Bakı. Trend:
Böyük coğrafi məkanı əhatə edən enerji sisteminin ən mühüm
hadisəsi olan Bakı Enerji Həftəsi iştirakçıların say tərkibi, eyni
zamanda, həftə çərçivəsində keçirilən tədbirlər, səsləndirilən
fikirlər baxımından diqqəti xüsusilə cəlb edir. Prezident İlham
Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışında
səsləndirdiyi hər bir çağırış gələcəklə bağlı yol xəritəsidir. Belə
ki, “Əsrin müqaviləsi”nin imzalandığı vaxtdan bu günədək
Azərbaycanın keçdiyi inkişaf yolunu geniş təhlil edən cənab İlham
Əliyev diqqəti ilk Xəzər Neft və Qaz Sərgisinin keçirildiyi dövrün
reallıqlarına yönəldərək bildirdi ki, o zaman Azərbaycan çox riskli
ölkə hesab olunurdu. Söhbət təkcə Birinci Qarabağ müharibəsi və
Ermənistanın ərazilərimizi işğalından yox, həm də daxili
münaqişələrdən gedir. 1993-cü ilin vətəndaş müharibəsi, əslində,
ölkəni uçuruma aparırdı: “Buraya iqtisadi çətinlikləri, min faiz
səviyyəsində olan inflyasiyanı, sənayemizin durğunluğunu və enerji
resurslarının qıtlığını əlavə edə bilərik. Bizdə elektrik enerjisi
və təbii qaz qıtlığı var idi – bir neçə onilliklər ərzində enerji
resurslarına görə məşhur olan bir ölkədə. Çar Rusiyası və Sovetlər
İttifaqı dönəmində Azərbaycan bu sahədə təkcə regional yox, qlobal
miqyasda lider idi. Lakin müstəqillik böyük bir enerji böhranı ilə
müşayiət olundu.”
Dönüş nöqtəsi
1993-cü il dönüş nöqtəsi oldu. Ümummilli Lider Heydər Əliyevin
xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra
Azərbaycanın həyatında yeni bir mərhələ başladı. Sabitliyin, normal
iqtisadi mühitin yaradılması Azərbaycana investisiya axınını
sürətləndirdi. Ümummilli Lider Heydər Əliyev xarici investorlara
belə bir çağırışı etdi ki, yatıracaqları investisiyaların
təhlükəsizliyinə tam əmin ola bilərlər. Halbuki müstəqilliyimizin
ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla
iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin
tərəddüdlərinə səbəb olmuşdu. Bu səbəbdən də onlar Ulu Öndər Heydər
Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdana qədər
Azərbaycanda yatıracaqları investisiyaların təhlükəsizliyinə tam
əmin deyildilər. Ulu Öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü
siyasəti nəticəsində Azərbaycanın beynəlxalq münasibətlər
sistemində yerini və rolunu möhkəmləndirdi, bugününə və sabahına
inamı artırdı. “Əsrin müqaviləsi” bu inamın, etibarın təqdimatı
oldu.
Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin
təminatında artan rolu məmnunluq doğurur
Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəni
təmin etmək üçün gündəmə gətirdiyi hər bir layihə beynəlxalq
səviyyədə təqdir edilir, regionun, dünyanın enerji
təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır. Ümumilikdə
Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi
qəbul olunması ilk növbədə etibarlı tərəfdaş kimi qazandığı
hörmətin, ölkəmizə olan inamın nəticəsidir. Hazırda nəinki ölkə,
hətta dünya mətbuatında geniş müzakirə olunan COP29 konfransının bu
il Azərbaycanda keçirilməsi ilə bağlı qərar ölkəmizin beynəlxalq
nüfuzunun göstəricisidir. Bakı Enerji Həftəsinin açılış
mərasimindəki çıxışlarda da bu məqam xüsusi qeyd edildi. Böyük
Britaniyanın “ICA Group” şirkətinin İdarə Heyətinin məsləhətçisi
Stiven Murtay bildirdi ki, Azərbaycanın COP29-a ev sahibliyi edən
ölkə kimi seçilməsi bizi çox məmnun edib. Bu, ölkənin mütərəqqi
siyasətinin və qlobal miqyasda artan nüfuzunun bir daha
göstəricisidir. Bu seçim iqlim dəyişikliyi üzrə məsələlərin həlli,
eləcə də dayanıqlılıqla bağlı təşəbbüslərdə ön sırada olmağın bizim
üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha ortaya qoyur.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar
bu əminliyi ifadə etdi ki, Azərbaycan qarşıdan gələn COP29
konfransına ev sahibliyini yüksək səviyyədə həyata keçirəcək, iqlim
dəyişikliyi ilə bağlı məqsədə çatmaqda böyük uğurlar əldə edəcək.
Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar
naziri Sultan Əhməd Əl-Cabir vurğuladı ki, həqiqətən də bu gün bu
qədər sayda yaxın dostların, tərəfdaşların yanında – Bakıda olmaq
bizim üçün böyük məmnuniyyətdir. Bu, olduqca çox mühüm toplantıdır.
Biz burada xeyli sayda yaxın dostlarla, tərəfdaşlarla əhatə
olunmuşuq.
Regional çərçivədən başlayan və zaman keçdikcə
coğrafiyasını genişləndirən əməkdaşlıq
Göründüyü kimi, söylənilən hər bir fikir Azərbaycan haqqında
beynəlxalq rəyin yüksək səviyyədə olduğunu təsdiqləyir. Təbii ki,
bu etibar, inam dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi,
onilliklər ərzində yaradılıb. Bunun bariz nümunəsi kimi
əməkdaşlığın regional çərçivədən başlanılması və zaman keçdikcə
coğrafiyasının genişləndirilməsidir. Azərbaycan atdığı hər bir
addımı ilə etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir.
Bakı Enerji Həftəsi çərçivəsində alternativ enerji ilə bağlı
imzalanan müqavilələr “yaşıl enerji” strateji hədəfinin reallaşması
istiqamətində mühüm addımlar olmaqla yanaşı, Azərbaycan qlobal güc
olaraq nüfuzunun göstəricisidir.
Səlim Rəhimzadə,
“Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin İctimaiyyətlə əlaqələr
şöbəsinin rəisi





























