
Bakı. Trend:
Azərbaycan Prezidenti cənab İlham Əliyev iyunun 4-də başlayan
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər
Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq
Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin
açılışında iştirak edib. Bakı Enerji Həftəsi bir neçə ildir ki,
Azərbaycanın paytaxtı Bakı şəhərində uğurlu və nümunəvi bir modelə
çevrilmiş enerji məsələlərinin müzakirəsi və qarşıdakı illərdə
əməkdaşlığın yeni istiqamətlərini müəyyən edilməsini əlaqələndirən
platformaya çevrilib. Bakı Enerji Həftəsi çərçivəsində enerji
sektorundakı vacib məsələlər müzakirə edilir və enerji sənayesində
çalışan, sərmayələr xərcləyən böyük şirkətlərin nümayəndələri
əhəmiyyətli təkliflərlə çıxış edərək dünya miqyasında enerji
təhlükəsizliyinin daha da gücləndirilməsinə töhfə verməyə
çalışırlar. 37 ölkədən 300-dək şirkətin iştirak etdiyi Bakı Enerji
Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan
aparıcı insanları bir araya gətirir. Enerji Həftəsinin açılış
mərasimində cənab İlham Əliyevin iştirakı və çıxışı bütövlükdə
qlobal enerji ailəsinə hörmətin nümunəsi kimi qiymətləndirilir.
Azərbaycan bu mühüm və vacib platformanın müəllifidir.
Enerji Həftəsinin açılış mərasimində çıxışı zamanı cənab İlham
Əliyev bildirmişdir ki, “Xəzər Neft və Qaz Sərgisi otuz il bundan
əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji
sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm
rol oynamışdır. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə
çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini – neft,
qaz, kəşfiyyat və hasilat, emal və nəqliyyatı və əlbəttə ki, yaşıl
enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir.
Otuz il bundan əvvəl Azərbaycan, əlbəttə ki, başqa bir ölkə idi.
Biz müstəqillik yolunda ilk addımlarımızı atırdıq və bu,
çətinliklər, çağırışlar və faciəvi hadisələrlə dolu olan bir dövr
idi. Əfsuslar olsun ki, 1991-ci ilin oktyabrında müstəqilliyimizin
bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar
ki, iyirmi faizinin işğalı ilə müşayiət olundu”. Ölkə başçısı otuz
il bundan əvvəl ölkəmizin düşdüyü ağır vəziyyət, Ermənistanın
ölkəmizə təcavüzü, torpaqlarımızın iyirmi faizinin işğalı, vətəndaş
müharibəsi, Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında
Prezident seçilməsi ilə ölkənin tarixində yeni səhifə açılması,
irimiqyaslı iqtisadi islahatlar, demokratik Konstitusiyanın qəbul
edilməsi, senzuranın ləğvi və ölkə iqtisadiyyatımızın ən cəlbedici
sektoru olan enerji sektoruna investisiyaların cəlb edilməsi barədə
fikirlərini bölüşərək qonaqların diqqətinə çatdırdı.
Cənab İlham Əliyev çıxış edərək bildirmişdir ki, “Bu tədbir,
əslində, ölkənin potensialının ilk beynəlxalq təqdimatı idi. Artıq
qeyd edildiyi kimi, birinci Xəzər Neft və Qaz Sərgisinin
keçirilməsindən bir neçə ay sonra – 1994-cü il sentyabrın 20-də
“Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında
dönüş nöqtəsi oldu. Biz investorlarımızla çox məhsuldar
münasibətlər qura bildik. Məhz bunun nəticəsidir ki, BP şirkəti
otuz ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ən
azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq.
1994-cü ildə Birləşmiş Krallıqdan BP və ABŞ-dan “Amoco” beynəlxalq
neft şirkətləri konsorsiumuna rəhbərlik edirdilər və onlar bizə
etibar etdilər”. Qeyd etmək lazımdır ki, “Əsrin müqaviləsi”nin və
1994-cü ildə fəaliyyətə başlayan Xəzər Neft və Qaz Sərgisi
Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb
edilməsi istiqamətində mühüm rol oynayıb. “Əsrin müqaviləsi”nin
imzalanmasından 30 il müddət keçir. Yeni neft strategiyasının
ölkəmizin müstəqillik tarixində mühüm rolu var. Ölkəmizin iqtisadi
inkişaf təməllərini və formalaşan güclü maliyyənin əsasını məhz
neft gəlirləri təşkil edib. Neft gəlirləri ölkəmizin
sosial-iqtisadi inkişafına dərin zəmin yaratmaqla bərabər eyni
zamanda güclü ordu quruculuğunun təmin olunmasında da bir vasitə
olmuşdur və Azərbaycanın öz dövlət suverenliyini, ərazi bütövlüyünü
təmin etməsində də fundamental baza rolunu oynamışdır. Qlobal
enerji ailəsinin ortaq iqtisadi dialoquna çevrilən Bakı Enerji
Həftəsinin bu ilki fərqliliyi və yeni məzmun gətirən ən başlıca
istiqaməti isə bu dəfə “yaşıl enerji” blokunun xüsusi yer
almasıdır. Tədbirə qatılan şirkətlərin təxminən 15 faizi məhz həmin
sektorların təmsilçiləridir və onların əksəriyyəti Azərbaycanın
“yaşıl enerji” sahəsinə yüksək maraq göstərən xarici
iştirakçılardır. Azərbaycan yüksək səviyyədə məsuliyyət nümayiş
etdirərək beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında
körpülər qurmağa çalışan və bu kimi mühüm platformalara ev
sahibliyi edərək dünya miqyasında nüfuzunu ili-ildən artıran
ölkələr siyahısındadır. Ölkəmiz son illər yaşıl enerjiyə keçidlə
bağlı fəal işlər aparır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarının eyni zamanda Naxçıvanın “yaşıl enerji zonası” elan
edilməsi və bu istiqamətdə atılan addımlar beynəlxalq arenada və
inkişaf etmiş ölkələr ilə münasibətlərdə ölkəmizə əlavə müsbət
impuls, stimul qazandırır.
Milli Məclisin deputatı,
Rauf Əliyev





























