
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da
Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş
katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri
Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan
Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi,
Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali
Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan
Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul etdi.
Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev Türk dünyasının
birliyinin gücləndirilməsi istiqamətində fikirlər səsləndirdi.
Görüş zamanı Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin
prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının
gücləndirilməsinin əsas istiqamətlərdən biri olduğunu bildirdi.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
A.Qarayev bildirib ki, Prezident İlham Əliyev çıxışında Türk
dünyasının birləşməsi istiqamətində Azərbaycan tərəfindən görülən
işlərdən bəhs edib.
“Türk Dövlətləri Təşkilatı çərçivəsində aparılan işlər
birliyimizi daha da gücləndirir. Azərbaycan Türk dünyasının bir
hissəsi olaraq bu ailənin birliyini gücləndirmək üçün əhəmiyyətli
addımlar atır. Türk dövlətləri arasında əlaqələrin
möhkəmləndirilməsi və əməkdaşlığın artırılması istiqamətində atılan
addımlar ümumi məqsədlərə çatmaq üçün mühüm rol oynayır.
Bir aydan sonra Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının
qeyri-rəsmi Zirvə görüşü birliyin inkişaf etdirilməsi üçün
zəruridir, lakin digər tərəfdən ildə bir dəfə Zirvə görüşünün
keçirilməsi kifayət etmir və davamlı təmaslara ehtiyac var. Zirvə
görüşündə əsas müzakirə mövzusu nəqliyyat və iqlim məsələləri
olacaq, çünki əlaqələrinin qurulması və genişləndirilməsi Türk
dünyasının birləşməsi üçün vacib amillərdəndir və Orta Dəhlizin
fəaliyyətə başlaması bu istiqamətdə atılan mühüm
addımlardandır”.
Politoloq vurğulayıb ki, Prezident İlham Əliyev azad edilmiş
torpaqlarda aparılan yenidənqurma və bərpa işlərində də Türk
dövlətlərinin xüsusi önəmindən bəhs edib. Bu ərazilərdə həyata
keçirilən nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlərin
fəal iştirakı qeyd olunub.
“Ümumilikdə Prezident İlham Əliyevin TÜRKPA-dan olan qonaqlarla
görüşü Türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində
atılan mühüm addımları əks etdirir. Onun çıxışında vurğulanan
fikirlər və həyata keçirilən tədbirlər Azərbaycanın milli
maraqlarının müdafiəsi və Türk dövlətləri arasındakı əlaqələrin
möhkəmləndirilməsi istiqamətində mühüm rol oynayır. Bu siyasət,
Azərbaycanın müstəqilliyini və milli şüurunu gücləndirməklə yanaşı,
Türk dünyasının birliyinə də töhfə verir”.





























