
Bakı. Trend:
Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın
xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Bu xüsusda
TÜRKPA-nın iyunun 6-da Bakıda keçirilən on üçüncü plenar iclası bu
əlaqələrin inkişafına yeni bir təkan verəcək.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
O bildirib ki, Azərbaycanın türk dövlətləri ilə əməkdaşlıq
əlaqələrinin dinamikası artan xətt üzrə inkişaf edir.
“Azərbaycan və türk dövlətləri arasında dərin tarixi əlaqələr
mövcuddur. Xalqlarımızın ortaq mədəni kökləri, çoxəsrlik qardaşlıq
münasibətləri bugünkü dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini
təşkil edir. Son 30 ildə Azərbaycan türk dövlətləri ilə həm
ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə əməkdaşlıq edir,
münasibətlər yüksələn xətt üzrə inkişaf edir”, – deyə deputat
bildirib.
O qeyd edib ki, 44 günlük Vətən müharibəsində tarixi zəfərdən
sonra regionda yeni reallıq yaranıb.
“Yeni reallıqda Azərbaycanın türk dövlətləri ilə əməkdaşlığı
üçün yeni imkanlar yaranıb. Belə ki, Azərbaycan türk dövlətləri ilə
həm energetika, sənaye-metallurgiya, nəqliyyat-logistika və digər
sahələrdə sıx əməkdaşlıq edir və iri layihələr həyata keçirilir.
İşğaldan azad edilmiş ərazilərin qeyd olunan sahələrdə böyük
potensial var ki, bu da Azərbaycanla türk dövlətləri arasında yeni
layihələrin reallaşmasına zəmin yaradır. Eyni zamanda azad edilmiş
torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq
bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bunlar
Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin
təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə
Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonundakı bir məntəqədə isə
Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək”, – deyə
deputat qeyd edib.
A.Həsənova vurğulayıb ki, Prezident İlham Əliyevin son illər
ərzində türk dövlətlərinə ardıcıl səfərləri və həmin dövlətlərin
başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə
əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter
almasını şərtləndirir.
“Məlumdur ki, Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada
Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək.
Hesab edirəm ki, bu görüşün keçirilməsi qardaş ölkələr arasında
əlaqələrin inkişafına mühüm töhfə verəcək. Eyni zamanda qeyri-rəsmi
Zirvə görüşünün Şuşada keçirilməsi rəmzi xarakter daşıyır və
qardaşlığın daha bir təzahürüdür”, – deyə deputat əlavə edib.





























