
Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Türk Dövlətləri Parlament
Assambleyasının (TÜRKPA) 13-cü Plenar iclasında iştirak etmək
məqsədilə ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyəti
Məclisinin sədri Zorlu Töre ilə görüşüb.
Azərbaycan parlamentinin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən T:rend-ə bildirilib ki, görüşdə plenar iclasın yüksək
səviyyədə təşkil olmasından məmnunluq ifadə edilib.
Qeyd olunub ki, TÜRKPA qanunvericilik orqanlarımız arasında
əməkdaşlığın daha da genişləndirilməsi və yeni istiqamətlər üzrə
zənginləşdirilməsi baxımından əhəmiyyətli platformadır. Sahibə
Qafarova Azərbaycanın bu təşkilata sədrlik edəcəyi qarşıdakı dövrdə
parlamentlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi
istiqamətində bütün zəruri addımların atılacağını söyləyib.
Söhbət zamanı Prezident İlham Əliyevin iyunun 6-da TÜRKPA-nın
nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi çox mühüm fikirlərə
diqqət çəkilərək, Azərbaycanın dövlət başçısının rəhbərliyi ilə
Türk dünyasının gücləndirilməsi, ikitərəfli və çoxtərəfli
əməkdaşlıq əlaqələrinin daha da inkişafı istiqamətində gördüyü
işlərin önəmi qeyd edilib.
Görüşdə 2023-cü ilin oktyabrında Bakıda “Şimali Kipr Türk
Cümhuriyyəti Mədəniyyət və Təqdimat Günləri”nin keçirilməsi, bu
çərçivədə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın
Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü məmnunluqla
xatırlanıb.
Söhbət zamanı qanunverici orqanlar arasında əlaqələrlə bağlı
fikir mübadiləsi aparılıb. Zorlu Töre bu ilin aprelində Milli
Məclisdə Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun yaradılmasına görə təşəkkürünü ifadə
edərək, deyib ki, Azərbaycanın bu addımı Şimali Kiprdə yüksək
minnətdarlıqla qarşılanıb.
Görüşdə, həmçinin dostluq qrupları və deputatlar arasında
təmasların artırılması, qarşılıqlı səfərlərin həyata keçirilməsi
ilə bağlı fikir mübadiləsi aparılıb.





























