
Bakı. Trend:
Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə İsveçrə
Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kassis
arasında telefon danışığı aparılıb.
XİN-dən Trend-ə bildirilib ki, telefon danışığı zamanı iki ölkə
arasında əməkdaşlıq məsələləri, Avropada geosiyasi vəziyyət və
İsveçrə tərəfindən göstərilən səylər, eləcə də BMT-nin İqlim
Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyasına (COP29) Azərbaycanın prezidentliyi çərçivəsində
görülən işlər müzakirə edilib.
Telefon danışığında həmçinin qarşılıqlı maraq kəsb edən regional
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





























