Advertisement

Bakı və Tbilisiyə qarşı İrəvan kartı: məqsəd nədir?

Bakı. Trend:

Postsovet məkanı ölkələrinin istisnasız olaraq
hamısına təsir imkanlarına və təzyiq vasitələrinə yiyələnməyə
çalışan Qərb artıq əvvəlki geosiyasi ssenarilərdən istifadə
etmir.

Son illərdə az qala ideallaşdırılan “Qərb strategiyası” dəyişib.
Hətat zəifləmə və geriləmə də müşahidə olunur.

Qərb 1990-cı illərin əvvəllərindəki liberal cəmiyyətlər toplusu
deyil: həmin cəmiyyətlər və ölkələr inkişaflarının postliberal
dövrünə qədəm qoyublar.

İndiki Qərbin sosial konstruksiyalarında, cəmiyyətlərdəki
yazılmamış qanunlarda və davranış modellərində bir çox elementlər
başqa dövlətlərlə cəmiyyətlərə tamamilə yaddır.

İctimai quruluşun ideoloji elementlər məcmusunu inkişaf kimi
qələmə verən Qərb əsas diqqəti resurs bazalarına, faydalı qazıntı
və enerjidaşıyıcalır ehtiyatlarına, ucuz işçi qüvvəsinə yiyələnməyi
başlıca hədəf sayır.

Bu səbəbdən də ispan konkistası, “Ost-İndiya” və “Vest-İndiya”,
müstəmləkə dönəmləri və dəniz marşrutları ilə dənizötəsi ərazilər
uğrunda müharibələrdən bəri çox az məqam dəyişib.

“Soyuq savaş” bitəndən sonra qlobal miqyasda bərqərar olmuş
geostrateji və geosiyasi mexanizmlərin dağıldığı, yeni
konstruksiyaların və əlaqələrinsə çətinliklə qurulmağa başlandığı
dövrdə Qərblə Şərq, “qızıl milyard”la “qlobal Cənub” arasında
qarşıdurma daha da sərtləşir.

Azərbaycan bu iki nəhəng düşərgənin toqquşduğu, üzləşdiyi
arealdadır.

Qərb üçün ölkəmiz Şərqin qarşısındakı ilk Avropa ölkəsi, Şərq
üçünsə Azərbaycan Qərbin sərhədindəki əsas forpostdur.

Belə şəraitdə nə etməliyik?

Amerikalı tarixçi Nil Ferqüsson 5 il əvvəl bəyan etmişdi ki,
Qərb artıq demokatiya şəraitində yaşamır: “Başda Birləşmiş Ştatlar
olaraq Qərbin inkişaf etmiqş bütün cəmiyyətlərini çoxluq yox,
emosiyalar idarə edir. Qərbin siyasi elitalarında inti emosiyalar
şüuru üstüləyib. Vəziyyət o həddə çatıb ki, siyasətçi nə qədər çox
emosionaldırsa, nə qədər tez qəzəblənirsə, cəmiyyətdə bir o qədər
üstün nüəfuza malikdir”.

Ferqüsson haqlıdır: son illərdə Qərb cəmiyyətlərində siyasi və
sosial qütbləşmə sürətlənib, xüsusilə də inkişaf etməkdə olan
dövlətlərlə bağlı davranış modellərində və siyasi strategiyalarda
soyuqqanlılıqla rasionallıq kölgədə qalıb.

Bu isə artıq demokratiya yox, emokratiyadır.

Emokratiya – yekun mövqenin mənbəyinin dəyərlərin toplam
müqdərixatının yox, bəlli emosiyanın olduğu demokratiya
illüziyasıdır.

Məhz emokratiya vasitəsilə kollektiv Qərb postsovet məkanı
ölkələrinin cəmiyyətlərinə təsir etməyə, hakimiyyətlərini kontrol
altına almağa çalışır.

ABŞ və Avropa İttifaqının aprelin 5-də Brüsseldə sammit
keçirərək Ermənistana bol vədlər verməsi, Avropa İttifaqının
Müşahidə-Monitorinq Missiyasının (EUMA) mənsublarının Ermənistanın
Azərbaycanla şərti dövlət sərhədi boyunca dolaşıb ərazilərimizə
binoklla boylanmaları; hətta erməni qriqorian kilsəsinin Tavuş
yeparxiyasının arxiyepiskopu Baqratın, yəni Vazgen Qalstanyanın
İrəvan küçələrini dolaşaraq mitinqlər keçirməsi və yolları
bağlamağa çalışması da emokratiyanın primitiv nümunələridir.

Fəqət bu, ilk baxışdan görünə bildiyi kimi adi siyasi populizm
elementi deyil.

Avstraliyalı siyasi analitik və nəzəriyyəçi Stiven Çavuranın
fikrincə, emokratiya son onilliklər ərzində Qərbin siyasi və
hakimiyyət elitalarında yaşanan “incə, amma hədən artıq dərin
dəyişiklikdir”.

Kollektiv Qərbin bölgəmizə, xüsusilə də Azərbaycana
münasibətində ifrat həddə çatdırılmış eqosenrtrizmlə narsissizmi
görmək olar.

Sadə dillə yazsaq, Qərb hesab edir ki, o, istədiyi zaman
istədiyini edə bilər, bütün dünya da ona borcludur.

Azərbaycana qarşı ən müxtəlif, absurd ittihamlar irəli sürən
siyasətçilər, dövlət mənsubları və beynəlxalq təşkilatların
bəyanatları “mütərrəqqi liberalizm” kimi təqdim edilsə də, əslində
“oyanmışlar”ın (“woke”) tamahı və qərəzidir.

Cənubi Qafqazda dayanıqlı sülhün və qalıcı stabilliyin bərqərar
olmasına, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin
imzalanmasına sözdə “dəstək” verib əməldə mane olan Qərbin və onun
dəstəkləyərək idarə etdiyi qüvvələrin məqsədi çoxdan məlumdur.

Qayə bəsitdir: problemlə bağlı patetik qayğının nümayişi pərdəsi
altında merkantil maraqların təminatına can atmaq.

İnsafən, Cənubi Qafqazda maraqları olan bütün regional və
subregional dövlətlər belə davranır. Yəni Rusiyanın və İranın
tətbiq etdiyi modellər Qərbin strategiyasından heç nə ilə
fərqlənmir. Amma Moskva və Tehran Qərbdən fərqli olaraq, bölgəmizdə
yeni qarşıdurma frontirləri və bölücü gizgilər yaratmır.

Cənubi Qafqazla bağlı strategiyasında aşkar manipulyativ
praktikalardan istifadə edən ABŞ, Fransa və Avrrpa İttifaqı bölgədə
daimi gərginlik yaratmağa can ataraq klassik «idarə olunan xaos»
nəzəriyyəsini realllaşdırmaq fikrindədir.

Qarabağ münaqişəsininr birdəfəlik çözülməsi və Xankəndindəki
separatçı rejimin tarixin zibilliyinə göndərilməsindən sonra
Azərbaycanla Ermənistan arasında aparılan birbaşa danışıqlar, iki
ölkə arasındakı şərti dövlət sərhədinin delimitasiyası və
demarkasiyası prosesinə başlanması, yekun sülh sazişi ilə bağlı
danışıqlar prosesi, ən nəhayət regional nəqliyyat marşrutları və
loqistik kommunikasiyaların bərpası ilə bağlı müzakirələr Qərbin
maraqları kontekstində «narahatlıq səbəbləri» sayılır.

Bölgə dövlətlərini fasiləsiz asılılıqda saxlamaq, cəmiyyətlərə
kənardan postlibertarian dəyərləri yeritmək, qeyri-hökumət
təşkilatları şəbəkəsi vasitəsilə hakimiyyəitlərə təsir etmək,
vədlər və ultimatumlar ilə kökə və dəyənək taktikasını yürütmək
bələd olduğumuz ssenarilərdir.

İndisə Vaşinqton, Paris və Brüssel triosunun davranışlarında
fərqlər hiss olunur. Özü də həmin fərqlər zaman keçdikcə daha da
güclənir.

Vaşinqton bölgədə geosiyasi inhisarçı olmağa can ataraq,
iqtisadi və sosial məsəllələr müstəvisində Brüsselin fəallığına
etiraz etmir.

Brüssel tam əksinə, məhz geosiyasi liderlik arzusunda olaraq
Vaşinqtonla Parisi üstələməyə can atır.

Azərbaycan və Gürcüstana təsir, imkan yarandığı təqdirdə isə
təzyiq göstərmək üçün Ermənistandan əlverişli, rahat vasitə
qismində istifadənin ehtiva olunduğu ssenarilər hələ ki, işlək
deyil,

Kollektiv Qərbi də bu narahat edir və emokratiyanın zəif
təsirlərinin artırılması yolları aranır.

Belə gedərsə, arayışlar intensiv olsa belə, nəticə
verməyəcək.