Advertisement

Prezident İlham Əliyev: Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda, Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil

Bakı. Trend:

Mən Qazaxıstan tərəfinin Azərbaycan ilə Ermənistan arasında
danışıqlara imkan yaratmaq təşəbbüsünə görə minnətdarlığımı
bildirirəm. Biz bunu dərhal böyük minnətdarlıqla qarşıladıq.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev TÜRKPA-ya üzv
ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə deyib.

“Bildiyiniz kimi, danışıqlar prosesi müəyyən nəticələrlə davam
edir. Demək olmaz ki, biz bütün məsələlərdə razılığa gəldik. Amma
yəqin ki, belə qısa müddətdə bunu gözləmək çətin olardı. Çünki 28
ildir ki, ATƏT-in Minsk qrupu bir santimetr belə irəli getməyib, 28
il ərzində bir məsələ də razılaşdırılmayıb. Ona görə də indi, il
yarımdan sonra bütün məsələlərin razılaşdırılacağını gözləmək,
təbii ki, bir qədər sadəlövhlük olardı. Ancaq vacibdir ki, proses
olsun, onun dinamikası olsun və bir çox məsələlər razılaşdırılsın.
Amma yenə də deməliyəm ki, bizim mövqeyimiz beynəlxalq hüquq
normalarına əsaslanır.

Bizim heç vaxt heç bir ölkəyə, o cümlədən Ermənistana qarşı
ərazi iddiamız olmayıb və yoxdur. Onların bizə qarşı ərazi
iddiaları var idi. Məhz onların konstitusiyasına sonradan daxil
olan müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları
var. Məhz onların ideologiyasında, siyasətində və ictimai
diskursunda Türkiyəyə qarşı ərazi iddiaları davamlı olaraq
eşidilir.

Azərbaycanlılar və türklər məhz onların cəmiyyətində kiçik
yaşlarından düşmən obrazında təqdim edilirlər. Millətçilər və hərbi
cinayətkarlar tərəfindən zəhərlənən onların cəmiyyətidir. Ona görə
də onlar bu məsələlərlə məşğul olmalıdırlar. Təbii ki, Ermənistanın
hazırkı konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla
Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün
deyil. Biz bu sualı qaldıranda mən dedim və yenə də demək
istəyirəm, ona görə yox ki, biz onların daxili işlərinə qarışırıq,
qətiyyən yox, amma bu, bizə aiddir.

Onların bizə qarşı ərazi iddiaları olduğu bir vaxtda biz
Ermənistanla sülh sazişi bağlaya bilmərik. Həm də, bilirsiniz, daha
sonra deməliyəm ki, sırf praktiki baxımdan, hətta xəritəyə baxın,
Ermənistan orada hansı yeri tutur, Türkiyə hansı yeri tutur. Sadəcə
olaraq, iki ölkənin hərbi potensialını, demoqrafik potensialını,
iqtisadi potensialını müqayisə edib sonra Türkiyəyə qarşı ərazi
iddiası irəli sürmək intihar etmək deməkdir. Yaxud, 2020-ci və
2023-cü illərin hadisələrindən sonra Azərbaycana qarşı ərazi
iddiaları irəli sürmək də, ümumiyyətlə, intihara yaxındır. Ona görə
də onlar öz ideologiyalarını, cəmiyyətdəki əhvali-ruhiyyəni
dəyişməlidirlər. Bu, zaman tələb edir.

Onlar revanşizm ideyalarından tamamilə imtina etməlidirlər və
biz görürük ki, belə ideyalar təkcə müxalifətdə deyil, iqtidarda da
var. Bütün bu məsələlər, təbii ki, aydınlaşdırılmalı və
tənzimlənməlidir. Ancaq yenə də demək istəyirəm ki, biz sülh
sazişinin bütün bəndlərinin BMT Nizamnaməsinə və beynəlxalq hüquqa
uyğun olaraq razılaşdırılması istiqamətində konstruktiv işə
sadiqik”, – Prezident İlham Əliyev qeyd edib.