Advertisement

Azərbaycanla Misirin əlaqələri yüksək səviyyədədir – ŞƏRH

Bakı. Trend:

Misir Afrikanın, Yaxın Şərqin və İslam dünyasının ən böyük və ən
önəmli ölkələrindən biridir. Bu baxımdan, Bakı ilə Qahirə arasında
əlaqələrin intensivləşməsi, qarşılıqlı münasibətlərin yeni bir
mərhələyə qədəm qoyması Aralıq dənizindən Qara dənizədək kifayət
qədər geniş bir ərazidə sabitliyin qorunmasına, sülhün,
təhlükəsizliyin təmin olunmasına xidmət edir.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli
deyib.

O bildirib ki, hazırda Yaxın Şərqdə və Afrikada cərəyan edən
prosesləri, Misirin son bir neçə il ərzində bölgədə dah aktiv bir
siyasi xətt yürütdüyünü və Misirdə “Afrikanın və ərəb ölkələrinin
taxıl bazası və ya habı”, eləcə də, ənənəvi nəqliyyat dəhlizləri
marşrutlarının diversifikasiyasını nəzərdə tutan çoxsaylı
layihələri nəzərə alsaq, Prezident İlham Əliyevin bu ölkəyə rəsmi
səfərinin tarixi və strateji əhəmiyyət daşıdığını vurğulamaq
mümkündür.

“Bu amilin özünü İlham Əliyev və Əbdülfəttah əs-Sisinin mətbuata
bəyanatlarında da büruzə verdi. Misir Prezidenti öz bəyanatında
qarşılıqlı əməkdaşlığın bir sıra mühüm istiqamətlərinə – inşaat,
nəqliyyat, əczaçılıq, neft və infrastruktur sahələrinə diqqət
çəkdi, həmçinin, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin
edilməsi istiqamətində səyləri dəstəklədiyini bildirdi. Əbdülfəttah
əs-Sisinin bu yanaşması, üçüncü tərəflərin ziddiyyətli və
manipulyativ informasiya təxribatlarına baxmayaraq, Azərbaycanla
Misirin Cənubi Qafqazın sülh gündəliyinə ortaq baxışın olduğunu bir
daha təsdiqlədi və həmçinin, sübuta yetirdi ki, Bakı və Qahirə
qarşılıqlı əməkdaşlığın ən yüksək səviyyəyə yüksəldilməsində
maraqlıdırlar.

Yaxın Şərqdəki proseslərə münasibətdə də hər iki ölkənin vahid
mövqe nümayiş etdirmələri, münaqişələrin həllində beynəlxalq
hüququn norma və prinsiplərinə, o cümlədən, BMT Baş Assambleyasının
qətnamələrinə istinad etmələri bu istiqamətdə də hər hansı bir
fikir ayrılığının olmadığını nümayiş etdirdi.

Prezident İlham Əliyev mətbuat üçün bəyanatında qeyd etdi ki,
iki ölkənin liderinin beynəlxalq məsələlərin müzakirəsi zamanı bir
daha bəlli olub ki, Azərbaycanla Misirin bütün beynəlxalq
məsələlərdə fikirləri üst-üstə düşür. Hazırda beynəlxalq gündəliyin
kifayət qədər ziddiyyətli və gərgin olduğunu, mövqelərin
haçalandığını və uzlaşdırılmasının mümkünsüz göründüyü bir zaman
kəsiyində, qənaətimə görə, bu, çox ciddi uğur hesab oluna
bilər”.

Şərhçi qeyd edib ki, Prezident İlham Əliyev Fələstin-İsrail
münasibətlərinin tənzimlənməsi, eləcə də, paytaxtı Şərqi Qüds
olmaqla müstəqil Fələstin Dövlətinin qurulması ilə bağlı ölkəmizin
beynəlxalq hüququn norma və prinsiplərinə söykənən mövqeyini bir
daha, həm də Qahirədə ifadə etməsi sübuta yetirdi ki, Azərbaycan
Fələstin xalqının taleyi üzərindən öz iddialarını təmin etməyə
çalışan bəzi dairələrdən fərqli olaraq, siyasi şouların deyil,
ciddi və nəticəyönümlü siyasi proseslərin iştirakçısı olmağa
üstünlük verir və ədalət prinsiplərini bütün digər amillərdən
yüksəkdə tutur.

“Düşünürəm ki, Azərbaycan Prezidentinin Misirə səfəri
çərçivəsində müzakirə predmeti olan və inkişaf perspektivi ifadə
olunan ən mühüm istiqamətlərdən biri də nəqliyyat dəhlizləri ilə
bağlıdır. Məlum olduğu kimi, həm Şərq-Qərb, həm də Şimal-Cənub
dəhlizləri ölkəmizin ərazisindən keçir və Azərbaycan ərazisində
sözügedən istiqamətlərdə yüklərin daşınması üçün bütün
infrastruktur yaradılıb.

Misir, Səudiyyə Ərəbistanı, İran, Birləşmiş Ərəb Əmirliyi və
Efiopiya ilə birlikdə bu ilin yanvarından BRİKS-in tamhüquqlu
üzvləri olduqdan sonra, nəqliyyat dəhlizlərinin yeni marşrutlarının
diversifikasiyası, bu məqsədlə infrastruktrun təkmilləşdirilməsi
istiqamətində bir sıra mühüm layihələr həyata keçirir. Bu məqsədlə
Misirin İordaniya və İraqla birlikdə Trans-Ərəb nəqliyyat
dəhlizinin yaradılması istiqamətində atdığı addımları xüsusilə qeyd
etmək lazımdır. Bu dəhlizin ərsəyə gəlməsi ilə Afrika və Ərəb
ölkələri daha intensiv və rentabelli yük daşımalarını həyata keçirə
və təbii ki, Azərbaycan ərazisindən keçən hər iki nəqliyyat
dəhlizinə çıxış əldə edə biləcəklər.

Bütün bunlar, Azərbaycanla Misir arasında əməkdaşlığın həm
yaxın, həm də uzaq perspektivlərinin olduğunu bir daha
təsdiqləyir”, – deyə siyasi şərhçi qeyd edib.

Siyasi şərhçi Ramil Hüseynov bildirib ki,
Azərbaycan və Misir arasındakı münasibətlər dostluq və əməkdaşlıq
əsasında inkişaf edir.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət, energetika,
turizm və digər sahələrdə əməkdaşlıq imkanları mövcuddur.

“Azərbaycan və Misir ənənələri, mədəniyyətləri və tarixi
bir-birinə bənzəyən iki ölkədir. Hər iki ölkədə də ədəbiyyat,
musiqi, və mədəniyyət sahələrindəki münasibətlər də qeyri-rəsmi və
rəsmi səviyyədə təşviq olunur. Azərbaycan və Misir arasındakı
diplomatik münasibətlər son dərəcə yaxşıdır. İki ölkə beynəlxalq
təşkilatlar və forumlar kimi beynəlxalq məsələlərdə də birgə
çalışırlar və bir-birinin maraqlarını dəstəkləyirlər.

Həm Azərbaycan, həm də Misir bölgədə strateji tərəfdaşlarını
genişləndirməyə maraq göstərir və bir-biri ilə əməkdaşlığı daha da
gücləndirməyə çalışırlar. Bu münasibətlər iki ölkənin beynəlxalq
arenada daha aktiv iştirakını təmin edir və regionlarda sülh və
istiqlalın qorunmasına yardım edir”, – deyə o qeyd edib.