıyıq”, – dövlət başçısı əlavə edib.





























