
Bakı. Trend:
Martın 18-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin
videokonfrans formatında iclası keçirilib.
Trend-in
məlumatına görə, iclasda çıxış edən YAP Sədrinin müavini-Mərkəzi
Aparatın rəhbəri Tahir Budaqov mühüm nailiyyətlərlə zəngin olan
2023-cü ilin Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldığını qeyd
edib. Ötən ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələri
tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində
ölkəmizin suverenliyi və konstitusiya quruluşunun tam bərpa
olunduğunu diqqətə çatdıran Tahir Budaqov bildirib ki, Prezident,
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev 44 günlük Vətən
müharibəsində əldə edilmiş böyük Zəfərdən sonra baş tutmuş YAP-ın
VII qurultayında Azərbaycanın inkişafında yeni tarixi mərhələnin
başlanmasının anonsunu vermiş və partiyanın qarşısında yeni dövrə
uyğun addımların atılması vəzifəsini qoymuşdu. Qurultayda YAP-ın
yeni Nizamnaməsinin qəbul olunduğunu, daha sonra isə partiyanın
yeni Proqramının hazırlanaraq İdarə Heyətinin qərarı ilə təsdiq
edildiyini xatırladan YAP Sədrinin müavini qurultaydan keçən müddət
ərzində partiyanın həyatında çox önəmli hadisələrin baş verdiyini
diqqətə çatdırıb. O, Yeni Azərbaycan Partiyasının təsis olunmasının
30 illiyi ilə bağlı 2022-ci ildə ölkə miqyasında və beynəlxalq
müstəvidə silsilə tədbirlərin reallaşdırıldığını, ötən il isə
xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin
banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin
anadan olmasının 100 illik yubileyi münasibətilə partiyanın
Tədbirlər Planının mütəşəkkil qaydada icra edildiyini xüsusilə
vurğulayıb.
2024-cü ilin ölkəmizin gələcəyi üçün mühüm ictimai-siyasi hadisə
– növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə
başladığını qeyd edən Tahir Budaqov cənab İlham Əliyevin xalqımızın
mütləq əksəriyyətinin dəstəyi ilə yenidən Azərbaycan
Respublikasının Prezidenti seçilməsinin dövlət başçısının ötən 20
il ərzində respublikamıza möhtəşəm uğurlar və qələbələr qazandıran
məqsədyönlü siyasətinin qanunauyğun nəticəsi olduğunu söyləyib. O,
ölkəmizin bundan sonra da Prezident, Yeni Azərbaycan Partiyasının
Sədri İlham Əliyevin rəhbərliyi ilə tarixi zəfərlərə imza atacağına
əminliyini ifadə edib.
Sonra iclasın gündəliyi barədə məlumat verilib. İclasın
müzakirəsinə Yeni Azərbaycan Partiyasının 2023-cü il üzrə maliyyə
hesabatının təsdiq edilməsi və cari məsələlər çıxarılıb.
Müzakirələr zamanı YAP İdarə Heyətinin üzvləri Hikmət Məmmədov,
Anar İsgəndərov və Elmar Qasımov, YAP Təftiş Komissiyasının sədri
Sevinc Hüseynova və Auditorlar Palatasının nümayəndəsi Elza
Süleymanova çıxış edərək maliyyə hesabatının şəffaf və mükəmməl
səviyyədə hazırlandığını vurğulayıblar. Sonra 2023-cü il üzrə
maliyyə hesabatı İdarə Heyətinin üzvləri tərəfindən təsdiq olunub.
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov
qanunvericiliyə uyğun olaraq maliyyə hesabatının auditor rəyi ilə
birlikdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim
ediləcəyini diqqətə çatdırıb.
Daha sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb.
Yekunda YAP Mərkəzi Aparatının rəhbəri iclas iştirakçılarını
qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, onlara
möhkəm cansağlığı və işlərində uğurlar arzulayıb.





























