Advertisement

QAİ dünya ictimaiyyətini Ermənistana təzyiq göstərməyə çağırır

Bakı. Trend:

Son günlər Ermənistan hökuməti və parlament rəhbərliyi
Azərbaycana qarşı konstitusion səviyyədə ərazi iddiasını aradan
qaldırmaqdan imtina edən və sülh prosesini pozmağa yönələn
bəyanatlar verir.

Trend-in məlumatına görə, bu barədə Qərbi Azərbaycan İcmasının
bəyanatənda deyilir.

Qeyd edilir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan
ölkəsinin həm beynəlxalq hüququn tələbi olaraq, həm də sülh
prosesinin məntiqindən irəli gələrək atmalı olduğu addımları rədd
etmiş və “etnik təmizləmə”, “soyqırımı” kimi qəbulolunmaz
ifadələrlə Azərbaycanı ittiham etməyə cəhd edib.

Alen Simonyan destruktiv iddialar irəli sürmək əvəzinə
Ermənistandan azərbaycanlıların zorla qovulması, deportasiyası
zamanı Qarakilsə, Basarkeçər, Qafan və digər yerlərdə
azərbaycanlılara qarşı törədilmiş insanlıq əleyhinə cinayətlərə
görə ölkəsinin məsuliyyətini etiraf etməli, qovulmuş
azərbaycanlıların ləyaqətli və təhlükəsiz şəkildə qayıdışının təmin
edilməsi daxil olmaqla onların hüquqlarının bərpa edilməsi üçün
çalışmalıdır.

Qərbi Azərbaycan İcması Ermənistan hakimiyyətinin qarşıdurma
yolunu seçərək, regionda sülh perspektivlərini qeyri-müəyyən
məcraya sürükləməsini pisləyir və dünya ictimaiyyətini Ermənistanın
konstruktiv xətt tutması üçün bu ölkəyə təzyiq göstərməyə
çağırır.