
Bakı. Trend:
İyunun 6-da Milli Məclisdə TÜRKPA-ya üzv ölkələrin parlament
sədrlərinin iştirakı ilə TÜRKPA-nın 13-cü plenar iclasının
yekunlarına dair brifinq keçirilib.
Trend xəbər verir ki, brifinqdə Milli Məclisin sədri, TÜRKPA-nın
fəaliyyətdə olan sədri Sahibə Qafarova çıxış edib.
Türk Dövlətləri Parlament Assambleyası 13-cü plenar iclasını
uğurla başa vurduğunu deyən Sahibə Qafarova Türkiyə Böyük Millət
Məclisinin sədri Numan Kurtulmuşa TÜRKPA-ya sədrliyi dövründə
səmərəli fəaliyyətə, türk dünyasında parlamentlərarası əməkdaşlığın
inkişafına verdiyi dəyərli töhfələrə görə təşəkkürünü bildirib.
Bu gündən Azərbaycan Respublikasının Milli Məclisinin TÜRKPA-ya
sədrliyi təhvil aldığını deyən spiker Sahibə Qafarova vurğulayıb
ki, təşkilata sədrliyimiz dövründə əməkdaşlığımızın inkişafı naminə
var-gücümüzlə çalışacağıq.
Çıxışında Sahibə Qafarova bütün nümayəndə heyətlərinə iclasda
fəal iştiraklarına görə minnətdarlıq ifadə edib. TÜRKPA-nın
parlamentlərimizin qarşılıqlı faydalı əməkdaşlığının səmərəli
platformasına çevrildiyini deyən spiker təşkilatın fəaliyyətinin
daha da gücləndirilməsi, yeni məzmunla zənginləşdirilməsi üçün
birgə səylərin bundan sonra da davam etdirilməsində hamının
həmfikir olduğuna əminliyini ifadə edib.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Parlament
Assambleyasının Şura və plenar iclaslarında gündəlikdə duran bütün
məsələlər nəzərdən keçirilib, TÜRKPA-nın ötən dövrdəki fəaliyyəti
dəyərləndirilib, gələcəkdə atılacaq addımlarla bağlı bir sıra
qərarlar qəbul edilib.
Spiker Sahibə Qafarova deyib ki, Assambleyanın 13-cü plenar
iclası “Türk dünyası üçün yaşıl üfüqlər: Yaşıl gündəliyin həyata
keçirilməsində parlamentlərin rolu” mövzusuna həsr edilib. İclas
çərçivəsində müasir dövrün aktual problemi olan iqlim dəyişmələrinə
qarşı mübarizədə parlamentlərimizin ata biləcəyi addımlar müzakirə
olunub. Eyni zamanda bildirilib ki, iclas çərçivəsində yaşıl enerji
sahəsində ölkələrimizin irəli sürdüyü təşəbbüslər və əməkdaşlıq
imkanlarına dair fikir mübadiləsi aparılıb.
Cari ilin noyabrında Azərbaycanın evsahibliyi edəcəyi COP29-un
və bu çərçivədə Azərbaycan Respublikası Milli Məclisinin və
Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçiriləcək
Parlament Toplantısının həmrəyliyimizin və birgə səylərimizin
təşviqi baxımından mühüm platformalar rolunu oynayacağı qeyd
olunub.
TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova qeyd edib ki,
plenar iclasın yekununda qəbul edilmiş Bakı Bəyannaməsində bir çox
mühüm mövzulara toxunulub. Bu Bəyannamə ölkələrimizi maraqlandıran
məsələlərə dair ortaq mövqeyimizin, qardaş ölkə parlamentlərimizin
qarşılıqlı etimad və dəstəyinin təzahürüdür.
Brifinqdə çıxış edən Qazaxıstan Respublikası Parlament
Məclisinin sədri Yerlan Koşanov, Qırğız Respublikası Joqorku
Keneşinin sədri Nurlanbek Şakiyev, Türkiyə Böyük Millət Məclisinin
sədri Numan Kurtulmuş, Şimali Kipr Türk Respublikası Məclisinin
sədri Zorlu Töre, Macarıstan Milli Assambleyası sədrinin müavini
Marta Matrai və Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə
Narbayeva tədbirin təşkilinə və göstərilən yüksək qonaqpərvərliyə
görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürlərini
bildiriblər, Azərbaycan tərəfinə sədrlik dövründə uğurlar
arzulayıblar.
TÜRKPA-nın 13-cü plenar iclasının yekunları barədə danışan
çıxışçılar, iclas çərçivəsində aparılmış fikir mübadiləsinin, qəbul
edilmiş mühüm qərarların təşkilatın gələcək fəaliyyətinin daha da
gücləndirilməsinə mühüm töhfə verəcəyinə inamlarını ifadə ediblər,
üzv ölkələr arasında əməkdaşlığın və birgə fəaliyyətin
möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.





























