Advertisement

Prezident İlham Əliyev: Avropa İttifaqına üzv olan ən azı üç ölkə bu gün Azərbaycana qarşı soyuq müharibə elan edib

Bakı. Trend:

Düzdür, bizim Avropa İttifaqı ilə münasibətlərimiz müsbət
xarakterizə oluna bilər. Ancaq İkinci Qarabağ müharibəsindən və
xüsusilə keçən ilin antiterror əməliyyatından sonra bəzi Avropa
ölkələri bizə qarşı əsassız və vicdansız hücumlara başlayıb.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev
TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə
deyib.

“Azərbaycanı ləkələmək, bizim işimizə kölgə salmaq, ağa qara,
qaraya ağ demək, işğalçını dəstəkləmək, işğala məruz qalanları isə
ləkələmək Avropa İttifaqının bəzi üzv ölkələri üçün həyat tərzinə
çevrilib. Bunun təməlində heç də beynəlxalq hüququn normaları
deyil, şəxsi xəstə ambisiyalar dayanır. Əfsuslar olsun ki, Avropada
xüsusi yerə malik olmaq üçün can atan bəzi ölkələr anti-Azərbaycan
qruplaşmanı da yarada bilmişlər. Avropa İttifaqına üzv olan ən azı
üç ölkə bu gün Azərbaycana qarşı soyuq müharibə elan edib. Onların
adları bəllidir. Macarıstan burada təkcə öz dostunu müdafiə etmir,
haqqı, ədaləti müdafiə edir.

Mən Avropadan gələn qonaqlara dəfələrlə demişəm ki, Azərbaycan
öz ərazi bütövlüyünü bərpa edib, o ərazi bütövlüyünü ki, siz də onu
tanımısınız, bütün dünya da tanıyıb. O ərazi bütövlüyünü ki, BMT
Təhlükəsizlik Şurası işğala son qoyulması üçün 4 qətnamə qəbul
edib. Ancaq BMT bir şey edə bilmədi, Avropa İttifaqı bir şey etmək
istəmədi, ATƏT və onun Minsk qrupu faktiki olaraq işğalçı
Ermənistanın əlində bir anti-Azərbaycan alətə çevrilmişdi. Biz 28
il gözlədik.

Biz sülh yolu ilə bunu həll etmək istədik. Amma biz gördük ki,
bizə qarşı çıxanlar bu işğalı əbədi etmək istəyirlər. Onlar
Ermənistandan Cənubi Qafqazda bir alət kimi istifadə etmək
istəyirdilər ki, Ermənistan bütün qonşularına qarşı hücumlara
keçsin. Biz haqqı bərpa etdik, öz ərazi bütövlüyümüzü müdafiə
etdik, suverenliyimizi bərpa etdik. Yəni Macarıstan buna görə bizi
müdafiə edir. Azərbaycan olmasın, istənilən başqa ölkə olsun, əgər
o, haqq yolundadırsa, əminəm ki, bugünkü Macarıstan Hökuməti onun
yanında olacaq”, – dövlətimizin başçısı bildirib.